Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:24

Bir imza kampaniyasının əks-sədası


İstanbulda «Hamımız erməniyik, hamımız Hrant Dinkik!» şüarı ilə keçirilən aksiya, 2 iyul 2007-ci il
İstanbulda «Hamımız erməniyik, hamımız Hrant Dinkik!» şüarı ilə keçirilən aksiya, 2 iyul 2007-ci il
«1915-ci ildə yaşanmış hadisələrə görə ermənilərdən üzr istəyək»- kampaniyasını başladan ziyalılardan bəzilərini yaxından tanıyıram. Dəfələrlə Türkiyə televiziyalarında birgə çıxışlarımız olub – «Azadlıq» radiosu üçün dəfələrlə müsahibə aldığım dəyərli fikir sahibləri var aralarında. Bir neçə il əvvələ qədər onlar İttihad və Tərəqqi hökumətinin 1915-ci ildə Anadolu ermənilərinə qarşı «soyqırımı» törətdiyini iddia edir və hətta buna heç bir şübhələrinin olmadığını vurğulayırdılar. İndi isə «soyqırımı» kəlməsini tələffüz etməyərək «1915-ci ildə yaşanan acı hadisələrə görə» etnik ermənilərdən üzr istəmə kampaniyasının təşəbbüskarı oldular.

Kampaniyanı başladanlar mübahisələrin hansı məcraya doğru irəliləyəcəyini böyük ehtimalla hesablaya bilməyiblər. Çünki kampaniyaya qarşı olanların ortaya qoyduqları reaksiyanı heç də yumşaq saymaq olmaz; zira Tayyip Ərdoğandan başlayaraq müxalifət partiyaları liderlərinin, alimlərin və bir çox qeyri-hökumət təşkilatının «üzr istəmə kampaniyası»na təpkisi birmənalı idi - Türkiyənin ermənilərdən üzr istəməyi vacib qılacaq heç bir suçu yoxdur. «Üzr istəmə kampaniyası»na münasibətini söz və ifadə azaldığı çərçivəsində bildirən prezident Abdullah Gülün bu mövqeyi isə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Canan Arıtmanın dövlət başçısının anasının erməni olmasını eyham etməsinə qədər gedib çıxdı. Müxalifət millət vəkilinin bu açıqlaması öz partiyasında qəbul görmədiyi kimi, prezident Gül onu məhkəməyə verdi. Bəzi yazarlar isə «soy şəcərəsi» barədə açıqlama verib ailəsinin müsəlman və Türk olduğunu vurğuladığına görə Gülü yaylım atəşinə tutdular. Təkcə «Hürriyyət» qəzetinin 6-7 yazarı prezident Gülə dedilər ki, anan erməni olsaydı, nə olacaqdı ki?

«1915-ci ildə yaşanmış hadisələrə görə etnik ermənilərdən üzr istəyək» - kampaniyasını başladanlar bunu Türkiyənin demokratikləşməsi və söz azadlığının sərhədlərinin genişləndirilməsi naminə etdiklərini vurğulayırlar. Kampaniyaya qarşı olan tərəf isə iki arqument ortaya qoyur: 1) Bu kampaniya Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün başladılan proseslərə mənfi təsir göstərir və Qərbdəki erməni diasporunun dəyirmanına su tökür; 2) Kampaniyanı başladan ziyalılar demokratiya və söz azaldığını bəhanə edərək Türkiyənin Ermənistanla bağlı həyata keçirmək istədiyi siyasətin yollarına dinamit döşəyirlər.

Əslində «erməni məsələsi»nə görə Türkiyədə toplumun «soyqırımı» qəbul edənlər-qəbul etməyənlər şəklində iki qütbə bölünməsi prosesi 4 il qabaq başlayıb. O vaxt Fransanın «Liberation» qəzetinə elan verən 9 Türk ziyalısı «soyqırımı» kəlməsini tələffüz etmədən Türkiyənin ermənilərdən üzr istəməsini gündəliyə gətirmiş, daha sonra isə İstanbuldakı bir universitetdə bu məsələ ətraflı müzakirə edilmişdi. Müzakirələrin aparıldığı Bilgi universiteti etirazçılar tərəfindən mühasirəyə alınmış, jurnalistləri müzakirələrdən uzaq tutduğuna görə universitet rektoru ilə mübahisəyə girişən bəndəniz etirazçıların yumurtalarla açdığı yaylım atəşindən payını almışdı. 2007-ci il yanvarın 18-də ermənicə çıxan «Agos» qəzetinin sahibi Hrand Dinkin İstanbulda qətlə yetirilməsindən sonra ara verilən mübahisələrin yenidən qızışmasından sonra Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edilməsi faktı «Üzr istəyənlərə» qarşı önəmli bir dəlil kimi gündəliyə daxil oldu; baş nazir Ərdoğan kampaniyanı işin əvvəlindən rədd etdi, müxalifət partiyaları, universitetlər və QHT-lər isə Azərbaycan torpaqlarının 20%-nin Ermənistanın işğalı altında olması faktından ustalıqla istifadə etdi. Maraqlıdır ki, «Üzr istəyənlər»lə «Üzr istəməyənlər» arasındakı mübahisələrdə «İşğal altındakı Qarabağ» faktoru gündəliyə gələn kimi «Üzr istəyənlər» bu məsələni gündəliyə gətirməməyi tələb edirlər.

Türk mediası «Üzr istəyək-Üzr istəməyək» mübahisələrini geniş şəkildə işıqlandırmağa çox həvəslidir. Mübahisələr davam edir-son illərdə müşahidə etdiyim saysız-hesabsız mübahisə kimi «Üzr istəyək-Üzr istəməyək» tartışmalarından da hər hansı nəticə gözləyəcək qədər sadəlövh deyiləm. Mübahisələr siyasi məcraya yönəlib. Məclisin «Üzr istəyək» istiqamətində hər hansı qərar qəbul etməsinə qədər işlər başladığı yerdə də qalacaq. Türkiyə Böyük Millət Məclisinin belə bir qərar qəbul edəcəyi ehtimalı isə sıfırdır. Ona görə də Xarici İşlər naziri Ali Babacanın Bakıdakı və Yerevandakı həmkarları ilə görüşlərini izləmək daha məntiqli olardı. Bir də 2009-cu ilin oktyabrını - Serj Sarkisyanın İstanbuldakı Türkiyə-Ermənistan matçına gəlişini. Haydı hayırlı matçlar.
XS
SM
MD
LG