Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:00

Qaçqın məktəbləri ləğv edilsin


Zəngilan rayonu 37 saylı orta məktəb Bayıl qəsəbəsində yerləşir
Zəngilan rayonu 37 saylı orta məktəb Bayıl qəsəbəsində yerləşir
Məktəbləri ilə məni tanış edən 11-12 yaşlı uşaqlarla yolda qarşılaşdım. Mağazadan qayıdırdılar. Dediklərinə görə, müəllimləri şəkər tozu almaq üçün onları göndərib:

- Dərsiniz qurtarıb?
- Yox qaçmışıq.
- Dükan-bazardan gəlirsiz?
- Hə müəllimlərə alırıq. Kompot edəcəklər.

«Gözləyin məktəbimizi göstərərik. Özünüz tapa bilməzsiz» – deyib məndən irəliyə keçdilər. Zəngilan rayonu 37 saylı orta məktəb Bayıl qəsəbəsində yerləşir. Məktəbin fəaliyyət göstərdiyi bina ikimərtəbəlidir və çöldən mala çəkilməyib. Bu cəhətinə görə də ətrafında olan evlərdən seçilmir. İkimərtəbəli binanın yalnız 2-ci mərtəbəsi məktəb fəaliyyəti üçün nəzərdə tutulub. Məktəbin həyəti yoxdur, giriş qapısına yol torpaqlıqdan keçir. Məktəb heyəti 32 müəllimdən və 102 uşaqdan ibarətdir. Məktəb direktoru Lətifə Abbasova deyir ki, məktəb 12 ildir fəaliyyətdədir və heç bir qurum onlara kömək etmir:

- Bunların hamısını öz müəllimlərimizin gücünə etmişik.

Lətifə Abbasova sinifləri gəzərək bir-bir divarlardan asılan dərs vəsaitlərini, plaktları göstərir. Məktəb 1 dəhliz, 5 sinif, 1 müəllimlər və 1 direktor otağından ibarətdir. Sinif otaqlarının biri məktəbin elə girişindədir. O yerdə ki, ora adətən foye adlanır. Parta və stullara dəhlizdə də rast gəlmək mümkündür. Siniflər 10-15 şagirdin otura bilməsinə kifayət edir:

- Biz də istərdik ki, geniş otaqlarımız, kompyuterlərimiz olsun. Məktəbə cəmi üç kompyuter verilib.

«Qaçqın məktəblərində texniki təchizat yox dərəcəsindədir, müəllimlərin hazırlıq səviyyəsi isə çox aşağıdır» - deputat İqbal Ağazadə belə düşünür. Onun sözlərinə görə, bu məktəbin məzunlarının ali məktəblərə daxil olma statistikası olduqca aşağıdır.

Zəngilan rayonu 37 saylı məktəbin direktoru Lətifə Abbasova bununla razılaşmır:

- Bizim məktəblərdən prezident təqaüdünə düşənlər də var, hər il 6-8 uşaq universitetə daxil olur. Özünüz də görürsüz ki, bu uşaqların heç biri repititor yanına gedənə oxşamır.

İqbal Ağazadə isə qaçqın məktəblərinin ləğvini təklif edir, çünki:

- Bunlar hamısı Təhsil Nazirliyinin rüşvətə yol açdığı vasitədir. Qaçqın məktəblərində davamiyyət məsələsinə çox səthi yanaşılır. Repititor yanına gedən uşaqlar dərsə getməmək üçün qaçqın məktəblərinə üz tuturlar. Çünki orda dərsə gəlməməyin şərtləri daha ucuzdur. Ona görə də düşərgələr istisna olmaqla, bütün ərazilərdə qaçqın məktəbləri ləğv edilməlidir.

Zəngilan rayonu 37 saylı məktəbin direktoru Lətifə Abbasova isə deyir ki, «axı bu geyimlə uşaqlarımız gedib şəhər məktəbində oxuya bilmir? Orda yaxşı geyimlər lazımdır. Burda isə hamımız eyni təbəqənin adamlarıyıq».

Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumtəhsil məktəbləri şöbəsinin aparıcı məsləhətçisi Avaz Yusifov isə deyir ki, bəzi məcburi köçkün rayonlarının ali məktəblərə qəbul faizləri adi məktəblərin göstəricilərindən yüksək olur.

A.Yusifovun sözlərinə görə, qaçqın və məcburi köçkün məktəblərində Təhsil Nazirliyi tərəfindən ardıcıl olaraq yoxlamalar aparılır. Davamiyyət və digər məsələlərlə bağlı heç bir problem aşkar edilməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 2007-2008-ci tədris ili ərzində Zəngilan rayonu ümumtəhsil məktəblərindən ümumilikdə 361 abituriyent universitetlərə sənəd verib. Onlardan 91-i ali məktəbə daxil olub. 37 saylı Zəngilan rayon məktəbindən isə 10 nəfər sənəd verib və bir nəfər universitetə qəbul olub.
XS
SM
MD
LG