Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:11

Milli opera 101 yaşını necə qarşılayır?


Sərdar Fərəcov və Gülyaz Məmmədova
Sərdar Fərəcov və Gülyaz Məmmədova
Dinlə

Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov «Leyli və Məcnun»un 101 yaşında «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olub. O, ilk Azərbaycan milli operasının yaranma tarixindən söz açıb. Deyib ki, ilk milli opera Azərbaycan mədəniyyəti tarixində ən parlaq səhifələrdən biridir. Bu, həm də Azərbaycanda milli musiqili teatrın yaranması ilə əlaqədardır:

«1883-cü ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev ilk teatr binasını tikdirdi. İndiki Musiqili Komediya Teatrı Bakının ilk böyük teatrlarından biridir. Belə görünür ki, 1883-cü ildə Bakıda teatra böyük bir ehtiyac vardı».

S.Fərəcov deyir ki, Üzeyir Hacıbəyov «Leyli və Məcnun»u yazmağa düz 10 il hazırlaşıb:

«Üzeyir bəy məqalələrində qeyd edir ki, 12-13 yaşı olanda Şuşada Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun iştirakı ilə «Məcnun Leylinin məzarı üstündə» musiqili tamaşasında kiçik bir rol canlandırıb. O vaxtdan bu səhnələr onun ürəyində qalıb. Düz 10 il Leyli və Məcnunun məhəbbətini xəyalında canlandırıb. Nəhayət, 22 yaşında «Leyli və Məcnun» operasını yazıb».

Əməkdar artist Gülyaz Məmmədova Leyli rolunun sonuncu ifaçısıdır. Yanvarın 10-da – «Leyli və Məcnun»un 101 yaşı ərəfəsində növbəti dəfə Leyli obrazında opera səhnəsinə çıxan sənətçinin tərəf-müqabili Səbuhi İbayev olub. Gülyaz xanım deyir ki, Leylinin partiyasını ifa edəndə, xəyalında keçmişə qayıdır:

«Hər dəfə Leylinin partiyasını oxuyuram və elə anlar yaşayıram ki, düşünürəm, ilahi, nə böyük adamdı bunu yazan! Ölüm səhnəsinə çatanda isə heç dözə bilmirəm, qəhər boğur məni».

Opera və Balet Teatrının Mətbuat Xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, artıq 101 ildir ki, «Leyli və Məcnun» fasiləsiz olaraq teatrın repertuarındadır:

«Baxmayaraq ki, bizim teatrın zəngin repertuarı var, ancaq ən populyar tamaşa yenə də «Leyli və Məcnun»dur. Hər teatr mövsümü təxminən 10 ay davam edir. Hər ay «Leyli və Məcnun»u bir, bəzən isə iki dəfə repertuara daxil edirik. Çünki bu tamaşaya tələbat var».

Şükufə xanım əlavə edir ki, hazırda Leylinin 5, Məcnunun isə 2 ifaçısı var. Bunlar xalq artistləri Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva, xalq artisti Mənsum İbrahimov və gənc ifaçı Səbuhi İbayevdir.
XS
SM
MD
LG