Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

Keçmə yarımçıq körpüdən…


20 yanvardakı körpüyə kommunikasiya xətlərini köçürmək üçün büdcədən əlavə 10 milyon manat pul ayırıblar
20 yanvardakı körpüyə kommunikasiya xətlərini köçürmək üçün büdcədən əlavə 10 milyon manat pul ayırıblar
Nəqliyyat Nazirliyinin iki addımlığında tikilən körpünün yanındakı avtomobil yollarının, mühəndis diliylə desək, yan xətləri çöküb, maşınlar diametri azı metr yarım olan, içi zibillə doldurulmuş çuxurların yanından gəlib-gedirlər. Burada yaşayanlar asfaltdakı topuqdan yuxarı qalxan yağış gölməçələrinin üstündən hoppanırlar:
- Görürsüz də…Təzə düzəldiblər buranı. Kanalizasiya yox, heç nə yox. Qabağa gedin bir az, bütün asfalt yatır…
Şəhərin mərkəzindəki bu körpünü iki il qabaq, 2006-cı ilin dekabrında istifadəyə veriblər, ədəb-ərkanla yan yollarına asfalt döşəyiblər, camaat da elə bilib ki, iş qurtardı. Amma bir ildən sonra yada düşüb ki, bəs kanalizasiya çəkməyi unudublar. Eləmə tənbəllik, hələ rəngi ağarmamış asfaltı söküb, altına turba döşəyiblər, yol da çöküb. Nəqliyyat Nazirliyinin «Azəryolservis» departamentinin sədr müavini Vaqif Hacıyev:
- Kanalizasiya da yol qədər vacibdir, biz necə icazə verməyə bilərik?!
- Bəs əvvəlcədən nəzərdə tutulmamışdı?
- Gərək tutulaydı…Amma nə edək, şəhəri mən idarə etmirəm ki?! Bir 20 mərtəbəli binada beş kəndin əhalisi yaşayır, onlara kanalizasiya lazımdır axı…
Layihəyə 19 milyon manata qədər büdcədən pul xərclənib. Bakıda kanalizasiya xətlərini «Azərsu» çəkir. Təşkilatın sözçüsü Aqşin Rüstəmovu axşam saat 4-dən 7 -ə qədər yerində tapa bilmədik. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov isə deyir ki, yolun bu vəziyyətə salınmasına görə, kanalizasiyanı çəkən qurum məsuliyyət daşıyır. Amma bildirir ki, onda məlumat yoxdur ki, Nəqliyyat Nazirliyi konkret «Azərsu»ya müraciət edib, yoxsa, yox:
«Kommunikasiya qurumları yolları bu vəziyyətə salırlar, nazirlik də müraciət edir, faydası olmur, özü vəsait ayırır, yolları təzədən təmir edir».
Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl deyir ki, belə plansız tikinti axırda ona səbəb olur ki, məcbur qalıb, bitmiş layihəyə büdcədən təzədən pul ayrılır. Məsələn, 20 yanvardakı körpüyə kommunikasiya xətlərini (kanalizasiya, su, qaz, işıq) köçürmək üçün büdcədən əlavə 10 milyon manat pul ayırıblar. Belə artım Ayna Sultanova heykəlinin yanındakı körpüdə də var. Elə Nəqliyyat Nazirliyinin yanındakı körpünün tikintisi başa çatandan sonra da büdcədən həm 2007-ci, həm də 2008-ci il üçün vəsait ayırıblar. Bir sözlə, layihələr ilk baxışda başa çatır, amma əslində çatmır.
Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl deyir ki, indi günahkarı tapmaq çətin məsələdir. Çünki 2 mindən çox investisiya layihəsi var, amma bu sahəni tənzimləyən qanunlar yoxdur:
«Mənə elə gəlir ki, bulanıq suda balıq tutmaq istəyən adamlar var. Onlar istəyirlər ki, hüquqi baza yaranmasın. Amma əslində, dövlət investisiyaları, investisiyaların ekspertizası, planlaşdırılması haqda qanuna ehtiyac var».
Nəqliyyat Nazirliyinin yanındakı körpünün ətrafından keçəndə gərək bir az qoçaq olasan, əks halda maşının altına düşə bilərsən, burada piyadalar üçün keçid qoyulmayıb. Piyadalar nəhəng körpünün ətrafından qaça–qaça keçirlər. Halbuki, layihədə yazılıb ki, ərazidə piyada körpü keçidi olmalıdır.
Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov isə deyir ki, əslində layihə bitməyib, yəni, bu körpüyə hələ 2009-cu ildə də pul ayrılacaq, onda bir yeraltı keçid, iki yerüstü keçid tikəcəklər. Üstəlik, N.Həsənov deyir ki, layihə sabit bir şey deyil, güman var ki, 2013-cü ilə qədər həmin körpüyə büdcədən pul ayrılsın.
Şər qarışır. Nəqliyyat Nazirliyindən bir-bir bahalı avtomobillər çıxır. Həmin maşınlar iki yaşlı yolun üstündəki iri gölməçələrdən sürətlə şütüyəndə hoppana–hoppana keçən piyadaların kefi bir az da pozulur…
XS
SM
MD
LG