Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

«Dünyadakı proseslərin Azərbaycana aidiyyatı yoxdur»


«Neftin qiymətinin ucuzlaşmasının təsiri altında bir sıra neft idxal edən Avropa ölkələrində qiymətlər düşməyə başlayıb»
«Neftin qiymətinin ucuzlaşmasının təsiri altında bir sıra neft idxal edən Avropa ölkələrində qiymətlər düşməyə başlayıb»
«Dünya iqtisadiyyatında baş verən dəyişikliklər Azərbaycanda tam əksinə gedir». Bunu iqtisadçı Rövşən Ağayev deyir. Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasının təsiri altında bir sıra neft idxal edən Avropa ölkələrində qiymətlər düşməyə başlayıb. Son iki ayda xüsusilə də bəzi ərzaq məhsullarının qiyməti 5-8 faiz ucuzlaşıb. R.Ağayev deyir ki, əgər bu tendensiya hələ də Azərbaycanda özünü göstərmirsə, deməli dünyada baş verən proseslərin bura elə bir aidiyyatı yoxdur.
Halbuki, ötən il Azərbaycanda kəskin qiymət artımı vaxtı hökumət bunu dünyada gedən proseslərin tərkibi sayırdı. Rövşən Ağayev deyir ki, ötən il bir sıra Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda inflyasiya iki rəqəmli oldu. Bu isə ölkədə qiymət artımının əsasən daxili amillərdən irəli gəldiyinin göstəricisi idi.
Ekspert deyir ki, Azərbaycanda qiymət artımını əsasən idxaldakı inhisarçılıq müəyyən edir:
- Azərbaycanda çox unikal proses gedir. İnhisarçılar qiymətlərin qalxmasından da qazanırlar, ucuzlaşmasından da. Əgər qiymətlər 5 faiz qalxırsa, onlar qiyməti 15 faiz qaldırırlar. Qiymətlər ucuzlaşanda isə onu əvvəlki qiymətə satırlar.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanın ərzaq istehlakının 55 faizi idxalın payına düşür. Hərçənd parlamentin təsdiq etdiyi sosial-iqtisadi proqnozlarda bu rəqəm 25 faiz göstərilir. Rövşən Ağayev deyir ki, bütün hallarda əgər inhisarçılıq yoxdursa, dünya qiymətlərindəki enmə və qalxmalar Azərbaycana da eyni səviyyədə təsir etməlidir.
Parlamentin İqtisadiyyat Daimi Komissiyasının üzvü Nazim Məmmədov isə Azərbaycanda qiymətləri inhisarçıların müəyyən etməsi haqda fikirlərlə razılaşmır:
- Ancaq burada hökumətin də üzərinə düşən vəzifə haqsız rəqabətə imkan verməməkdir. Gömrükdə «Vahid pəncərə» sisteminə keçid də elə bundan irəli gəlirdi. Bununla belə, haqsız rəqabət hamıya problemlər yaradır. Bu məsələdə ictimaiyyət də, iş adamları da fəal olmalıdır.

Bununla belə, Nazim Məmmədov da hesab edir ki, Tarif Şurası Azərbaycanda da bir sıra məhsulların qiymətini dünya bazarına uyğunlaşdırmalıdır. Deputatın sözlərinə görə, Tarif Şurası dünyadakı qiymətlərdən asılı olaraq Azərbaycanda da yanacağın qiymətinə vaxtaşırı baxa bilər.
Başqa bir iqtisadçı İnqilab Əhmədov isə bu məsələdə optimist deyil. Onun fikrincə, əgər Tarif Şurası yanacağın qiymətinə yenidən baxsa belə, qiyməti ucuzlaşdırmaq əvəzinə daha da bahalaşdıracaq. İ.Əhmədov bunu Azərbaycan hökumətinin çevik siyasət yeritmək istəməməsi ilə izah edir:
- Dünyada gedən tendensiya Azərbaycanda yanacağın qiymətini aşağı salmağı tələb edir. Ancaq bu, hökumətdən də çeviklik və işgüzarlıq istəyir. Hökumət indiki halda qiymətlərin sabitliyinə üstünlük verir. Ancaq mən bu sabitliyin əleyhinəyəm.

Bəzi müstəqil iqtisadçılar da düşünürlər ki, əgər Azərbaycanda yanacağın qiyməti ucuzlaşmasa, bu, daxili istehsalın tamamilə ölməsinə gətirib çıxaracaq. Onda iqtisadi böhran qaçılmaz olacaq…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG