Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:03

İraqda Amerika qalanda da narazıdırlar, gedəndə də


Saziş tələb edir ki, Amerika qoşunları İraqın şəhərlərindən, kəndlərindən 2009-cu ilin iyununda çıxsınlar
Saziş tələb edir ki, Amerika qoşunları İraqın şəhərlərindən, kəndlərindən 2009-cu ilin iyununda çıxsınlar
Mosulda bir yerli dövlət qulluqçusu «Vaşinqton Post»a deyib ki, saziş əl-Maliki hökuməti üçün biabırçılıqdır. Çünki İraqı daha üç il işğal altında saxlamağı legitimləşdirir. Bundan əvvəl Amerika qoşunlarına qarşı çıxmaq mənəvi məsələ idisə, indi qanunla cinayət hesab olunacaq.

ABŞ qoşunlarının İraqdan çıxmasına dəqiq vaxt qoyan sazişə İraqda müsbət reaksiyalarla yanaşı, belə mənfi münasibət də var. Mənfi reaksiyalar nədən doğur? Axı saziş tələb edir ki, Amerika qoşunları İraqın şəhərlərindən, kəndlərindən 2009-cu ilin iyununda çıxsınlar, İraqı isə bütünlüklə 2011-ci ilin sonuna tərk etsinlər. Baş nazir əl Maliki hətta bu sazişin parlamentdə təsdiq olunduğu günü İraqın suverenlik günü adlandırır.

ABŞ-la bağlanmış sazişə İraqda «Amerikanın İraqdan çıxması sazişi» adı qoyulub. Ancaq orda çıxmaqdan başqa, iraqlıların marağında olan xeyli müsbət dəyişiklik var. Saziş Amerika əsgərlərinin evləri axtarmasına, İraq vətəndaşını həbs etməsinə çox ciddi sərhədlər qoyur.

«Azadlıq» radiosunun İraq xidmətinin məlumatına görə, hazırda Amerika qoşunları 17 min iraqlını həbsdə saxlayır. Saziş ittiham irəli sürüb, sübut etmədən, yalnız şübhələnməklə həbsdə saxlamağı qadağan edir. Daha bir yenilik odur ki, bundan sonra ABŞ əsgəri ciddi cinayətlərə görə, İraq qanunu ilə mühakimə oluna və cəzalana bilər.

Ancaq saziş eyni vaxtda Amerika qoşunlarının İraqda qalmasını legitimləşdirir. Çünki ABŞ qoşunları İraqda BMT mandatı ilə fəaliyyət göstərirlər, bu mandatın vaxtı isə dekabrın 31-də bitir. Sazişdən sonra ABŞ-a daha BMT mandatı lazım deyil.

Bağdadda ABŞ əleyhinə yürüş, 18 oktyabr 2008
Amerika prezidenti Corc Buş sazişin parlamentdə təsdiqini alqışlayıb və deyib ki, bu sənəd İraqda demokratiyanın güclənməsini və İraqın artıq özü-özünü müdafiə qabiliyyətinin artmasını göstərir.

Yeni seçilmiş prezident Barak Obama da seçki kampaniyasında deyirdi ki, Amerika İraqda milyardlar xərcləyir, İraq hökuməti isə neftdən 79 milyard dollar yığıb, xərcləmək istəmir. ABŞ İraqın xərcini niyə çəkməlidir?

Sazişi indi İraqın Prezident Şurasının təsdiq etməsi qalır. «Vaşinqton Post» yazır ki, Şura kürd prezident Cəlal Talabanidən və onun biri sünni, biri şiə olan iki müavinindən ibarətdir. Bu Şuranın tərkibi simvolikdir və onların sazişi təsdiq etməsi, İraqın əsas milli və dini qruplarının bu sazişə tərəfdar olduğunu göstərəcək. Ancaq şiə lideri Müqtəda əl Sədrin tərəfdarları bu sazişi narazılıqla qarşılayıblar, parlamentdə deputatlar danışanda əl-Sədr tərəfdarları «Saziş-yox, işğalçı yox, İraq - hə!» şüarları qışqırırdılar.

Parlamentdə əl Sədrin bütün 30 tərəfdarı sazişin əleyhinə səs verib. Onlardan biri deyib ki, saziş İraqın Amerika tərəfindən işğalını davam etdirir. Sünni deputatlar da əvvəlcə sazişin əleyhinə çıxırdılar ki, bu sənəd şiə Baş nazir Nuri əl Malikinin və ümumiyyətlə şiələrlə kürdlərin güclənməsinə xidmət edir.

Ancaq kürd və şiə siyasi liderlər sünnilərlə danışandan sonra sünni deputatların bir çoxu sazişə səs verdilər.

Sonda deyək ki, Amerika ilə İraq təhlükəsizlik sazişini hazırlayanda bir sıra əsas məsələlərdə razılaşa bilmədilər. «Nyu York Taymz» yazır ki, bunlar neftdən gələn gəlirlərin bölüşdürülməsi və Kərkükün gələcəyidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG