Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:05

«Bu, demokratiyanın son işartılarının məhv edilməsi deməkdir»


Bütün hallarda «Azadlıq» radiosunu yanvarın 1-dən də dinləmək mümkündür
Bütün hallarda «Azadlıq» radiosunu yanvarın 1-dən də dinləmək mümkündür
Yanvarın 1-dən «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının FM tezliyində yayımı dayandırılır. Bu haqda qərarı dekabrın 30-u Milli Televiziya və Radio Şurası verib. Şuranın sədri Nuşiravan Məhərrəmli qərarı şərh edərkən dedi ki, xarici radioların FM tezliyində yayınlanması «Teleradio fəaliyyəti haqqında» qanuna uyğun deyil:

«Azadlıq», BBC və «Amerikanın səsi» radiolarına verilmiş lisenziyanın vaxtı uzadılmadı və onlara verilmiş FM tezliklərinin geri alınması haqda qərar verildi. Onların Azərbaycanda digər texnika vasitələrlə - internet, kabel şəbəkəsi və peyk yayımı vasitəsilə yayınlanması üçün müvafiq qurumlara tövsiyə verilməsi qərara alındı. Mən hesab edirəm ki, biz düz etdik. Azərbaycanın efir məkanında hüququ tənzimlənmə öz həllini tapmalı idi».
Ancaq media eksperti Zeynal Məmmədli deyir ki, Milli Televiziya və Radio Şurasının bu addımı necə təqdim edilməsindən asılı olmayaraq siyasi qərardır:
«Bu siyasi qərarın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan vətəndaşları yalnız idarə edilən, yönəldilən və müdaxilə edilən məlumatları ala bilsin. Yəni Azərbaycan hökumətinin, məmurların istədiyi məlumatları alsın, onların nəzarətində olmayan məlumatları almasın. Bizi məlumatlardan təcrid etsinlər».

Zeynal Məmmədli hesab edir ki, şura Azərbaycanda teleradio yayımının tənzimlənməsində qarşısına söz və mətbuat azadlığının genişlənməsi məqsədini qoymayıb. Əksinə bu söz və mətbuat azadlığına qarşı yönəlib. Üstəlik Zeynal Məmmədli düşünür ki, xarici radioların FM tezliklərindən çıxarılması Azərbaycanın mövcud qanunvericiliyi ilə də ziddiyyət təşkil edir. Çünki «Teleradio fəaliyyəti haqqında» qanunun 14-cü maddəsi xarici teleyayımçılara yerli tezlik almağa imkan verir. Zeynal Məmmədli deyir ki, şura xarici radioların FM tezliyində yayımlanmasını dayandırmaqdansa, onların qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etməli idi.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə yada salır ki, «Teleradio fəaliyyəti haqqında» qanun 6 il əvvəl qəbul edilib. Bundan bir il sonra isə Milli Televiziya və Radio Şurası yaradılıb. Aradan keçən bu müddət ərzində nə qanunda dəyişiklik edilib, nə də şuranın tərkibində. Rəşid Haclını hesab edir ki, belə olan halda xarici radioların FM tezlikdən çıxarılması hüquqi baxımdan anlaşılmazlıq yaradır:

«Qanunun tətbiqində varislik və ardıcıllıq gözlənməlidir. Qanunu bu gün bir cür, sabah başqa cür tətbiq etsən, onda təbii tətbiq etdiyin qurumların hüququnu pozursan».

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu isə deyir ki, bu qərar söz və mətbuat azadlığına qəsd kimi dəyərləndirilməlidir: «Bu, demokratiyanın son işartılarının məhv edilməsi deməkdir. Belə bir qərar həm də Azərbaycanın qərb yönümlü siyasətdən tamamilə imtina etməsi kimi başa düşülə bilər».

Bütün hallarda «Azadlıq» radiosunu yanvarın 1-dən də dinləmək mümkündür. Yanvarın 1-dən radiomuzu qısa dalğaların 9.48 MHz tezliyində (Bakı vaxtilə saat 20-dən 21-dək), internetdə və peyk vasitəsilə dinləyə bilərsiniz.
XS
SM
MD
LG