Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:41

«Qafqazın açarı»


«Azərbaycana Amerikanın Qafqaz siyasətində ögey uşaq yeri ayrılıb»
«Azərbaycana Amerikanın Qafqaz siyasətində ögey uşaq yeri ayrılıb»
«International Herald Tribun» qəzeti Azərbaycan haqqında məqalə dərc edib. «Qafqazın açarı» adlanan məqalənin müəllifi Stanley Veys bu yaxınlarda Amerika biznes nümayəndə heyətinin tərkibində Cənubi Qafqaza səfər edib. O, Azərbaycanda prezident İlham Əliyev də daxil olmaqla ölkənin siyasi, hərbi və biznes liderləri ilə görüşlərdə iştirak edib.

Müəllif yazır ki, Azərbaycana gələndən bir-necə gün sonra aydın oldu ki, nəyə görə, ABŞ səfiri Enn Ders onları məhz «Xəzərin Hyustonuna xoş gəlmisiniz» sözləri ilə qarşılayıb. Xəzər dənizinin böyük neft yataqlarına malik olmasını xatırladan Veys Amerika diplomatlarından kiminsə dediyi sözlərə istinad edir:

«Azərbaycan bizim dünyanın bu hissəsində görmək istədiyimiz bütün işlərin mərkəzində durur».

Azərbaycansız Rusiyadan kənar keçən yeni nəsil alternativ neft kəmərləri heç vaxt mümkün olmazdı. Müəllif yazır ki, bu kəmərlər vasitəsilə Qazaxıstan neftini və Türkmənistan qazını daşımaq olar.

İlham Əliyevin apardığı siyasəti qiymətləndirən müəllif yazır ki, qonşu Gürcüstan prezidentindən fərqli olaraq, o, «rus ayısı»nı qıcıqlandırmaq istəmir, Qərb və Şərq arasındakı nazik xətt üzrə hərəkətinə davam etmək fikrindədir. Bu siyasətə misal gətirən müəllif qeyd edir ki, Azərbaycan Ordusu NATO qüvvələri ilə birgə təlimlərdə iştirak etsə də, Azərbaycan NATO-ya üzv olmağa can atmır.

İlham Əliyev təkidlə bildirir ki, 90-cı illərdə Ermənistanın Rusiyanın köməyi ilə işğal etdiyi Azərbaycan ərazisinin - Dağlıq Qarabağın geri qaytarılmasının vaxtı çatıb. Lakin o, Gürcüstandakı hadisələr zamanı olduğu kimi Rusiyaya bəhanə vermək fikrində deyil.

Daha sonra müəllif yazır ki, strateji əhəmiyyətinə və terrorizmlə mübarizədə aktiv roluna baxmayaraq Azərbaycana Amerikanın Qafqaz siyasətində ögey uşaq yeri ayrılıb. Bu fikri əsaslandıran Veys belə bir fakta diqqət yetirir ki, Saakaşvilinin Rusiya ilə uğursuzluğuna baxmayaraq, Gürcüstana müharibədən əvvəl ayrılmış 2 milyard dollarlıq yardıma müharibədən sonra daha 1 milyard əlavə edilib. Amerikanın erməni lobbisi isə nəinki Ermənistana 2 milyardlıq yardımın təşkil olunmasına, həmçinin Qarabağ münaqişəsinə görə, Birləşmiş Ştatların Azərbaycana olan yardımının məhdudlaşdırılması haqda qərarların qəbul edilməsinə nail olur.

Deys yazır ki, Azərbaycanda demokratiya yoxdur. 46 yaşlı İlham Əliyev Azərbaycanı həm sovet, həm də müstəqillik illərində idarə edən avtoritar rəhbər olan atasının bacarıqlı şagirdidir:

«Məsələn, bizim nümayəndə heyətinin Azərbaycana gəlişindən bir qədər əvvəl iddia edildi ki, o, 89 faiz səs qazanmaqla yenidən prezidentdir».

Veys məqalənin əvvəlində adını cəkmədiyi diplomatın sözlərinə qayıdaraq bildirir ki, əgər Azərbaycanın regiondakı əhəmiyyəti belə böyükdürsə, ona Vaşinqtonun Qafqaz siyasətində də mərkəzi yer verilməlidir. Onun fikrincə, Azərbaycanın və regionun iqtisadi inkişafına kömək etmək üçün yeni seçilən Obamanın administrasiyası gərək əsas maneə olan Dağlıq Qarabağ məsələsini həll etsin. Onu fikrincə, hazırda danışıqlar prosesində kompromisslərin əldə olunması mümkündür.

Regiondakı geosiyası vəziyyəti müəllif belə təsvir edir: Əliyev Qarabağı geri qaytarmaq istəyir, lakin başa düşür ki, Moskva bunun zor gücünə həyata keçirilməsinə yol verməyəcək. Təcrid olunmuş, əldən düşmüş Ermənistan çox istəyir ki, Azərbaycan və Türkiyə 16 illik iqtisadi bolkadaya son qoysunlar. Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmaq istəyir. Avropa özünün «Nabucco» qaz xəttinin tikilməsinə mane olan daha bir münaqışənin başlanmasını arzulamır. Son diplomatik fəallıqları isə Rusiyanın və Türkəyinin regionda lider rolunu oynamaq iddialarını göstərir.

Veys yekunda yazır ki, bu donmuş münaqişənin asan həlli yoxdur. Lakin aparıcı qüvvələrin ardıcıl dəstəyi ilə Qafqaz ölkələri nəhayət ki, diqqəti hərbi münaqişələr əvəzinə iqtisadi əməkdaşlıq məsələlərinə yönəldə bilərlər. Bununla vaxtilə ipək yolunu təşkil edən ölkələr 21-ci əsrin enerji dəhlizini yarada bilər.
XS
SM
MD
LG