Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

«Heç köhnə maşınlar da satılmır»


Bakının «Qurd qapısı» deyilən ərazisində yerləşən maşın bazarının işçiləri azalmanın 80% olduğunu deyirlər
Bakının «Qurd qapısı» deyilən ərazisində yerləşən maşın bazarının işçiləri azalmanın 80% olduğunu deyirlər
Dünyanın ən iri avtomobil şirkətlərindən biri «Chrysler» bütün zavodlarını müvəqqəti bağladığını elan etdi. «Ford» da Amerikada yerləşən 10 zavodunu yanvarda bağlamağa hazırlaşır. Yanvarda «General motors» şirkətinin də 20 zavodu işləməyəcək.

Hər üç nəhəng şirkət vəsaitlərinin qurtarmaq üzrə olduğunu bildirib, hökumətdən kömək gözləyir.

Maliyyə böhranı bütün dünyada avtomobillərin satışını aşağı salıb. ABŞ-da son 26 ildə ilk dəfə olaraq, satışda 40%-ə yaxın azalma var. Fransa və Rusiyada satış 10-15%, İsveçdə 36, İspaniyada isə 50% olub.

Bəs Azərbaycanda avtomobillərin satış səviyyəsi necədir? Bakının «Qurd qapısı» deyilən ərazisində yerləşən maşın bazarının işçiləri azalmanın 80% olduğunu deyirlər:

- Vəziyyət çox pisdir, maşın satılmır.
- 70-80% düşüb!
- Bu böhran bizə çox ziyan vurdu.

İlham Əliəşrəfov 15 ildir maşın alveriylə məşğuldur, deyir indiyə qədər belə şey görməyib. Əvvəl gətirdikləri maşını bir neçə günə satırdılarsa, indi maşın bazarda bir neçə ay qalır.

Maşın alan o qədər azalıb ki, maşın bazarının sahibləri satıcılardan aldıqları icarə haqqını iki dəfə aşağı salıblar.

Azərbaycanda da maşınların satılmamasına səbəb maliyyə böhranıdır. Fərq odur ki, Amerikada camaat maşını pulu qurtardığı üçün almır, Azərbaycanda isə müştəriyə pulu verən bank yoxdur.

Azərbaycan alıcısının 80%-i maşını kreditlə alır. Banklarsa böhrandan sonra kredit şərtlərini çətinləşdiriblər.

«Avtomobil» jurnalının redaktoru Vasif Əliyev «Azadlıq» radiosuna deyir ki, indi hər adam bankdan pul götürə bilmir, maşın alanlar yalnız nağd ala bilənlərdir. Odur ki, təklif tələbi üstələyir, bazarlarda maşın yığılıb qalır:

- Əvvəl müştəri aylarla gözləyirdi, indisə müştəri qıtlığıdır, hələ bir neçə aydan sonra situasiya bir az da gərginləşəcək.

İşlənmiş maşınları alanların sayı xüsusilə azalıb. Ona görə ki, maliyyə böhranının sarsıtdığı ölkələrdə kasıblayanlar maşınlarını da satır. Bu da Azərbaycana gətirilən maşınların sayını artırır. Bazarda işlənmiş maşınların satışı ilə məşğul olan Elşən Qurbanov:

- Vallah heç köhnə maşınlar da satılmır, avro qalxır, maşın ucuzlaşır, camaat gözləyir qiymət bir az da düşsün.

Ekspertlər deyirlər ki, «General Motors», «Ford» kimi iri şirkətlər zavodlarını tam bağlasalar, milyonlarla adam iş yerini itirəcək. Avtomobil şirkətlərinin bağlanması başqa sahələrə də təsir edəcək. «Avtomobil» jurnalının redaktoru Vasif Əliyev:

- Tarixdən görürük ki, maliyyə böhranı real sektora sonrakı mərhələlərdə təsir edir. Əsl böhran özünü martdan sonra göstərəcək.

«General Motors», «Ford» və «Chrysler»in düşdüyü ziyan üst-üstə 75 milyard dollardır. Hökumət avtomobil şirkətlərinə yardım məsələsini hələ müzakirə edir. ABŞ Senatı ölkənin avtomobil sənayesinə kömək üçün nəzərdə tutulan 15 milyard dollarlıq məbləği təsdiq etməyib, amma hökumət çıxış yolları barədə fikirləşəcəyini bildirib.
XS
SM
MD
LG