Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:05

«Azərbaycanda Afrika və Asiya ölkələrindəki kimi addım atıldı»


Konstitusiya Məhkəməsi qarşısında aksiya, 24 dekabr 2008
Konstitusiya Məhkəməsi qarşısında aksiya, 24 dekabr 2008
Dekabrın 24-də Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə müsbət rəy verdi. Məhkəmənin bu qərarına münasibət necədir?

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, Konstitusiya Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsi adlandırılan qurumun olmamasının göstəricidir. Çünki bu gün çıxarılan rəy, Konstitusiya məhkəməsinin verə biləcəyi qərar yox, prezidentə hədiyyə idi.

Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun fikrincə bu qərar Azərbaycandakı qanunvericilik sisteminin dekorasiya rolunu oynadığını göstərdi. Azərbaycan hökuməti Avropada yox, geri qalmış Afrika, Asiya ölkələrində atılan addımı atdı: «Belə bir addımı Zimbabvedə, Uqanda da, Türkmənistanda atırlar. İnkişaf etmiş ölkələrdə belə olmur. Bu göstərdi ki, Azərbaycanda məhkəmə sistemi yoxdur».

Eldar Namazov onu da deyir ki, əslində konstitusiyaya dəyişiklik hökumətə nə isə qazandırmır. Son nəticədə konstitusiyaya dəyişiklik olacaqsa da, hökumətin şansı artmayacaq:

«Mən hesab etmirəm ki, hökumətin qazancı olacaq. Çünki onsuz da inkişaf başqa şeylərdən, iqtisadiyyatdan, sosial vəziyyətdən asılıdır. Burda da problemlərin nə qədər böyük olduğunu bilirik. Yəni dəyişiklik olsa da, divident olmayacaq».
Müsavat başqanı İsa Qəmbər də hesab edir ki, Konstitusiya Məhkəməsinin tələsik qərarı qorxunun, hökumətin narahatlığının göstəricisidir:
«Hakimiyyətin bu antidemokratik konstitusiya dəyişikliklərini belə sürətlə həyata keçirmək cəhdi, özünə arxayın olmadığını göstərir. Məncə bunlar hökumətə xeyir gətirməyəcək, xalq sözünü deyəcək».

İsa Qəmbər deyir ki, olanlar Azərbaycandakı avtoritar rejimin hakimiyyət bölgüsü kimi vacib konstitusion müddəaya da əməl etmədiyini göstərir.
Bundan sonra Milli Məclis məsələni müzakirə edib, referendum barədə qərar çıxarmalıdır. Parlament də konstitusiyaya təklif olunan bütün dəyişikliklərə razılıq versə, referendum keçirilməlidir. Hüquqşünas Erkin Qədirli hesab edir ki, elə belə də olacaq:

«Məsələ müzakirə olunmalıdır, amma şəxsən mən bunu gözləmirəm, yəni müzakirəsayağı bir şey olacaq. Hər hansı cəsarətli çıxış-filan gözləmirəm, elə necə tələsik ediblərsə, eləcə də davam edəcəklər».

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, Konstitusiya Məhkəməsi qanunauyğun rəy verdi: «Konstitusiya Məhkəməsinin qərarı konstitusiyaya tam uyğundur və bugünkü rəy də tam qanunidir».

Konstitusiyada prezidentlik müddətiylə bağlı maddənin dəyişdirilməsini, yəni bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini hakim Yeni Azərbaycan Partiyası təklif edib. Təklif keçən həftə irəli sürüldü və elə keçən həftə Milli Məclisdə müzakirədən sonra sənəd Konstitusiya Məhkəməsinə göndərildi. Dekabrın 26-da məsələ parlamentin iclasında müzakirə olunacaq. Prosedur qaydalarına görə parlamentin razılığından 2 ay sonra referendum keçirilə bilər.
XS
SM
MD
LG