Gürcüstanda dörd nazir - müdafiə, xarici işlər, təhsil və mədəniyyət nazirləri istefaya göndərilib. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında baş nazir Qriqol Mqaloblişvili məlumat verib. Müdafiə və xarici İşlər nazirləri separatçı Cənubi Osetiyanın Tbilisinin nəzarətinə qaytarılması cəhdləri və Rusiya ilə uğursuz müharibəyə görə müxalifətin Saakaşvili hakimiyyətinə qarşı tənqidlərinin əsas hədəflərindən idi. Saakaşvili indiki baş nazir Mqaloblişvilinin özünü də həmin müharibədən sonra – oktyabr ayında bu vəzifəyə təyin edib.
Avqust ayında Gürcüstan separatçı Cənubi Osetiyanı öz nəzarətinə qaytarmağa cəhd edəndən sonra Rusiya Gürcüstana hərbi müdaxilə edib. Onun separatçı bölgələri – Cənubi Osetiya və Abxaziyanı da müstəqil dövlət kimi tanıyıb.