Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:32

«Demokratik düşərgənin vahid təşviqat qrupu olmalıdır»


«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov
«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov
Müsavat Partiyasının üzvləri «Respublikaçılar» adlı təşəbbüs qrupu yaradıblar. Qrup martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar təşviqatı bu ad altında aparmaq niyyətindədir. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna deyib ki, onlar Bakı, Sumqayıt, Gəncə və digər bölgələrdə də təşəbbüs qrupları yaradacaqlar. Onun sözlərinə görə, bir qədər tələsik qərar verməyə məcbur olublar:
«Vaxt çox azdır. Digər partiyalarla uzun-uzadı məsləhətləşməyə, texniki detalları müzakirə etməyə vaxt yoxdur».
A.Hacılı deyir ki, «Respublikaçılar» MSK-da təşviqat qrupu kimi qeydiyyatdan keçəndən sonra digər partiyalarla əməkdaşlığa açıq olacaq. Amma o, hesab edir ki, onların referendumla bağlı tutduğu xətti müdafiə edən təşviqat qrupları nə qədər çox olsa, bir o qədər təbliğat imkanı yaranar:
«Televiziya təşviqat qruplarına pulsuz efir vaxtı ayırmalıdır».
Yeni Azərbaycan Partiyası fəallarının yaratdığı «Yeni Azərbaycan» təşəbbüs qrupu isə artıq imzatoplama kampaniyasına başlayır. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə bloklaşmaya ehtiyac görmür:
«Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı və ölkə coğrafiyası boyunca partiyanın təmsilçiliyi imkan verir ki, heç bir bloklaşmaya gedilməsin».
«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə deyir ki, referendumla bağlı təşviqat aparmaq təkcə siyasi partiyaların işi deyil. Onun fikrincə, demokratik düşərgənin vahid təşviqat qrupu olmalıdır. E.Namazovun sözlərinə görə, bunun üçün də onlar həm siyasi, həm ictimai təşkilatlarla danışıqlar aparırlar. AXCP-nin funksioneri Həsən Kərimov da deyir ki, «Azadlıq» blokuna daxil olan partiyalar arasında məsləhətləşmə hələ bitməyib. Yaxın günlərdə öz qərarlarını açıqlayacaqlar.
MSK-dan deyirlər ki, referendumda partiyanın və ya fərdin subyekt kimi iştirak etməsi mümkün deyil. Bunun üçün təşviqat qrupları yaradılmalıdır.
Referenduma çıxarılacaq bir neçə məsələ ictimaiyyət arasında birmənalı qarşılanmır. Xüsusilə prezidentlik müddətiylə bağlı Konstitusiyada qoyulan qadağanın çıxarılması təklifi narahatlıq yaradıb. Referendum təşəbbüskarı YAP əsas qanunda prezidentlik müddətiylə bağlı qoyulan qadağanın qaldırılmasını istəyir. Müxalif partiyalar isə hesab edirlər ki, bu qadağanın ortadan götürülməsi ölkəni monarxiyaya aparacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG