Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

«Hökumət həmişə haqlı - 8 faiz, hökumət həmişə haqsız - 16 faiz»


Azərbaycanlılar dindəyişmə məsələsində daha kəskin mövqe tuturlar
Azərbaycanlılar dindəyişmə məsələsində daha kəskin mövqe tuturlar
Dünyada ictimai rəyi öyrənən «World Public Opinion Poll» təşkilatı Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 iliyi ilə bağlı 25 ölkədə sorğu keçirib. Bu 25 ölkəyə Azərbaycan da daxildir.

Əvvəlcə dünya üzrə əsas nəticələr haqda. Sorğuya görə, rəyi soruşulanların 88 faizi deyib ki, hökuməti tənqid etmək hər bir insanın haqqıdır. O cümlədən 75 faiz hesab edir ki, insanlar istədiyi vaxt sərbəst şəkildə hökumət əleyhinə dinc nümayişə çıxa bilər.

Sorğuda azərbaycanlıların verdiyi konkret cavablara gəlincə, aşağıdakı nəticələr üzə çıxıb. Məsələn, soruşulub ki, sizin fikrinizcə, sizin hakimiyyət həmişəmi düzünü edir? 8 faiz hesab edir ki, həmişə düzünü edir, 16 faiz isə deyib ki, heç vaxt düzünü etmir. 33 faiz deyir ki, çox vaxt düzünü edir, 40 faizin fikrincə isə hakimiyyət bəzən düzünü edir.

Bir sual da belə olub: Sizin ölkə xırda qrupun marağına uyğun idarə olunur, yoxsa bütün xalqın marağına? Azərbaycanlıların 61 faizi deyib ki, xırda bir qrupun marağına, 25 faiz isə hesab edir ki, xalqın marağına. Müqayisə üçün Çində əksinədir - 65 faiz deyir xalqın marağına, 25 faiz hesab edir ki, xırda qrupun marağına.

Sorğuya görə, insanlar belə düşünür, ancaq tənqidə gələndə fikirlər dəyişir. «Hökumət və ya dini liderləri tənqid etmək haqqı çoxmu mühümdür» sualına azərbaycanlıların cəmi 50 faizi deyib ki, çox mühümdür. Bu, sorğu üzrə ən aşağı göstəricilərdən biridir. Ya bəlkə Azərbaycandakı sorğu iştirakçıları tənqidin səmərəsinə inanmırlar?

Hökumətin siyasətinə etiraza gəldikdə də azərbaycanlıların cavabı Qərbin ən inkişaf etmiş ölkələrindəki cavablardan xeyli fərqlənir. Fransada 91, Amerikada 94 faiz hesab edir ki, dinc nümayişə çıxmaq insanın haqqıdır, Azərbaycanda isə cəmi 72 faiz fikirləşir ki, insanın belə haqqı var. Bu rəqəm daha çox geridə qalmış ölkələrə yaxındır.

«Sizin ölkədə medianın nə qədər azadlığı var» sualına cavabda azərbaycanlıların cəmi 14 faizi deyib ki, medianın xeyli azadlığı var. Eyni 14 faiz yalnız Nigeriyadadır.

Azərbaycanlıların 38 faizi isə hesab edir ki, medianın bir az azadlığı var.

Bəs hökumət nəzarətindən kənar yazı yazmaq medianın haqqıdırmı? Azərbaycanlıların yenə də cəmi 55 faizi hesab edir ki, bu, medianın haqqıdır. Amerikada, Fransada, Britaniyada bu rəqəm 70-72 faizdir. Azərbaycanın göstəricisi isə daha çox Misirdəkinə yaxındır. Burda 49 faiz deyir ki, medianın haqqıdır, 54 faiz isə fikirləşir ki, hökumət nəzarəti olmadan medianın yazı yazmaq haqqı olmamalıdır.

Azərbaycanlıların cavablarında sorğu nəticələrindən xeyli fərqlənən bir məqama diqqəti cəlb edək. Azərbaycanlılar dindəyişmə məsələsində daha kəskin mövqe tuturlar və onların 63 faizi hesab edir ki, insanlara imkan vermək olmaz ki, sərbəst şəkildə dinlərini dəyişsinlər.
XS
SM
MD
LG