Keçid linkləri

2024, 19 İyun, çərşənbə, Bakı vaxtı 00:28

«Bura Azərbaycandı, kiməsə elə-belə hədiyyə verilmir»


Hədiyyədirsə şirkət mənzilin bir kvadrat metrini 800-1000 manata yox, 300-400 manata verəydi
Hədiyyədirsə şirkət mənzilin bir kvadrat metrini 800-1000 manata yox, 300-400 manata verəydi
«Televiziyalarda belə bir reklam gedir, üçotaqlı mənzil alana, ikiotaqlı mənzil hədiyyə olunur, buna inanırsınızmı?»
«Bunlar hamısı havayı söhbətlərdi, bu gün kim-kimə pay verər. Bu adamları cəlb etmək üçün bir fənddir. Bir qapıdır, bir pəncərə, lap verdi sənə, gərək onun üstünə bir 50-100 min də pul qoyasan ki, o yaşayış üçün yararlı olsun». Vahid Bayramov həmin evlərin tikildiyi Yeni Yasamalda yaşayır. Deyir bu məsələyə inanmaq istəyir, amma nəsə inana bilmir. Başqa bir həmsöhbətim Könül Ələsgərova isə deyir belə reklamları görə-görə gəlirlər, Vahid Banka əmanət qoyanların aldadılmasından tutmuş, əhaliyə muncuq paylanmasına qədər. Bu baş verənlərin elə də uzaq keçmiş olmadığını deyən Könül Ələsgərovaya görə, təkcə şəxsiyyət vəsiqəsilə kreditə kondisioner, televizor və paltaryuyan maşın verilməsini özü şəxsən yoxlayıb. Reklamı verən həmin ticarət mərkəzinə gedəndə orda çalışan əməkdaşlar ona bu reklamın əslində adamları cəlb etmək üçün verildiyini etiraf ediblər. Elə bu səbəbdən də həmsöhbətim evə əliboş dönüb: «Mən qətiyyən inanmıram, bilirəm ki, bura Azərbaycandı və heç kim heç kimə elə-belə hədiyyə vermir».

Haqqında söhbət açdığımız belə bir reklam «Akkord» Şirkətlər qrupuna mənsubdur. Şirkət Yeni Yasamalda vətəndaşlara təklif etdiyi təmirsiz üç və üstəgəl iki otaqlı hədiyyə kimi verildiyi bildirilən mənzilləri ümumilikdə 89 min, Xırdalanda isə eyni, amma təmirli mənzilləri 83 üç min manata satır. Qiymətlər səslənməsə də, yəqin çoxları bu reklamı ən azı televiziyalardan gündə bir neçə dəfə eşidir.

Ev alqı-satqısıyla məşğul olan firmaların da bu məsələyə birmənalı münasibəti yoxdu. Yeni Yasamaldakı ev alqı-satqı firmasının rəhbəri Musa Səfərov deyir ki, bu hədiyyə yox, heç güzəşt də deyil:
«115 kvadrat metrlik üç otaqlıdırsa, hədiyyə kimi verildiyi deyilən 2 otaqlı mənzil də olsun 70 kv. Bu ümumilikdə 180 kv olur, 90 min manat da hardasa 120 min dollar edir, elə burda başqa yerlərdə də evlər belə satılır».

Musa Səfərova görə, güzəşt və hədiyyə onda olardı ki, ev satan şirkət mənzilin bir kvadrat metrini 800-1000 manata yox, 300-400 manata verəydi.
Bakı sakini Rəşad Əliyev deyir o da bu məsələ ilə maraqlanıb. Və hesablayanda məlum olub ki, hədiyyə kimi verildiyi deyilən mənzilin də pulu elə satılan mənzilin qiymətinə daxildir:

«Tutaq ki, bir elektrotexnika satan bir şirkət reklam verir ki, bir kondisioner alana bir dənə də televizor hədiyyə edilir. Bu çox sadə bir şeydi. Misal üçün kondisioner 600 manatdı, televizor da 200 manat, kondisioner satılır 800 manata və deyilir ki, kondisioner alana bir televizor hədiyyə edilir, amma burda qazanan şirkət olur, reklamla həm alıcıların sayını artırır, həm də bir malla yanaşı digər alınmayan malın da satışına nail olur».
Tikdiyi evlərin satışıyla bağlı belə bir reklamları yerli televiziyalarda səsləndirən «Akkord» Şirkətlər Qrupu isə bu kampaniyanı Yeni İl hədiyyə kampaniyası adlandırır. Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva deyir ki, onların bu reklamından sonra nağd pulla 10 mənzil satılıb. Afaq Quliyeva deyir ki, bəzi şirkətlər 20-30 faiz endirim edirlər, amma onlar endirim etməyiblər və əvvəl olduğu kimi hazırda şirkət Yeni Yasamaldakı mənzillərinin bir kvadrat metri 800 manata satır. Sadəcə nağd pulla ev alanlara ev hədiyyəsi verməyi qərara alıblar. Afaq Quliyeva deyir onların bu hədiyyə kampaniyasını şirkətin müflisləşməsi ilə əsaslandıranlar var, amma onlar yanılırlar: «Yəni şirkətin o qədər istehsal müəssisələri var ki, onların gətirdiyi gəlirlə beş tikinti şirkətini saxlamaq olar nəyinki birini».
Afaq Quliyeva deyir ki, şirkət mənzillərin satılması üçün xeyli güzəştlər edib və bu güzəşt və hədiyyə kampaniyası birinci dəfə deyil. Onun sözlərinə görə, bu daha çox digər şirkətlərin qısqanclığından irəli gələn bir məsələdir. Afaq Quliyevaya görə, şirkətə məxsus hansısa istehsal müəssisəsinin maliyyə çətinliyi üzündən bağlanması barədə məlumatlar da həqiqət deyil. Hədiyyə ilə satılan evlərə gəlincə, Afaq Quliyeva deyir ki, onlardan mənzil alanlara sənəd kimi mənzil sertifikatı verilir.

Şirkət atdığı addımı hədiyyə kampaniyası adlandırsa da bu məsələləri təhlil edən ekspertlər hesab edir ki, dünyada maliyyə böhranı olmasaydı onlar bunu şirkətin güclənməsilə izah edərdilər.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıla görə, istənilən şirkətin belə bir adım atmaq hüququ var, amma bu həm də adı çəkilən şirkətin maliyyə vəziyyətinin pis olması ilə bağlı bəzi qəzetlərdə gedən məlumatların həqiqiliyilə də bağlı ola bilər: «Birincisi, ola bilər ki, şirkət vaxtilə materialların baha olduğu bir vaxtda tikdiyi evlər indi həmin qiymətə satılmır. Bu sahədə şirkətin problemləri olmalıdır, çünki situasiya bundan ibarətdir. Bir mənzil alana biri də hədiyyə edilirsə, bu o deməkdir ki, mənzil bazarında qiymətlər xeyli enib».

Amma adamlar deyir ki, əsas məsələ həmin evləri almaq üçün lazım olan puldu, bu pulda ki, onlarda olmadığından mənzillər hansı yolla satılırsa-satılsın onların həmin mənzillərə sahib olmaq imkanı xeyli aşağıdır.
XS
SM
MD
LG