Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

Bütün bələdiyyələr birləşin!


Azərbaycanda hər 100 min nəfərə düşən bələdiyyənin sayı 30-dan çoxdur Foto: Gəncə şəhər Nizami Bələdiyyəsi
Azərbaycanda hər 100 min nəfərə düşən bələdiyyənin sayı 30-dan çoxdur Foto: Gəncə şəhər Nizami Bələdiyyəsi
«Azərbaycanda kiçik bələdiyyələrin sayı həddindən artıq çoxdur. Elə bələdiyyə var ki, ərazisində 33 sakin yaşayır. Hətta eləsi var ki, heç oturmağa yeri də yoxdur».
Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir. Onun sözlərinə görə, ölkədə hər 100 min nəfərə düşən bələdiyyənin sayı 30-dan çoxdur. Halbuki, digər inkişaf etmiş ölkələrdə, məsələn, Hollandiyada hər 100 min nəfərə düşən cəmi 4 bələdiyyə var. Əhalisinin sayı 1000 nəfərdən az olan bələdiyyə sayına görə də Azərbaycan bir çox ölkələri qabaqlayır. Litva, İsveç, Danimarka, Polşa kimi ölkələrdə bu rəqəm sıfıra bərabər olsa da, Azərbaycanda göstərici 46 faizdir. S.Əliyev deyir ki, kiçik bələdiyyələrin yerli əhalinin problemlərini həll etmək baxımından maliyyə resursu olmur:
«Birinci inzibati xərclər artır. Bələdiyyələrin büdcəsinə baxsaq, görərik ki, 28 faizi inzibati xərclərə ayrılır. Rayon bələdiyyələrində bu xərclər hətta 30-40 faiz olur. Digər işlərə isə vəsait qalmır. Elə bələdiyyələr var ki, heç oturmağa yerləri də yoxdur. Maliyyə resusrları parçalanır. Öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər. Digər problem kadr potensialıdır. Maliyyə, kadr yoxdursa, səlahiyyətləri necə yerinə yetirə bilər».
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi bələdiyyələrin birləşməsi üçün mexanizm hazırlayıb. Samir Əliyevin sözlərinə görə, müvafiq qanunvericilik yerli özünüidarəetmə orqanlarının könüllü birləşməsini nəzərdə tutsa da, indiyədək bu təşəbbüsü qaldıran bələdiyyə olmayıb. Onun fikrincə, yerli icra hakimiyyətləri də iri bələdiyyələrin yaranmasına maraq göstərmir. Buna görə də təşkilat inzibati rıçaqlardan istifadə edilməsini təklif edir.
Yasamal rayon Bələdiyyəsinin sədr müavini Əli Əkbərov da deyir ki, bir çox kiçik bələdiyyələr birləşməyə ehtiyat edirlər, çünki əllərindəki hakimiyyəti itirmək istəmirlər. O da hesab edir ki, bələdiyyələrin birləşməsi üçün qanuni müdaxilə lazımdır.
Deputat Tahir Rzayev isə hesab edir ki, müvafiq qanunvericilikdə könüllülük prinsipiylə bələdiyyələrin birləşməsi üçün prosedurlar öz əksini tapıb:
«Əlbəttə ki, bələdiyyələr könüllülük prinsipiylə birləşməsələr, zərurət meydana çıxarsa, bu, müzakirə obyekti ola bilər».
Azərbaycanda iki mindən çox bələdiyyə var. Onların əksəriyyətini kənd bələdiyyəsi təşkil edir.
XS
SM
MD
LG