Naxçıvan Muxtar Respublikasındakı hüquq müdafiə təşkilatları beynəlxalq qurumlara və diplomatik korpusa müraciət edib. Onlar Naxçıvanda övladlarının polis bölməsində döyülməsinə etiraz edən valideynlərə qarşı təzyiq və hədələrin dayandırılması üçün səfirlik və beynəlxalq qurumlardan kömək istəyir, baş verənlərə biganə qalmamağa çağırırlar.
Hüquq müdafiə təşkilatları bildirirlər ki, Naxçıvandakı rəsmi qurumlar və hətta Ombudsman Aparatı da onlara bu hadisəylə bağlı məlumat verməkdən imtina edirlər.
«Azadlıq» radiosunun Naxçıvan müxbiri «Xəbər-Ətər» proqramına deyib ki, polisdən şikayət edən valideynləri hədələyiblər. Onlardan işdən çıxmaq və sosial müavinətlərdən imtina etmək üçün ərizə yazılması da tələb olunub. Amma Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məsələyə münasibət bildirməyiblər.
Valideynlərdən biri - birinci qrup gözdən əlil İsmayıl Hüseynovun DİN-də saxlandığı deyilsə də, yaxınları buna şübhə edir. Çünki onlara görüşməyə imkan verilmir.