Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:02

Azərbaycanlılara Rusiya pasportları verilir


«Soydaşlarımız Azərbaycana qarşı təzyiq mexanizminə çevrilirlər»
«Soydaşlarımız Azərbaycana qarşı təzyiq mexanizminə çevrilirlər»
«Ayna» qəzeti:

Cənub bölgəsində doğulan və Rusiyaya işləməyə gedən azərbaycanlı gənclərə heç bir problem olmadan Rusiya vətəndaşlığı verilir və onlar Rusiya vətəndaşı olduqlarını təsdiq edən pasport daşıyırlar...

«Ayna»nın əməkdaşı həmin pasportları daşıyan şəxslərlə apardığı söhbət zamanı bir sıra məqamları aşkar edə bilib. Lakin respondentlərin heç biri adının çəkilməsini istəməyib.

Məsələn, Elşad (ad şərtidir) pasportunu Moskvada alıb. Bu zaman onun Azərbaycan vətəndaşı olub-olmadığı barədə Azərbaycanın hüquq-mühafizə orqanlarına heç bir müraciət edilməyib. Halbuki, Azərbaycanın ikili vətəndaşlıq barədə qanunu yoxdur.

Digər həmsöhbətim Vaqif isə bildirdi ki, o, Rusiya pasportunu müraciət etdikdən bir ay sonra ala bilib.

«Rusiya pasportlarının sahibləri Moskvada və digər iri şəhərlərə gedərkən yolda heç bir problemlə üzləşmirlər. Onlar milis tərəfindən mənasız sorğu-suala tutulmur və hərəkətlərinə süni maneələr yaradılmır», - deyə Vaqif qeyd edir…

Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıların sayı az deyil. Onlar bunun daha çox öz təhlükəsizlikləri ilə bağlı olduğunu desələr də, məsələ ciddidir.

Sayı həddən çox olan soydaşlarımız hiss edilmədən Rusiya siyasi dairələri üçün Azərbaycana qarşı təzyiq mexanizminə çevrilirlər…


«Bizim yol» qəzeti:

«Azadlıq» qəzetinin Gəncə bölgəsi üzrə müxbiri Ərşad İbrahimli şəhər prokurorluğuna çağırılıb.

Prokurorluqda jurnalisti Gəncə şəhər prokuroru Adil Vəliyev qəbul edib. Ə.İbrahimlinin verdiyi məlumata görə, A.Vəliyev «Azadlıq» qəzetində Gəncə ilə bağlı dərc olunan yazılardan narazılığını ifadə edib: «Mənə bildirdi ki, «Azadlıq» və digər müxalifət qəzetlərinə Gəncə ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar verirəm. Prokuror tələb etdi ki, bu işləri dayandırmasam, mənim üçün yaxşı olmayacaq. Hətta prokuror xarici radiostansiyaların bağlanmasını hakimiyyətin uğuru kimi vurğulayaraq, bunu dövlətin gücünün nəticəsi kimi dəyərləndirdi. Bildirdi ki, görürsənmi, xarici radioları necə bağladıq…»

Ə.İbrahimli «Azadlıq» qəzetində yerli hakimiyyəti tənqid edən yazılarla çıxış edir. O, dəfələrlə Gəncə hüquq-mühafizə orqanlarının təzyiqlərinə məruz qalıb.


«Azadlıq» qəzeti:

Hakimiyyət dünyada gedən maliyyə böhranının Azərbaycana heç bir təsiri olmayacağını iddia etsə də, vəziyyət bunun əksini göstərir. Artıq ölkədə fəaliyyət göstərən iri şirkətlər, zavodlar, banklar bir-birinin ardınca bağlanmaq təhlükəsi ilə üzləşiblər.

Bu yaxınlarda «Baku Steel Company» 1000, «Akkord» şirkəti isə 2500 nəfər işçisini ixtisara salıb. Banklarla vətəndaşlar arasında məhkəmə çəkişmələri getdikcə kütləvi hal alır. Bakıda tikinti bumu dayanıb, hökumət özü də iri layihələrə ara verib.

Dünən isə məlumat aldıq ki, Sumqayıtın ən iri zavodlarından «Azərboru» Açıq Səhmdar Cəmiyyəti 1500 işçisini öz hesabına məzuniyyətə göndərib. Özü də bir illiyə. Zavodun direktoru Əzim Əzimov dünən toplantı keçirərək işçilərin nəzərinə çatdırıb ki, maliyyə böhranı ilə əlaqədar pul yoxdur. Ona görə də 1500 nəfər öz hesabına məzuniyyətə buraxılacaq. Mənbə deyir ki, bundan əvvəl də 1000 nəfər məzuniyyətə buraxılmışdı…


«Azərbaycan» qəzeti:

... Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində rekord sayıla biləcək səviyyədə artım qeydə alınıb. Əgər 2007-ci il ərzində xarici ticarət dövriyyəsi cəmi 11.8 milyard dollar olmuşdusa, ötən ilin 11 ayında bu göstərici 53.4 milyard dollar təşkil edib. Həmin dövr ərzində Azərbaycandan xarici ölkələrə 47 milyard dollarlıq məhsul göndərilib, xaricdən isə Azərbaycana 6.4 milyard dollarlıq mal gətirilib...

Xarici ticarət dövriyyəsində Azərbaycanın əsas tərəfdaşı kimi Avropa Birliyinə daxil olan ölkələr çıxış ediblər. Təsadüfi deyil ki, ixrac-idxal əməliyyatlarının 55 faizə qədəri məhz bu təşkilatda birləşən ölkələrlə həyata keçirilib...

Azərbaycandan ən çox məhsul alan ölkə İtaliyadır. 2008-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan İtaliyaya 18.7 milyard dollara yaxın məhsul göndərilib ki, bu da həmin dövr ərzində ümumi ixrac dövriyyəsinin 41 faizinə bərabərdir.

İtaliyadan sonra növbəti yerlər ABŞ və İsrailə məxsusdur.

Azərbaycan xarici ölkələrə ən müxtəlif çeşiddə, təxminən 2000-nə yaxın adda məhsul ixrac edib. Ümumiyyətlə isə, respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar göndərilib. Ötən ilin ilk 10 ayı ərzində bu məhsulların ixracda xüsusi çəkisi 99.28 faizə çatıb. Bundan başqa, Azərbaycan xarici ölkələrə alüminium və alüminium məmulatları, polimer materiallar və onlardan hazırlanan məmulatlar, eləcə də qara metallar, üzvi kimyəvi birləşmələr də satıb.

İdxalatda isə birinci yeri Rusiya tutur. Belə ki, 2008-ci ilin noyabr ayına qədər Rusiyadan Azərbaycana 1.1 milyard dollardan artıq məhsul idxal olunub ki, bu da idxalatın təxminən 19 faizinə bərabərdir. Sonrakı yerləri isə Türkiyə, Ukrayna, Almaniya və Çin bölüşdürür...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG