Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Azərbaycanda benzin Amerikadan bahadı


ABŞ-da benzin təxminən 2 dəfə yarım ucuzlaşıb və litri Azərbaycan puluyla təxminən 40 qəpik civarındadı
ABŞ-da benzin təxminən 2 dəfə yarım ucuzlaşıb və litri Azərbaycan puluyla təxminən 40 qəpik civarındadı
«Yayda Çexiyada benzinin qiyməti təxminən 2 dollara qalxmışdı. İndi maşına benzin vurdurmuşam, qiymət 1 dollar 20 sentə yaxındı, yəni təxminən 40 faiz ucuzlaşma gedib. Bir çən dolduranda qiymətdə xeyli fərq edir».

Praqada yaşayan azərbaycanlı Eltay Dilbazi «Azadlıq» radiosuna belə deyir. İyul ayında dünya bazarlarında neftin 1 bareli 150 dollara yaxınlaşanda, Çexiyada da buna uyğun olaraq yanacağın qiyməti çox bahalaşmışdı. Həmin vaxt Eltay da bir çox çexiyalı kimi maşını qarajda saxlamaq, ictimai nəqliyyatdan istifadə etmək haqda düşünməyə başlamışdı.

Amma indi təkcə Çexiyada yox, Avropanın başqa ölkələrində də, Amerikada da benzin ucuzlaşır. Məsələn, Amerikada yayda benzinin qiyməti rekord həddə qalxmışdı – litri Azərbaycan puluyla təxminən 1 manat idi. İndi təxminən 2 dəfə yarım ucuzlaşıb və litri Azərbaycan puluyla təxminən 40 qəpik civarındadı, ştatdan-ştata bu qiymət fərqlənir. Dünyanın ən bahalı ölkələrindən olan Böyük Britaniyada təkcə noyabrda benzin 10 faiz ucuzlaşıb. İndi litri Azərbaycan puluyla 1 manat civarındadı.

2005-ci ilə qədər parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil etmiş iqtisadçı Əli Əlirzayev deyir ki, dünya bazarlarında neftin ucuzlaşması müvəqqəti prosesdi, qiymətlər 6 aya yenə yüksək həddə qalxacaq. Onun fikrincə, bu səbəbdən Azərbaycanda benzini ucuzlaşdırmağa ehtiyac yoxdu.

İndi bir çox neft ixrac edən ölkələri özündə birləşdirən OPEK təşkilatı dünya bazarlarında neftin qiymətinin qalxması üçün hasilatı əhəmiyyətli dərəcədə azaltmağı düşünür. Gözlənilir ki, təşkilatın dekabrın 17-dəki iclasında OPEK ölkələri hasilatı 2 milyon barel azaldacaqlar. Bu, OPEK tarixində ən böyük hasilat ixtisarı ola bilər.

Bundan başqa, OPEK ölkələri bu dəfə təşkilata daxil olmayan ölkələrdən də eyni addımı gözləyir. Dünya bazarlarına çıxarılan neftin təxminən onda birini verən Rusiya da bəyan edib ki, hasilatı azaltmaq lazımdı.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev isə deyir ki, Azərbaycandan fərqli olaraq Avropa və Amerikada benzin ona görə ucuzlaşıb ki, orada neft sektorunda azad bazar prinsipləri işləyir, monopoliya yoxdu, Azərbaycandakı kimi nefti çıxaranla nefti emal edən eyni təşkilat deyil. Bundan başqa, həmin ölkələrdə xüsusi qanunlar var ki, yanacaq qiymətlərini dünya bazarının diqtəsinə uyğun tənzimləyir. Hətta avtoritar ölkə sayılan Rusiyada da belədi:

«Rusiya hökuməti proseslərə kifayət qədər çevik müdaxilə edir - xam neftin ixrac rüsumlarını axır üç ayda üç dəfəyə qədər aşağı salıblar. Bundan başqa, bazara nəzarət edən antiinhisar departamenti ardıcıl bəyanatlar verir ki, əgər hansısa şirkət möhtəkirlik edəcəksə, qiymətlərin ucuzlaşmasına getməyəcəksə, qanunun imkan verdiyi çərçivədə sanksiyalarla üzləşəcək».

Düzdür, indi OPEK çalışır ki, neft yenidən bahalaşsın. Məqsəd neftin barelini təzədən 75 dollar civarına qaldırmaqdı. Səudiyyə Ərəbistanı bir qədər əvvəl bəyan etmişdi ki, neftin ədalətli qiyməti məhz 75 dollar olardı.

Amma OPEK-in bundan qabaqkı iki iclasda neft hasilatını azaltması neftin ucuzlaşmasının qarşısını ala bilməmişdi. Dünyanın aparıcı bankları indi 45 dollar civarında olan neftin gələn ilin əvvəlinə 30 dollardan da aşağı düşəcəyini proqnozlaşdırırlar. Bəzi OPEK ölkələri isə etiraf edirlər ki, ola bilər ki, Səudiyyə Ərəbistanının ədalətli dediyi qiymətə - 75 dollara çatmaq gələn ilin axırından tez mümkün olmasın.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG