Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

96-cı maddə vətəndaşları fəallaşdıracaqmı?


Hüquq müdafiəçiləri Konstitusiyanın 96-cı maddəsinə dəyişiklikdən sui-istifadə olunacağından ehtiyatlanır
Hüquq müdafiəçiləri Konstitusiyanın 96-cı maddəsinə dəyişiklikdən sui-istifadə olunacağından ehtiyatlanır
Konstitusiyaya dəyişikliklər layihəsində seçicilərə əlavə hüquq verilir. Azərbaycan Konstitusiyasının 96-cı maddəsində, qanunvericilik təşəbbüsü barədə deyilir: hər-hansı məsələni, qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasını prezident, deputatlar, ali məhkəmə, prokurorluq, bir də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi istəyə bilər. Amma dəyişikliklə bağlı layihədə seçicilərə də qanunvericilik təşəbbüsü hüququ verilir. Daha dəqiq, hansısa məsələnin parlamentdə müzakirəsini seçki hüququ olan 40 min seçici də istəyə bilər.

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasının üzvü Fəzail Ağamalı deyir ki, layihədəki bütün təkliflər kimi, 96-cı maddəyə dəyişiklik də cəmiyyətin demokratikləşməsinə xidmət edir: «Konstitusiyaya dəyişiklik konstitusiya quruluşunun təkmilləşməsinə xidmət edir. O cümlədən qanunvericilik təşəbbüsü hüququnun seçiciyə də verilməsi xeyli müsbət haldır».

Qanunvericilik təşəbbüsü barədə dəyişiklikdən hüquq müdafiəçiləri də sevinirlər. Arzu Abdullayeva deyir ki, dəyişiklik Azərbaycanda vətəndaş passivliyini aradan qaldıra bilər. Seçkilərdə saxtakarlıqlardan sonra cəmiyyətdə susqunluq yaranıb. İndi, qanunvericilik təşəbbüsü hüququnun olduğunu bilən vətəndaşlar fəallaşa bilərlər.

Hüquq müdafiəçilərindən Səidə Qocamanlı da 96-cı maddəyə dəyişikliyə sevinir, amma dəyişikliyin reallığına inanmır:
«Sözsüz ki, müsbət haldır. Amma Azərbaycanda çox şeylər kağızda qaldığına görə mən buna da inanmıram».

Səidə Qocamanlı deyir ki, qanuna dəyişikliyin reallaşması üçün mexanizm olmalıdır.

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov də deyir ki, uyğun mexanizm olmasa, dəyişikliyin xeyri yoxdur: «40 min vətəndaşa bu hüququn verilməsiylə bağlı mexanizm sərt olsa, məhdudiyyətlər çox olsa, vətəndaş fəal ola bilməyəcək».
Konstitusiyaya dəyişikliklərlə bağlı layihədə deyilir ki, vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası qanunla müəyyən olunur. 40 min vətəndaş bir araya gəlib hansısa layihə ilə parlamentə müraciət edərsə, layihə əsaslandırılmalı, məqsədlər göstərilməlidir.

Bakı sakinlərinin də çoxu Əsas Qanunda onlara verilən hüququn reallaşacağına inamları azdı.

Hüquqşünas Hafiz Həsənov da deyir ki, bu dəyişiklik haqqında tənqidi fikir demək mümkün deyil, çünki addım doğrudan da demokratik addımdır. Amma bu addımdan da sui-istifadə təhlükəsi var:

«İstisna deyil ki, hansısa dəyişikliyi bu 40 min seçicinin adıyla qanuna gətirsinlər. Məsələn, insan haqlarının məhdudlaşdırılmasıyla bağlı-filan, deyə bilərlər ki, bax təklif aşağıdan gəlir, 40 min seçici belə istəyir, imza toplanıb və s».

Seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi Azərbaycanda yenilikdir. Birləşmiş Ştatlarda bu təcrübədən 100 ilə yaxındır istifadə olunur. Elə bu il Kaliforniya ştatında eynicinslilərin nikahı əleyhinə qanun seçicilərin sayəsində dəyişdirildi. Eynicinslilərin nikahı əleyhinə çıxanlar qanunvericilik təşəbbüsü hüququndan istifadə edib, qrup yaratdılar. Bu ilin noyabrında referendum keçirib, qanunun dəyişdirilməsinə nail oldular.
XS
SM
MD
LG