Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Efirə çıxdı, işini itirdi…


Keçmiş polis əməkdaşı Amil Həsənov
Keçmiş polis əməkdaşı Amil Həsənov
Amil indi övladları balaca Sənanla, Gülayla nadir hallarda oynamağa vaxt tapır. Onu polis serjantı vəzifəsindən çıxarandan sonra gecələr də işləyir, gündüz də, taksi sürür. Amil Həsənov deyir ki, onu uşaqlıqdan arzuladığı işindən televiziyada yerli bələdiyyədən şikayət etdiyinə görə çıxarıblar:

«Mədət müəllim üstüörtülü dedi ki, sən ANS-ə çıxmısan. «Lider», AzTV dura-dura getmisən ANS-ə, deməli müxalifətçisən. Mən də dedim ki, AzTV-yə getdim, heç məni qapıdan içəri buraxmadılar, qapıda əli avtomatlılar dayanır».

Amil Həsənov deyir ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyevin göstərişi ilə onu işdən çıxardanda belə əsaslandırıblar ki, polis əxlaqına uyğun gəlməyən əməl törədib. Bu da o deməkdir ki, o, bir də hüquq-mühafizə orqanlarında işləyə bilməz.
Onun dediyinə görə, keçən ilin fevralında Səbail bələdiyyəsinin nümayəndəsi onlara mənzillərini böyütməyə icazə verməyib. Amil Həsənovun anası da ANS-ə şikayət edib. Çəkiliş qrupu gəlib. Amil Həsənov evə daxil olanda anası və həyat yoldaşının bələdiyyə nümayəndəsi ilə mübahisə etdiyini görüb:
«Mən necə dözəydim ki, evdəkiləri təhqir edirdilər?! Heç imkan tapıb polis uniformasını da dəyişə bilmədim və müsahibə verdim».

Amil Həsənov deyir ki, müsahibəsində bircə onu deyib ki, onlar məcburi köçkündürlər, mərhum prezident Heydər Əliyevin göstərişinə görə məcburi köçkünləri evlərindən çıxarmaq olmaz. Bir də prezident İlham Əliyevdən xahiş edib ki, onlara kömək etsin. Bu reportaj efirə çıxandan sonra onu – polis adına həsrət qoyublar.

Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov deyir ki, mülki vətəndaşları kimi polisin də Kütləvi İnformasiya Vasitələrində çıxmaq hüququ var. Amil Həsənovun uniformada efirə çıxmasının isə polis işinə dəxli yoxdur, bu, onun şəxsi şikayətidir.

Amil Həsənov işə bərpa olunması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib, məhkəmə də Daxili İşlər Nazirliyinin xeyrinə qərar çıxarıb.
Keçmiş polis serjantının məsələsini Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidova danışanda Zahidov dedi ki, «məhkəmənin hökmünə hörmətlə yanaşmaq lazımdır».

Amil Həsənov deyir ki, indiyə kimi parlamentə, Ombusman aparatına, Daxili İşlər Nazirliyinə dəfələrlə şikayət edib, hətta Prezident Aparatının qarşısında aksiya keçirib amma işinə baxan olmayıb. 25 yaşlı gənc indi iki uşağı, həyat yoldaşından başqa həm də ata-anasını da dolandırmalıdır. Amil Həsənov deyir ki, uşaqlıq arzusu uğrunda mübarizəsini davam etdirəcək. İnanır ki, əvvəl-axır dövlət başçısı onun səsini eşidib, işinə bərpa edəcək.
XS
SM
MD
LG