Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:07

Atasının yolunu gözləyən uşaqlar…


Rusiyada tacik işçi miqrantlar, 15 aprel 2008
Rusiyada tacik işçi miqrantlar, 15 aprel 2008
Aylarla, bəzən illərlə Rusiyada işləyən atasının yolunu gözləyən uşaqların xəyalları Azərbaycanda da yəqin ki, çoxlarına tanışdır. Azərbaycan kimi Tacikistanda da iş tapa bilməyən kişilər mövsümi işlər, bazarlarda ticarət dalınca Rusiyaya gedirlər.

İldə-bəzən iki ildə bir dəfə evinə dönəndə işə 6 yaşlı bu tacik qızı - Hanqoma kimi uşaqlar analarından soruşurlar ki, bu qəribə kişi niyə bizim evdə yaşayır. Cəmi bir neçə aylıq birgə yaşayışdan sonra yenə ailənin başçısı qazanc dalınca Rusiyaya üz tutur, uşaqları da onlar haqqında xəyallar qururlar:

«Atam Rusiyadadır, onu iki il əvvəl görmüşəm. O mənə, hər şey gətirəcək, paltar, ayaqqabı…»

Tacikistanda yaşlı adamlar deyirlər ki, bir II Dünya Müharibəsində beləydi, bir də indi. İlin əksər günlərində kəndlərdə başıpapaqlı tapılmır.

35 yaşlı Surayo kimi evdə uşaqları ilə baş-başa qalan qadınlar isə əkin-biçindən tutmuş, odun doğramağa qədər evin hər cür kişi işini də görürlər, qadın işini də: «Uşaqlarım deyir ki, daha bizə ata lazım deyil. Çünki onlar görürlər ki, onsuz da mən özüm hər işi görürəm».

İldə, iki ildə bir dəfə yurduna qayıtmaqla olsa da heç olmasa bu cür əri olanlar az qala Tacikistanda xoşbəxt qadın sayılmağa başlayıb. Çünki milyonlarla kişinin Rusiyaya axışması indi Tacikistanda ciddi gender bərabərsizliyi, daha dəqiqi kişi azlığı yaradıb. Bəzi hesablamalara görə ölkənin ucqar rayonlarında hətta 10 qadına cəmi bir kişi düşür. Ona görə bu ölkədə çoxarvadlılıq geniş yayılıb. Cavan qızlar hətta bir kişinin ikinci, üçüncü arvadı olmağı belə məmnuniyyətlə qəbul edirlər. Bir neçə dəfə millət vəkilləri çoxarvadlılığın rəsmiləşdirilməsi istəsələr də, hələlik hökumət buna mane olur. Qanunla qadağan olduğundan indi çoxarvadlılıq Tacikistanda hamının bildiyi bir sirdir.

Çoxarvadlılıq kimi problemə çevrilməsə də Rusiyadan ər yolu, ata yolu, qazanc yolu gözləyən ailələrin dramı Azərbaycanda da demək olar hamıya bəllidir.

Şəmkir rayonunda üç uşağı ilə birgə Rusiyadakı ərinin yolunu gözləyən Sədaqət Qurbanova da bu cür ev qadınlarından biridir: «Mən artıq yetkin ailəyəm, amma Allah heç bir yeni ailəyə belə vəziyyəti göstərməsin. Ataları yanında olanda uşağı tərbiyə etmək daha asan olur. O olmayanda sözə baxmırlar».

Sədaqət xanım deyir ki, onun qonum-qonşusunda da Rusiyada olan ərin haqqında müxtəlif söz-söhbətlərə görə dağılan ailələr çoxdur: «O qədər ailələr dağılır, bir uşaqla, iki uşaqla, bəzən heç uşaq olmamış ailə dağılır, ər Rusiyada qalır ki, onun üçün ora daha yaxşıdır».

Rusiyadakı atasını gözləyən uşaqların arzuları kimi mahnılıarı da az qala Tacikistanda da Azərbaycanda eynidir. Tacikistanda göydəki təyyarədən atasını gətirməsini istəyən balaca Nanqoma öz dilində həm də azərbaycanlı uşaqların arzularını çatdırırmış kimi görünür:

«Ey, təyyarə, bir-iki-üç…
Mən nəzir verdim,
İndi mənim atamı gətir...»
XS
SM
MD
LG