Naxçıvanda Ali Məclisin sədri Vasif Talıbova məktub göndərmək istəyən gənci tutublar. Polis Elvin Hüseynovu poçt idarəsində saxlayıb, hədələdikdən sonra buraxıb.
Naxçıvanın Sədərək rayon sakini E.Hüseynov spikerə polisdən şikayət etmək istəyirmiş.
Elvin Hüseynov Sədərəkdə yolka işığını kəsməkdə günahlandırılaraq tutulan gənclərdən biridir.
Dekabrın 26-da Naxçıvanın Sədərək rayonunda polis yolkanın işığını kəsməkdə günahlandırılan 7 gənci bölməyə aparıb. Valideynlərinin dediyinə görə, gəncləri bölmədə döyüblər və saçlarının qabaq hissəsini kəsib buraxıblar.
Polisdən şikayət etdiklərinə görə, gənclərin valideynlərini də hədələyirlər. Gənclərdən biri Elvin Hüseynovun valideynləri iki gündür evdən aparılır, Muxtar Respublikanın Daxili İşlər Nazirliyində dindirilir.
Polisdən şikayət edən sədərəklilərə xəbərdarlıq ediblər ki, mətbuata məlumat verməsinlər. Onlardan şikayət ərizələrini geri götürmələri, mediaya məlumat verməmələri tələb olunur.