Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

Xaricdə təhsil alan tələbələrin xərcləri niyə ödənmir?


2007-2015-ci illər ərzində beş min gəncin xaricdə dövlətin hesabına təhsil alması nəzərdə tutulub
2007-2015-ci illər ərzində beş min gəncin xaricdə dövlətin hesabına təhsil alması nəzərdə tutulub
«Universitetdən tələb olunan təhsil haqqı və yol xərci ödənilib, qalıb gündəlik yaşayış təminatı. Üç aydır özümüz ödəyirik. Dedilər razılıq alınmalıdır, Nazirlər Kabineti qərar imzalamalıdır, o da hələ qalıb».

Həmsöhbətim Pərvin Kərimovanın qardaşı iki ildir ki, dövlət xətti ilə Almaniyanın Zigen Universitetində təhsil alır. Pərvin deyir ki, ötən tədris ilində Təhsil Nazirliyinə təqdim etdikləri qəbzlər əsasında qardaşının Almaniyadakı yaşayış xərclərini vaxtlı-vaxtında ala biliblər. Amma bu tədris ilindən başlayaraq, yəni artıq üç aydır ki, hökumət qardaşının Almaniyadakı yaşayış xərclərini verməyi yubadır.

İki il öncə prezident İlham Əliyev «Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nı təsdiqləyib. Bu proqram çərçivəsində 2007-2015-ci illər ərzində beş min gəncin xaricdə dövlətin hesabına təhsil alması nəzərdə tutulub. Hazırda bu yolla 200-ə yaxın azərbaycanlı tələbə 19 ölkədə təhsil alır. Onların həm təhsil, həm də yaşayış xərcləri isə dövlətin öhdəliyindədir. Amma Pərvin kimi digər tələbələrin də ailələri bu tədris ilindən başlayaraq uşaqlarının yaşayış xərclərinin ödənmədiyini iddia edirlər. Hətta buna etiraz olaraq çərşənbə axşamı Milli Məclisin binası qarşısına da toplaşıblar. Təhsil Nazirliyindən deyirlər ki, yubanmaya səbəb yaşayış xərclərinin ödənməsi ilə bağlı normativlərin hələ Nazirlər Kabineti tərəfindən təsdiq olunmamasıdır. Nazirlər Kabineti bu ildən qərar çıxarıb ki, həmin xərclər onun müəyyənləşdirdiyi normativlər əsasında ödənməlidir, amma normativləri hələ də təsdiq etməyib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Akif Əli «Azadlıq» radiosuna deyir ki, gecikmə sənədlərin hazırlanma prosesinin uzanması ilə bağlıdır:

«Bu, bir vərəq deyil ki, kimsə qarşısına qoyub yazsın. Bu, bir prosesdir, sənədlər hazırlanır, qiymətləndirmə prosesi gedir. Bu prosedura müəyyən vaxt aparır, burda prinsipcə məsələ həll olunubsa, prosesin bir qədər gec-tez olmasından gərək valideynlər narahat olmasınlar. Bir halda ki, bu prezident tərəfindən tapşırılıb, hökumət məsələni həll edəcək».

«XXI Əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə deyir ki, hökumət normativlər təsdiqlənənədək də məsələdən çıxış yolu tapa bilərdi. Məsələn, tələbələrin yaşayış xərcini müvəqqəti olaraq başqa bir qurumun hesabından ödəmək, sonra da həmin quruma vəsaiti qaytarmaq olardı:

«Mənə elə gəlir ki, bu məsələ bir neçə illik proqnozlaşdırılmalıdır ki, yad ölkələrdə tələbələrimiz vəsaitsiz qalmasınlar. Təhsil Nazirliyinin kifayət qədər imkanı var ki, daxili vəsaitləri hesabına tələbələrin təhsil və digər xərclərini maliyyələşdirsin. Yeganə çıxış yolu budur. Nazirlər Kabineti bunu nə vaxtsa köçürəcək. Amma vaxt bizim tələbələrin ziyanına işləyir».

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli isə ekspertin göstərdiyi çıxış yoluna ehtiyac görmür. Deyir ki, hökumət mümkün qədər qısa zamanda məsələni həll edəcək və xaricdə təhsil alan tələbələrin yaşayış xərcləri tədris ilinin əvvəlindən nəzərə alınaraq ödəniləcək. «Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na əsasən xaricdə təhsil alan tələbələrin xərcləri Dövlət Neft Fondunun vəsaiti hesabına ödənilir.
XS
SM
MD
LG