Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Bütün sahələrdə hüquqlarımız pozulub


2008-ci ildə Azərbaycanda çeşidli hüquq pozuntuları qeydə alınıb
2008-ci ildə Azərbaycanda çeşidli hüquq pozuntuları qeydə alınıb
«- Hacıbala müəllim, salam, «Azadlıq» radiosundan bir neçə sualımız var.
- Yaxşı, sağ olun
- Hacıbala müəllim, Nizami rayonundakı…
- Sağ olun».

Bir vaxtlar mətbuata açıq məmur kimi tanınan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir media nümayəndəsi kimi ondan informasiya almaq hüququmuzu pozdu. Nəinki cavab verdi, heç sualımızı da dinləmək istəmədi.
Amma ilin son ayının son günlərində informasiya almaq hüququnun pozulması yola saldığımız 2008-ci ildə yeganə insan haqqı pozuntusu deyil. Hüquq müdafiəçiləri onlarla pozuntu faktlarını qeydə alıblar.

Azərbaycanda insan haqları hansı sahədə daha çox pozulub sualı veriləndə ilk yada düşən siyasi və söz azadlığı olur. Amma bəzi hüquq müdafiəçiləri deyirlər ki, başqa sahələr də pozuntu hallarıyla zəngindir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu mülkiyyət hüququnu yada salıb deyir ki, il ərzində bu haqqı tapdanmış onlarla şikayət alıblar. Onun sözlərinə görə, əgər reytinq cədvəli müəyyənləşərdisə, sərbəst toplaşmaq və mətbuat azadlığı ilə yanaşı mülkiyyət hüququnun pozulması halları da yüksək yerdə durardı.
Vəkil İsaxan Aşurov deyir ki, bu il də vətəndaşlar ölkədə müstəqil və ədalətli məhkəmə yoxluğunu yaşadılar. Vəkil həm də hesab edir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması təkcə ədalətli mühakimə haqqını pozmur, üstəlik, digər insan haqlarının müdafiəsinə də mane olur.
Bəzi hüquq müdafiəçiləri, hüquqşünaslar başa çatmaqda olan ili insan haqqı prizmasından təhlil edəndə deyirlər ki, bütün sahələrdə pozuntu görmək mümkündür.

Hüquqşünas Ələsgər Məmmədli diqqəti 2008-ci ildən paytaxtda, bəzi rayonlararası magistral yollarda sürətlənən təmir işlərinə yönəldir. Deyir ki, hər yerin qazılıb, sürücülər üçün alternativ rahat yolların nəzərdə tutulmaması da yola saldığımız ilin insan haqqı pozuntularından biri kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, mənzil başına çatmaq istəyən yüzlərlə adam saatlarla tıxaca ilişib qalır, ya da narahat yollardan istifadə etməli olurlar.

Ombudsman Elmira Süleymanova insan haqlarının vəziyyətiylə bağlı illik məruzə hazırlayır. Məruzə gələn ilin əvvəllərində ictimaiyyətə təqdim olunacaq. Buna görə də statistik rəqəmlər - yəni ombdusman aparatına edilən şikayətlərin sayı və təsnifatı barədə bir söz deyə bilmərik. Amma Elmira Süleymanova 5-6 ay öncə yerli mətbuata verdiyi açıqlamasında bildirib ki, insan hüquqları daha çox sosial sahədə pozulur. Onun sözlərinə görə, ombudsmana müraciət edənlər arasında torpaq sənədləri, şəxsiyyət vəsiqəsi və ünvanlı sosial yardım ala bilməyənlər çoxluq təşkil edib. Elmira Süleymanova hesab edir ki, insan hüquqları pozuntularının qarşısını almaq üçün ayrı-ayrı yerlərdə məmurlara ciddi nəzarət olmalı və qanunların icra mexanizmi təkmilləşməlidir.
Milli Məclisin İnsan haqları komissiyasının sədri Rəbiyyət Aslanova isə deyir ki, ötən illərlə müqayisədə 2008-ci ildə də insan haqlarının müdafiəsiylə bağlı siyasi iradə olub. Millət vəkili bəzən real həyatda insan hüquqlarının və əsas azadlıqlarının tanınmamasını isə belə izah edir:

«Ən vacibi və ən çətini qanunları işlək vəziyyətə salmaqdır. Bəli, bəzən qanunların icrası zamanı müəyyən problemlər özünü göstərir. Bu iki tərəfli ola bilər. Bu həm məmurun və həm də sıravi vətəndaşların o qanuna münasibətinin göstəricisidir. Bəzən məmurlar qanunlardan öz mənafeyi baxımdan yararlanmağa çalışırlar. Bəzən insanlar da öz hüquqlarını bilmədiklərindən buna şərait yaradırlar».

Amma bir çox hüquq müdafiəçiləri 2008-ci ildə təkcə çeşidli hüquq pozuntularından danışmırlar, onlar həm də hüquqların müdafiəsi baxımından da ili mənfi qiymətləndirirlər. Onların sözlərinə görə, əsas diqqət sərbəst toplaşmaq və söz azadlığı hüquqlarının müdafiəsinə yönəldiyindən, hüquq müdafiəçiləri vətəndaşların digər pozulan haqlarının müdafiəsini təşkil edə bilməyiblər.
XS
SM
MD
LG