Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

«Hökumət insan haqlarına ölkənin daxili məsələsi kimi baxır»


H.Hacızadə deyir ki, söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulması isə artıq Azərbaycanda kiçik siyasi dairələrin mənafeyinə təhlükə yaradır
H.Hacızadə deyir ki, söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulması isə artıq Azərbaycanda kiçik siyasi dairələrin mənafeyinə təhlükə yaradır
«Arzum bu olub ki, mən polisdə işləyəndə vətəndaşların hüququnu qoruya bilim…Tək bu gün yox, həmişə».
Metronun «Sahil» stansiyasının təhlükəsizliyində dayanan polis əməkdaşı belə deyir. O, bu həftə bütün dünyada Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60-cı ildönümünün qeyd olunmasından xəbərdar olmasa da, düşünür ki, öz postunda insanların ən əsas hüququnu - yaşamaq haqqını qoruyur.
İnsanın fundamental hüquqları yaşamaqla bitmir. 60 il əvvəl qəbul olunmuş və bütün dünya ictimaiyyətinin istinad yeri olan İnsan Haqları Bəyannaməsində insanların mülkiyyət hüququndan tutmuş, seçib-seçilmək azadlığına qədər bəşəri dəyərlər əks olunub.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bu məsələyə həsr olunan baş məqaləsində deyir ki, Bəyannamənin qəbulundan keçən 60 il ərzində hər bir qitədə ondan irəli gələn hüquqlar üzrə nəzərəçarpan nəticələr əldə edilib. Bununla belə, səfir qeyd edir ki, yüz milyonlarla insanın fundamental hüquqlarını onların hökumətləri hələ də tanımır.
«Far» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə deyir ki, Azərbaycanda ən kütləvi pozuntular insanların seçib-seçilmək hüququ ətrafında baş verir. Onun fikrincə, məhkəmələrin müstəqil olmaması və rüşvətlə işləmələri də kütləvi hüquq pozuntuları doğurur. H.Hacızadə deyir ki, söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulması isə artıq Azərbaycanda kiçik siyasi dairələrin mənafeyinə təhlükə yaradır. Çünki ölkədə ümumbəşəri dəyərlər uğrunda çox dar dairələrdə mübarizə aparılır. H.Hacızadənin fikrincə, hökumət hələ də insan haqlarına ölkənin daxili məsələsi kimi baxmağa çalışır:
«Bu qavrayış orta əsrlərin suverenlik hüquqlarından irəli gəlir. Ancaq 20-ci əsirin ortalarından etibarən dünya insan hüquqlarına bir ölkənin daxili işi kimi baxmır».
Parlamentin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova da deyir ki, Azərbaycanın qanunvericilik bazası insan hüquqlarının, əsas azadlıqların tanınmasını özündə ehtiva edir. Onun fikrincə, bu da hakimiyyətin insan hüquqlarının qorunmasında maraqlı olduğunun göstəricisidir. Millət vəkili bəzən real həyatda insan hüquqlarının və əsas azadlıqlarının tanınmamasını isə belə izah edir:
«Ən vacibi və ən çətini qanunları işlək vəziyyətə salmaqdır. Bəli, bəzən qanunların icrası zamanı müəyyən problemlər özünü göstərir. Bu, iki tərəfli ola bilər. Bu, həm məmurun, həm də sıravi vətəndaşların həmin qanuna münasibətinin göstəricisidir».

Ancaq bəzi sıravi ölkə vətəndaşları tez-tez hüquqlarının tapdalanmasının məsuliyyətinin nə özlərinin, nə də bir-iki məmurun üzərinə atılmasının tərəfdarı deyillər. Hərçənd günahı ayrı-ayrı məmurlarda görənlər də var:
- Hər addımda hüquqlarımız tapdalanır. Sözümüzü deyə bilmirik. Söz deyənin ağzından vururlar.
- Bizim burada evimiz uçub. Tikinti şirkəti biz orda qalmaya-qalmaya xidmət pulu tələb edir. Bu, elə hüquqları tapdalanmaqdır da.
- Hər şey qaydasındadır, ölkə demokratiya yolu ilə gedir.

Bu il Ümumdünya İnsan Haqları Bəyannaməsinin ildönümü həm də dünya müsəlmanlarının, o cümlədən azərbaycanlıların Qurban bayramını qeyd etdiyi günlərə təsadüf edir. Fəlsəfə elmləri namizədi, dinşünas Müşfiq Şükürlü deyir ki, bu günlərdə insan hüquqlarını həm Bəyannamənin ildönümü, həm də dini bayram aktual edir. Demokratiya və insan haqlarının ümumbəşəri dəyərlər olduğunu deyən alim islamın insan hüquqlarına qarşı qoyulması ilə razı deyil. Sadəcə, onun fikrincə, islam insana verilən haqları onun təbiətini nəzərə alaraq tənzimləyir. M.Şükürlü deyir ki, mili mentalitet, yaxud dini fərqliliklər insan haqlarının məhdudlaşdırılması üçün heç bir halda istinad mənbəyi ola bilməz.
XS
SM
MD
LG