Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:45

Bahalanma qəzetlərdən başladı


Qəzetçilər qiymətlərin artırılmasını çap xərclərinin artması ilə izah edirlər
Qəzetçilər qiymətlərin artırılmasını çap xərclərinin artması ilə izah edirlər
2009-cu ilin ilk bahalığı qəzetlərdən gəldi. Daha doğrusu, rəsmi qəzetlər öz qiymətini qaldırdı. Bundan sonra oxucular 30 qəpiklik «Azərbaycan», «Bakınski raboçi», «Xalq qəzeti» və «Respublika» qəzetlərini almaq üçün əlavə 10 qəpik də verməli olacaqlar. Bəs rəsmi qəzetlərin qiymətinin 40 qəpiyə qaldırılmasının səbəbi nədir?

Milli Məclisin orqanı «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bunu çap xərclərinin artmasıyla izah edir. Müsahibimiz deyir ki, həm də qəzeti artıq rəngli çıxarmaq qərarına gəliblər. Rəngli qəzet də ucuz başa gəlmir:

«Rəngli çıxmaq bizim çap xərclərimizi əhəmiyyətli dərəcədə artırıb. Amma hələ bu qiymət də bizi görmür. Yəqin ki, rəngli çıxandan sonra reklam qiymətlərinə də baxacağıq. Çünki rəngli qəzetin də reklamında qiymət fərqlənməlidir.
- Rəngli çıxmağa nə ehtiyac yarandı?
- Artıq dünya təcrübəsində rəngli qəzetlər böyük yer tutur, amma biz bu addımı atmaqda gecikmişik. Reklam şirkətləri də rəngli qəzetə üstünlük verir. Məsələn, şirkətin loqotipi rənglidir, istəyir ki, reklamında da rəngli çap olunsun. Biz də müştərilərimizin istəyini nəzərə aldıq».

Bəxtiyar Sadıqov deyir ki, rəngli çap maşının qurulması və onu işlədəsi kadrların hazırlığına bir ildir ki, əziyyət çəkilir. Ona görə də artıq «Azərbaycan»ı ağ-qara görməyəcəyik. Bəs qəzetin rənginin dəyişməsi oxucuların sayına təsir edəcəkmi? Bəxtiyar Sadıqov deyir ki, onsuz da onların oxucularının sırasında təqaüdçü azdı, digər oxucular üçünsə 10 qəpik əlavə vermək elə də böyük pul deyil:

«40 qəpik nə böyük puldu ki? Özü də bizim oxucuların sırasında təqaüdçülər azdı, daha çox hüquqşünaslardı, dövlət məmurlarıdır, hüquq-mühafizə orqanları əməkdaşlarıdır».

Rəsmi qəzetlər bahalandı, bəs müxalifyönlü mətbuat necə, qiymətini qaldırmağı düşünürmü? «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bu barədə ciddi fikirləşdiklərini söyləyir. Amma oxucuları belə tezliklə qiymət şokuna salmaq niyyətində deyillər:

«Çap xərclərimiz artıb. Biz də qiymət məsələsini qaldırmağı düşünürük. İndi ona görə bu məsələni təxirə salırıq ki, potensial oxucularımız bayram qabağı xərcə düşüblər. Amma çox güman ki, mart ayının əvvəllərində qəzetin qiymətini 5-10 qəpik qaldırmağı gündəmə gətirəcəyik».

Rəngli çap baha başa gəldiyindən «Yeni Müsavat»ın rənginin dəyişib-dəyişməyəcəyi də sual altındadır. Qiymət artımının tiraja təsirindən gəlincə, Rauf Arifoğlu nikbindir. Hesab edir ki, oxucuların sayı azala bilər, amma bu, ciddi fərq etməyəcək.
XS
SM
MD
LG