Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Çanaq yenə kasıbların başında çatlayacaq


Nazirlikdən deyirlər ki, onlar ətraf mühitə ziyan vuranlara qarşı mübarizəni həmişə aparırlar
Nazirlikdən deyirlər ki, onlar ətraf mühitə ziyan vuranlara qarşı mübarizəni həmişə aparırlar
Konstitusiyanın 39-cu maddəsinə təklif edilən əlavədə deyilir ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə, ziyan vura bilməz.

Amma Şəki sakini Əli Abdullayev deyir ki, Şəki meşəliklərini qırıb qəsr tikənlərin qarşısını bu əlavə ilə almaq çətin ki, mümkün olsun. Onun fikrincə, yenə də çanaq kasıbların başında çatlayacaq: «Sadə vətəndaş bir ağac kəsəndə onun başına min cür oyun açırlar. Qanunların hamısı qəbul olunur kasıbları əzmək üçün. Bunun yuxarıdakı məmurlara heç bir aidiyyatı yoxdu. İstədikləri vaxt qanunu hara istədilər ora da çevirirlər».

Əli Abdullayevə görə, Şəkinin ən mənzərəli təbiət guşələri Bakıdakı məmurlara məxsusdur. Onlar özləri üçün istirahət yerləri tikəndə təbiətə nə qədər ziyan vururlar bu heç ölçüyə gələn deyil. Bir də həmsöhbətim hesab edir ki, təbiətə qanunda müəyyən edilən həddən artıq ziyan vurulması istənilmirsə, onda gərək həmin qanun hamıya eyni cür şamil edilsin.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalova görə, ətraf mühitlə bağlı qanunların kimə şamil edilib-edilməməsi və ya necə işləyib-işləməməsinə ən yaxşı nümunə dənizin sahil zolağının 130 metrdən 20 metrə qədər azaldılması, şəhərdəki yaşıllıqların qırılıb yerində mağazalar, ticarət mərkəzləri, yaşayış evləri tikilməsini göstərmək olar. Ekoloqa görə, bütün bu baş verənlər ətraf mühitə daha çox ziyan vuranların qanunlar üzərində qələbəsidir. Telman Zeynalov deyir ki, bu əlavə təklif edilməzdən əvvəl də ətraf mühiti qoruyan xeyli qanunlar qəbul edilib, amma həmin qanunlar oliqarxların mənafeyini müdafiə etməyəndə onlar dəyişdirilir.

Konstitusiyanın 39-cu maddəsinə təklif olunan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlməsə də, nazirlikdə deyirlər ki, onlar ətraf mühitə ziyan vuranlara qarşı mübarizəni həmişə aparırlar. Bu yeni əlavə ətraf mühitin qorunmasında hansı dəyişikliklərə səbəb olacaq nazirlik bu məsələyə yaxın günlərdə şərh verəcək. Amma qaldı ki mübarizənin nəticələrinə nazirliyini mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, indiyə qədər ətraf mühitə ziyan vurduqlarına görə cərimələnən xeyli təşkilat var.
XS
SM
MD
LG