Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:20

«Tamahlar artıb»


Mehman Əliyev
Mehman Əliyev
Sosial Hüquqların Bərpası Koalisiyası iki il əvvəl yaradılmışdı ki, əhalinin qaz, işıq, su pulu borclarının ləğvinə kömək etsin. Digər bu kimi problemlərin aradan qaldırılmasına çalışsın. O vaxtdan iki il keçir. Amma işıq, qaz, su ildarələrindən evlərə yönələn borc pulların məbləği xeyli artıb.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasıyev deyir ki, 2008-ci ildə onlara kommunal xidmətlərə dair 110 şikayət ərizəsi daxil olub. Həftə ərzində 30-a qədər telefon zənginə cavab veriblər. Təşkilatın mərkəzi ofisinə daxil olan 52 ərizənin 28-i elektrik enerjisi, 11-i içməli su təminatı, 10-u qaz enerjisi ilə bağlı olub. 11 şikayət ərizəsi üzrə istehlakçı hüquqlarının bərpa edilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə müraciət ediblər:

«Göndərilən 11 müraciətin heç birinin nəticəsi olmayıb».

Ələkbər Ağasıyev şikayət ərizələri üzərində aparılan araşdırmalara əsasən bildirir ki, təchizatçıların əhaliyə göstərdiyi xidmət fasiləli və keyfiyyətsiz olub. İstehlakçı ilə təchizatçı arasında heç bir müqavilə bağlanmaması, sayğaclaşdırma və sayğacdəyişmə prosesindən istifadə edilib isitehlakçılara əlavə borclar yazılması, məhkəmə qərarı olmadan istehlakçının qaz, işıq, su xəttinin kəsilməsi vəziyyəti daha da ağırlaşdırıb.

Bu deyilənlərə birbaşa dəxli olan dövlət strukturlarından yalnız «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevi tapa bildik. Dedi ki, onlar istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etməklə yanaşı həm də arada yarana biləcək problemlərin obyektiv həllinə də çalışırlar. Bundan ötrü abonent şöbəsi də yaradılıb. Əgər narazılıq olursa, abonentlər ora müraciət edirlər. Bu cür müraciətləri komissiya araşdırır.

Bakı küçələrində rəyini öyrəndiyimiz sakinlər isə xüsusilə təkcə işıq, qaz, su təchizatında yaranan problemlərdən yox, həm də təchizatçı qurumların yaratdığı problemlərdən danışdılar. Daha çox narazılıq işıq və ya qaz xəttinin borca görə kəsilməsindən oldu.

O ki, qaldı suya, vətəndaşlar deyirlər ki, boruları kəsməyə ehtiyac yoxdur. Su onsuz da fasilələrlə verilir. O da ki, bəzi yerlərdə kranlardan içməli su əvəzinə texniki su gəlir.

Sosial Hüquqların Bərpası Koalisiyasının üzvlərindən biri – «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə vəziyyətin getdikcə ağırlaşmasını belə izah edir:

«Vəziyyətin belə hal alması onunla bağlıdır ki, tamahlar artmağa başlayıb. 3-4 il əvvəlki məbləğlərə baxsaq görərik ki, indikilərlə müqayisədə daha aşağıdır».

Hər il qışqabağı – yəni bu problemlərin özünü daha çox biruzə verdiyi havada istehlakçılarla istehsalçılar arasında fiziki və psixoloji çəkişmə o yerə çatır ki, axırda prezident İlham Əliyev müşavirə və ya bölgələrə səfəri zamanı müvafiq strukturların rəhbərlərinə tapşırıq verir:

«Qış qurtarana qədər imkansız abonentləri incitməyin».

Yəni borca görə, onların işıq, qaz xətlərini kəsməyin. Havalar düzələr, sonra borcların yığılmasını davam etdirərsiniz. Beləliklə də vəziyyət müvəqqəti də olsa nisbətən sakitləşir. Bu il hələ ki, dövlət başçısı tərəfindən belə bir göstəriş olmayıb.
XS
SM
MD
LG