Səbail Rayon Məhkəməsi Müxalifətin Əməkdaşlıq Mərkəzinin sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddiaya baxır. Mərkəzə daxil olan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, paytaxt rəhbərliyi həm ölkə konstitusiyasını, həm də «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun tələblərini pozaraq kütləvi aksiyalara məhdudiyyətlər yaradır. Hələ prezident seçkilərindən əvvəl Müxalifətin Əməkdaşlıq Mərkəzi əsasən şəhərin mərkəzi də daxil olmaqla bir neçə meydanda kütləvi aksiya keçirmək üçün meriyaya müraciət etmişdi. Ancaq meriya müxalifətə şəhərdən kənarı - Bibiheybət meydanını təklif etdiyindən həmin aksiyalar baş tutmamışdı. Arif Hacılı deyir ki, əgər yerli məhkəmə instansiyaları onların sərbəst toplaşmaq hüququnu təmin etməsə, bu iddialarını Avropa İnsan Hüquqları Məhkəməsinə qədər sürdürəcəklər:
«Azərbaycan cəmiyyətində istər ölkənin daxili və xarici siyasəti, istər kadr məsələləri, istərsə də Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətdən ciddi narazılıq var. Hakimiyyət bilir ki, sərbəst toplaşmağa şərait yaradılsa, bütün bu narazılıqlar üzə çıxacaq. Ona görə də kütləvi aksiyalara imkan verilmir».
Müxalifətin Əməkdaşlıq Mərkəzindən başqa Müsavat partiyası da ayrılıqda sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı məhkəməyə şikayət verib. Bu iddia isə hələ ki, bir neçə aşağı instansiya məhkəməsində təmin edilməyib. Artıq Ali Məhkəmənin qərarını gözlədiklərini deyən Arif Hacılının sözlərinə görə, əgər yuxarı instansiya məhkəməsində də iddiaları rəd edilsə onlar da ayrılıqda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacaqlar.
Parlamentin İnsan Hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova isə deyir ki, müxalifətin iddiası «Sərbəst toplaşmaq azadlığı» haqqında qanuna ziddir:
Parlamentin İnsan Hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova isə deyir ki, müxalifətin iddiası «Sərbəst toplaşmaq azadlığı» haqqında qanuna ziddir:
«-Bu qanun parlamentdə qəbul edilib və ona hər birimiz hörmət etməliyik.
-Rəbiyyət xanım, ancaq müxalifət də deyir ki, o qanunda heç də yazılmayıb ki, aksiyaları ancaq şəhərdən kənarda keçirmək olar…
-Rəbiyyət xanım, ancaq müxalifət də deyir ki, o qanunda heç də yazılmayıb ki, aksiyaları ancaq şəhərdən kənarda keçirmək olar…
-O qanunda birmənalı yazılıb ki, aksiyalar üçün yerləri Bakı Şəhər İcra Hakimiyyəti ayırır».
Hüquqşünas Ənnağı Hacıbəyli isə deyir ki, «Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun icrası zamanı şəhər rəhbərliyinin rəyi fundamental azadlıqlara qarşı durmamalıdır. Onun fikrincə, müxalifət sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün məhkəmələrə müraciət etməkdə çox gecikib. Bununla belə, o hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsində bu məsələylə bağlı çıxarılan müsbət qərarlar vəziyyəti dəyişə bilər:
«Avropa İnsan Hüquqları Məhkəməsi təkcə qərarlar çıxarmır. Bu qurumun Nazirlər Komitəsi qərarların icrasına nəzarət edir. Üstəlik həmin sahədə qanunvericiliyin dəyişdirilməsi istiqamətində də müsbət təşəbbüslərlə çıxış edir».
Hələ prezident seçkiləri ərəfəsində parlament «Sərbəst toplaşmaq azadlığı» haqqında qanuna bir sıra düzəlişlər etdi. Ancaq müstəqil ekspertlərin fikrincə, bu düzəlişlər əsasən texniki xarakter daşıdığından problem ətrafında mübahisələr aradan qalxmayıb.
Bu vaxta qədər Azərbaycandan sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə bir neçə şikayət göndərilib. Ancaq o şikayətlərdən hələ ki, heç birinə baxılmayıb. Belə şikayətlərdən birini də qeydiyyatı ləğv edilən Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi göndərmişdi.