Blokun liderlərindən biri AXCP sədri Əli Kərimli xatırladır ki, ABŞ və Avropa Birliyi Belarusda saxtakarlıqlara sərt reaksiya verdi və nəticələri tanımayacaqlarını bəyan etdi: «Qərb Belarusiyanın hazırki hakimiyyətinə qarşı sanksiyalardan danışıb. Çox təəssüf ki, seçkini saxtalaşdırmış Azərbaycan hakimiyyətinə qarşı belə mövqe nümayiş etdirilmədi».
Cənab Kərimli deyir ki, Azərbaycan müxalifəti beloruslu həmkarlarına nisbətən daha hazırlıqlı olsa da və Azərbaycan iqtidarı Belarus hakimiyyətinə nisbətən daha repressiv üsullardan istifadə etsə də, Qərb bunu nəzərə almadı, demokratiyanın inkişafına lazımi dəstək vermədi.
«Qərbin Azərbaycana fərqli yanaşmasının səbəbi nədir» sualına cavab verən AXCP sədri məsələni şərh etmək istəməyib və bunu politoloqların ixtiyarına verdiyini bildirib.
Blok Belarus müxalifətinin lideri Milikeviçə dəstək məktubu göndərərək, onu müdafiə etdiyini də bəyan edib.
«Azadlıq» siyasi blokunda AXCP, Milli Birlik Hərəkatı, ADP və AMİP-in Əli Əliyevi dəstəkləyən qanadı təmsil olunur.