Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:22

«Qəzetlərin bahalaşması çıxış yolu deyil»


Arif Əliyevə görə, qəzetlərə dövlət yardımı da çıxış yolu deyil
Arif Əliyevə görə, qəzetlərə dövlət yardımı da çıxış yolu deyil
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu fikirdədir. «Xəbər-Ətər» proqramına bu haqda müsahibə verən Arif Əliyevə görə, qəzetçilər qiymət artımı haqda yox, yeni texnologiyaların tətbiqi haqda düşünməlidirlər. Eyni zamanda, reklam cəlb etməyin yolunu tapmalıdırlar:

«Böyük çıxış yolu çox sadədir. Yeni texnologiyaların gətirilməsi. Bizim qəzetçilər ağıllarına belə gətirmirlər ki, yeni texnologiyaların tətbiqi gəlirlərini nə qədər artıra bilər. Bu texnologiyalar haqda təsəvvürləri də yoxdur. Və təbii ki, reklam bazarını da qaydaya salmaq gərəkdir».
Arif Əliyev deyir ki, əslində, həmin texnologiyalar bahalı deyil. İntellektual tutumlu texnologiyadır.
«Əgər bunun qarşısında qəsdən hasar çəkilməsə və ya intellektual problem yaranmasa, onların Azərbaycana gətirilməsi mümkündür. Buna bənzər texnologiyadan yerli televiziyalar artıq yararlanır. Məsələn, televiziyalar indi SMS vasitəsi ilə reklamdan daha çox gəlir əldə edirlər. Buna bənzər texnologiyaları gətirmək olar. Mətbuatı bizdən azad olmasa da, Rusiyada bunlar geniş tətbiq olunur…»

Amma Arif Əliyev əmindir ki, müstəqil və ya müxalifyönlü qəzetlər də tezliklə rəsmi qəzetlər kimi qiyməti artıracaqlar. Bundan gələn gəlirsə çox olmayacaq və inflyasiya onu tezliklə udacaq.

Cənab Əliyev ona da əmindir ki, qiymət artımı oxucuların sayına ciddi təsir etməyəcək. Qəzet oxuyanlar əhalinin yenə də 5-8 faizini ötməyəcək.
«İndi oxucular iki yerə bölünür: pulundan keçib hər gün qəzet alanlar - «qəzet xəstələri». Onlar üçün qəzetin 40 və ya 50 qəpik olması vacib deyil. İkinci qisim oxucular isə qəzetləri pulsuz oxuyanlardır. Bunun üçün müasir texnologiyanın xidmətlərindən də istifadə edirlər».

Arif Əliyevə görə, qəzetlərə dövlət yardımı da çıxış yolu deyil: «Dövlət yardımı qədər təhlükəli heç nə yoxdur. Bunu çox ağılla və ehtiyatla etmək lazımdır ki, başqa effekt verməsin. Buna isə şübhəm var. Bir neçə dəfə yardım ayrılıb. Nəticədə qəzetlər ya didişib, ya da o pulu harda alıb, necə xərcləyiblər görən olmayıb. Bir də deyirəm, çıxış yolu reklam cəlbi və texnologiyalardır».
XS
SM
MD
LG