Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:30

Müxalifətin iddiası təmin olunmadı


Səbail Rayon Məhkəməsi müxalifətin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddianı təmin etməyib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının saytına bildirdiyinə görə, dekabrın 4-də hakim Elnur Hüseynovun sədrliyi ilə keçirilən iclasda iddia tamamilə rədd olunub. A.Hacılı məhkəmnin qərarını rəsmi şəkildə əldə etdikdən sonra yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini deyib.
Müxalifətin Əməkdaşlıq Mərkəzi (şərti olaraq belə adlandırılan qurumda Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları və Azərbaycan Naminə İctimai Forum birləşir) 15 oktyabr prezident seçkisi ərəfəsində Bakıdakı 9 meydandan birində («Azneft» meydanı, Əzizbəyov heykəlinin qarşısı, Teleteatrın binası qarşısındakı meydan, «Nərimanov» kinoteatrının qarşısındakı meydan, Cəfər Cabbarlı meydanı, Füzuli meydanı, Gənclik meydanı, Milli Elmlər Akademiyasının qarşısındakı meydan və Hüseyn Cavid bağı) kütləvi aksiya keçirmək üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meriya aksiyaların göstərilən yerlərdə keçirilməsinə razılaşmayıb və hər dəfə aksiya üçün indiki Azərbaycan Dövlət Neft Şirkətinin Bibiheybətdəki İdman-Sağlamlıq Mərkəzini (Bibiheybət stadionu) ayırıb. Müxalifət isə stadiona getməyib və aksiyaları təxirə salıb.

Meriyanı «Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun müddəalarını pozmaqda günahlandıran müxalifət onun qərarlarının qanunsuz sayılmasını tələb edib. «Media forum»
XS
SM
MD
LG