Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:22

Məktəbdə Yeni il bazarı


Orta məktəblərdə şagirdlərə Yeni il şənliyinə biletlər satılır
Orta məktəblərdə şagirdlərə Yeni il şənliyinə biletlər satılır
İlin günün bu vaxtı, yəni Yeni il qabağı orta məktəblərin yan yörəsində dolaşsanız, bir bazar əhval-ruhiyyəsi görəcəksiz. Satıcısı müəllim, alıcısı şagird-valideyn. Bazara çıxarılan isə Yeni il biletləridir. Bu alış veriş adi bazardan onunla fərqlənir ki, müştərinin bileti almamaq kimi bir şansı yoxdur. Abşeron rayon məktəblilərindən Miri Mirzəmmədov 11-ci sinifdə oxuyur, amma ona da ibtidai sinif şagirdlərinə satılan 5 manatlıq Yeni il biletlərindən veriblər:
«Bileti özləri məktəbə gətirib verirlər, məktəbdən də müəllimlər paylayırlar. Belə baxanda, birinci sinif uşağı gedib oturub ona baxır, mən də gedim ora baxım? Nə fərqi oldu ki? Orda uşaq başı aldadırlar. Birinci sinfin uşağıyla 11-ci sinfin uşağı bir deyil axı».

Şagirdlər deyirlər ki, Yeni il şənliyinə getməkdən imtina edə bilərlər, amma pulunu ödəməkdən boyun qaçıra bilməzlər:
«Müəllimlə mübahisə eləmişəm, müəllim deyir ki, mən nə edim, onlar gətirib mənə veriblər, deyiblər satın uşaqlara. Biz də verməsək pulunu müəllimin maaşından kəsəcəklər. Direktor deyir ki, uşaqları məcbur edin götürsünlər. Gəlməsələr də, pullarını versinlər».

Bilet almaqdan imtina edən şagirdləri bəzən sinifdən bayıra atılmaq qorxusu da gözləyir. Məsələn, 4-cü sinifdə oxuyan Ceyhun dünən evə ağlaya-ağlaya qayıdıb. Anası Hicran Abdullayeva da müəllimlərlə mübahisədən təzəcə ayrılıb:

«Yeni ilə görə 5 manatdan pul yığırlar. Uşaq ağlayıb, mənim də imkanım yoxdu verməyə. Uşaq indi deyir ki, mama, pul yığırlar. Dedim ki, mən verməyəcəyəm. Dünən uşağı dərsdən çölə çıxarıblar ki, bilet almalısan. İmkan olmayandan sonra bileti mən nə etməliyəm?!»

«Mən nə etməliyəm» sualını elə müəllimlər də özlərinə verir. 20 ilə yaxındır müəllimə işləyən Sima Muradova deyir ki, Abşeron məktəbliləri üçün Yeni il şənliyi Xırdalanda keçirilir. Konsertin mahiyyətinə görə biletləri baha hesab edən müəllimə deyir ki, şagird bileti almasa, o öz cibindən ödəməlidir:
«Uşaq almasa da, yəqin ki müəllim cibindən verəcək. Uşağa qalsa, heç kim götürmür, baha olduğuna görə almırlar. Bir az aşağı qiymətə olsaydı, bəlkə də alardılar. Mən məcburam öz cibimdən verməyə. Nə edim bəs? Artıq-əskik söz götürməyin dərdindən belə edirəm».

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, məcburi şənlik biletləri satılması halları şəhərin mərkəzindən kənara getdikcə daha da artır. Ekspert bu iş üzrə biznes quran təhsil işçilərinin də olduğunu deyir:
«Adamlar var ki, bu biletlərdən özləri üçün müəyyən qazanc götürürlər. Müəyyən faiz alırlar. Tutaq ki, bu qədər bilet satılarsa, onun 10 faizi məktəb direktorunun, 15 faizi filankəsin, qalanı da filankəsin olacaq. Direktor burda doğurdan da maraqlıdırsa, demək o bu bilet satışından gəlir götürür. Ona görə də belə canfəşanlıq edir».

Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Arif Muradov deyir ki, məktəb teatr kassası deyil və biletlərin orda satılması qadağandır: «Bu və ya digər məqsədlə məktəbdə hər hansı biletin satılması yolverilməzdir. Əgər valideyn istəyirsə uşağını sirkə və ya şənliyə aparsın gedib teatr ya sirkin kassalarından bilet alsınlar».

Qadağaların, sərəncamların heç faydasını görməyən Məlahət Mürşüdlünün fikrincə, məktəbi alış-veriş obyektindən təhsil ocağına qaytarmağın tək yolu ictimai etirazdan keçir.
XS
SM
MD
LG