Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

«Bütün dünyada biabır olduq»


Rüstəm Behrudi
Rüstəm Behrudi
«Bütün dünyada biabır olduq. Keçmişdə Şərqdə xan, bəy seçmirdilər, bizdə də elə oldu. Bunlar hər şey edirdilər, bunu da elədilər…» -, bu şair Rüstəm Behrudinin konstitusiyaya nəzərdə tutulan son dəyişikliklərlə bağlı fikirləridir. Şairin fikrincə əslində iki dəfədən artıq prezident seçilməyin demokratik ənənələrlə ziddiyyət yaratdığının İlham Əliyev də fərqindədir. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, uzun müddətdir ki, Azərbaycana rəhbərlik edir, bir sıra inkişaf etmiş xarici ölkələrdə səfərlərdə olub. Rüstəm Behrudinin fikrincə bu, dəyişikliklərə prezident öz könlü ilə getmir:

«Mən fikirləşirəm ki, İlham Əliyevin ətrafı buna onu məcbur edir. Niyə məcbur edir? Düşünürlər ki, bu qədər var-dövlət yığıblar. İlham Əliyev ömürlük prezident olsa, yığdıqlarına təhlükə olmaz. Həqiqətən də belədir. İlham Əliyev olmasa, onlar da olmaz».

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyir ki, bu dəyişikliklər həm respublika quruluşuna ağır zərbədir, həm də konstitusiyanın ana prinsipləri ilə ziddiyyət yaradır. Sərdar Cəlaloğlu qeyd edir ki, konstitusiyada Azərbaycanda respublika quruluşunun mövcudluğu öz əksini tapıb. Bu dəyişiklik isə onun fikrincə monarxiya üsul-idarəsinə keçid üçün zəmin hazırlayır. Belə olan halda isə bu dəyişiklik onun fikrincə respublika quruluşuna qarşı yönəlmiş olur: «Neftin ucuzlaşması gələn ildən Azərbaycanda böhran yaradacaq. Bu da aşağılarda sosial narazılıqlar, yuxarılarda da Beynəlxalq Böhran Qrupunun qeyd etdiyi kimi ayrı-ayrı silahlı nazirlikləri hakimiyyət uğrunda mübarizəyə sövq edə bilər. Bu təklif bütün bunların qarşısını almaq üçündür».

Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı isə deyir ki, bu dəyişikliyi nə respublika quruluşuna, nə də insan haqlarına qarşı bir proses kimi dəyərləndirmək düzgün olmazdı: «Bu, bir qanun deyil ki, kimisə ömürlük prezident seçsin. Məhdudiyyət aradan götürülür. Deyək ki, İlham Əliyev də sənədlərin namizədliyə verəcək bir başqaları da verəcəklər, xalq da kimi istəsə onu seçəcək».

Azərbaycan Yaşıllar Partiyasının bu məsələdə mövqeyi isə həm ənənəvi müxalifətin, həm də hakimiyyətin fikirlərindən fərqlənir. Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir ki, əgər ölkədə azad və ədalətli seçkilər olarsa, bu məhdudiyyətin götürülməsi heç təhlükəli olmazdı. Onun fikrincə, Azərbaycanda bu vaxta qədər keçirilən seçkilər demokratik olmadığından sabahkı proseslərə də ümidlə baxmağa lüzum qalmır: «Necə deyərlər xalqdan canlı notarius kimi istifadə edirlər ki, xalq bunu deyir. Yazıq xalqın əslində fikrini öyrənən yoxdur axı».

Mais Güləliyev deyir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalq deyil. Bu referendum da formal proses olacaq.
XS
SM
MD
LG