Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:41

Hüquqla siyasət arasında qalan məhkəmə


İkinci itthamnamənin də məhkəməyə təqdim edilməsindən sonra Ergenekon prosesinin illərlə davam edəcəyi bildirilir
İkinci itthamnamənin də məhkəməyə təqdim edilməsindən sonra Ergenekon prosesinin illərlə davam edəcəyi bildirilir
Türkiyə tarixinin ən böyük məhkəmə prosesi kimi qəbul edilən Ergenekon davası bir aydır ki, başlayıb.
Prokurorluğun hazırladığı 2500 səhifəlik ittihamnamənin oxunması 9 gün çəkdi. Üç həftədir ki, şübhəli şəxslər dindirilir. Onlar istintaqın irəli sürdüyü ittihamları rədd edirlər.
Ergenekon - Türkiyə tarixinə hüquqla siyasətin içiçə girdiyi bir proses kimi daxil olur. Bu ilin yayında istefada olan iki ordu generalının Ergenekon işi ilə bağlı həbs edilməsindən sonra Baş nazir Ərdoğan özünü prosesin prokuroru, ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal isə prosesin vəkili elan etməkdən çəkinmədilər.
İstintaqın kilid şəxslərindən biri - 12 iyun 2007-ci ildə İstanbulun Ümraniyə gecəqondu məhəllələrindən birindəki evində bombalar tapılan adam məhkəmə tərəfindən sərbəst buraxıldı.
İlk mərhələdə həbs edilənlərin məhkəmədəki çarpaz sorğularında şübhəli şəxslərin hamısı 12 iyunda jandarma əməliyyatında ələ keçirilən bombaların içinin boş olduğunu bildirdilər.
Aşkar edilən bombalar bir həftə sonra ləğv edildiyindən məhkəmədə onlardan əşyayi-dəlil kimi istifadə etmək olmur. Ergenekon məhkəməsinin indiki mərhələsində 48 nəfəri həbsdə, 30 nəfəri isə sərbəst olan 78 şübhəli şəxs sorğu-suala çəkilir. 1 iyuldan sonra həbs edilənlər barədə əlavə ittihamnamə hazırlanacaq.
Bir aydır ki, məhkəmədə təhqiq edilməsinə baxmayaraq 2500 səhifəlik Ergenekon ittihamnaməsi barədə türk ictimaiyyətində müxtəlif fikirlər mövcuddur. Ergenekon məhkəmə prosesini 4 nəfərdən ibarət parlamentar heyətlə izləyən ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının Manisa millət vəkili Şahin Mengüyə görə, bu, siyasi bir layihədir. «Azadlıq» radiosunun suallarına cavab verən Şahin Mengü Ergenekon çərçivəsində ilk həbslərin olduğu günlərdə hökumətin bəzi üzvlərinin bu dalğanın davam edəcəyi ilə bağlı açıqlamalarını xatırladır:
Bu ilin yayında istefada olan iki ordu generalının Ergenekon işi ilə bağlı həbs edilməsindən sonra Baş nazir Ərdoğan özünü prosesin prokuroru, ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal isə prosesin vəkili elan etməkdən çəkinmədilər
«Bütün bunlar Ergenekon prosesinin siyasi layihə olduğunu ortaya qoyur. Əlbəttə, biz bu prosesdə günahı olanların cəzalandırılmasını istəyirik. Türkiyədə bir qrup insan hökuməti illeqal yollardan yararlanmaqla devirməyə çalışırsa, məhkəmə onları cəzalandırsın. Ancaq insanlar ideoloji baxışlarına görə və insan hüquqları tapdanaraq aylardan bəri məhkəməyə çıxarılmadan həbsdə qalırsa, təbii ki, Cümhuriyyət Xalq Partiyası bunu axıra qədər yaxından təqib edəcək. İndi bizi ən çox ratahladan şey - bir hüquq sənədi olmaqdan daha çox, bir dedi-qodu sənədi olan ittihamnamənin oxunmasının bitməsi və prosesin hakimlərin nəzarətinə keçməsidir. Biz Türkiyədə hakimlərə güvənirik. Mən indidən insanların suçlu olub-olmayacağını deyə bilmərəm, ancaq bu prosesdən ciddi bir nəticə əldə ediləcəyini zənn etmirəm».
«Azadlıq» radiosunun sualına cavab verən Milliyyətçi Hərəkat Partiyası Kars millət vəkili, 54-cü hökumətin Dövlət naziri Gürcan Dağdaş isə iqtidar və ana müxalifət partiyalarının Ergenekon prosesini tamamilə siyasiləşdirdiklərinə diqqəti cəlb edərək bu mövzuda şərh verməyin doğru olmadığını vurğulayır. Gürcan Dağdaşa görə, belə böyük və iddialı prosesdə Baş nazir «prokuror», ana müxalifət partiyası liderinin isə «vəkil» rolunu bölüşmələri hüquqa sayğısızlıqdır. Ona görə də heç olmasa bundan sonra hüququn rahat işləməsinə nail olmaq lazımdır.
Ergenekon prosesinin prokurorluq təhqiqatı vaxtı polis nəzarətinə alınmalar və həbsdə olan şübhəli şəxslərin uzun müddət məhkəməyə çıxarılmamaları tənqidə məruz qalmış, ABŞ Dövlət Departamenti bununla bağlı narahatlıq ifadə etmiş, AB isə Türkiyə ilə bağlı İrəliləmə hesabatında Erkenekon prosesindəki insan hüquqları pozuntularına yer vermişdi. Qərbdəki bir çox şərhçi isə Ergenekon prosesinin hakim Ədalət və İnkişaf Partiyasının qapadılması ehtimalına qarşı iqtidarın özünün yaratdığı bir istintaq prosesi olduğunu iddia edir. Siyasi şərhçilər 30 iyulda Konstitusiya Məhkəməsinin hakim partiyanı qapatmamasından sonra Ergenekon prosesinin də iqtidarı dəstəkləyən mediada belə gündəmdən çıxarıldığına diqqəti cəlb edirlər.
Ergenekon bu qədər siyasiləşdimi? «Azadlıq» radiosunun sualına cavab verən Türkiyə Böyük Millət Məclisi NATO Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından Kırıkkalə millət vəkili Vahid Ərdəmə görə, prosesin birinci mərhələsi ilə bağlı məhkəmənin başlaması önəmli addımdır və artıq hamının hüquqa sayğılı olmaqdan başqa çarəsi yoxdur. Vahid Ərdəm Ergenekon prosesində Baş nazirin özünü prokuror, ana müxalifət partiyası liderinin isə vəkil elan etməsini ciddi qarşılamamağın lazım olduğuna inanır.
Ergenekon prosesində məhkəmə qarşısına çıxarılan bir çox yazar, alim, jurnalist, partiya lideri, istefada olan general və zabitlər türk hökumətini üsyan yolu ilə devirməyə cəhd etmək, terror təşkilatı qurmaq və onu idarə etməkdə günahlandırılır. Prokurorun məhkəməyə təqdim etdiyi ittihamnamədə bu cinayətlərdə suçlanan 84 yaşlı jurnalist İlhan Selçukun 500 il həbsi tələb edilir. 1 iyulda həbs edilən istefada olan ordu generalları Şener Eruygur və Hurşit Tolon da eyni motivlərlə suçlanır. 1 iyuldan sonra həbs edilən şübhəli şəxslər barədə prokurorluq hələ ki, ittihamnamə hazırlamayıb. 27 iyul 2007-ci ildə həbs edilən və prezident Gül, Baş nazir Ərdoğan və Məclisin keçmiş sədri Arınçı tənqid edən kitabların müəllifi Ergun Poyrazın məhkəmədə dindirilməsinə isə başlanmayıb. İkinci itthamnamənin də məhkəməyə təqdim edilməsindən sonra Ergenekon prosesinin illərlə davam edəcəyi bildirilir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG