Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:58

«Qərb Ermənistanı Türkiyə vasitəsilə şirnikləndirmək istəyir»


Türkiyə-Ermənistan münasibətlərinin yenidən aktuallaşması Azərbaycan mediasının diqqət mərkəzindədir
«Bizim Yol» Türkiyə-Ermənistan münasibətləri yenidən aktuallaşıb. İki ölkənin xarici işlər nazirlərinin görüşlərindən sonra Türkiyə XİN başçısı Əli Babacanın Bakıya səfəri gözlənilir. Politoloq Zəfər Quliyevlə qəzetə müsahibəsində bu yöndə yaranan suallara cavab verib.
«Hər halda, rəsmi Ankara Ermənistanın maraqlarını güdmür və aydındır ki, öz mənafeyini əsas götürür. Daha geniş spektrdə götürsək, həm də Azərbaycanın və Qərb ölkələrinin də maraqlarını nəzərə alır. Əlbəttə, Ermənistan da problemlərin həllində öz dövlət mənafeyindən çıxış edir və arxasında dayanan Rusiyanın maraqlarını nəzərə alır. Ona görə bu prosesdə bir çox maraqlar toqquşub. İndidən hansı dövlətin «udacağını» konkret söyləmək çətindir. Ümumi götürəndə qeyd etdiyim problemlərin həlli Cənubi Qafqazda vəziyyəti dəyişə bilər».
«… Bu gün Azərbaycan üçün problem yaradan məsələ Dağlıq Qarabağdır. Azərbaycanın xarici siyasəti sahəsində çalışan rəsmilərin bu problemlə bağlı işlədiyini görürük. Azərbaycanın ən böyük siyasi qazancı Dağlıq Qarabağ məsələsində ciddi dönüşün yaranması ola bilər. Hiss olunur ki, Ermənistanda bu məsələdə bir qədər mövqe dəyişikliyi var. Rəsmi Yerevan bir çox məsələlərin həllində əvvəllər tamamilə qeyri-konstruktiv mövqedən çıxış edirdi və ümumiyyətlə, heç bir güzəştə getməyə hazır deyildi».
«Ekspress» deputat Elman Məmmədov son dövrlər Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə münasibətini bildirib. Deputat əminliyini bildirir ki, Ermənistan silahlı qüvvələri «xoşluqla Azərbaycan torpaqlarını azad etməyəcəklər». E.Məmmədovun şəxsi qənaəti budur ki «axırda müharibə yolunu seçəcəyik».
«Üç nöqtə»: politoloq Qabil Hüseynli deyir ki, «Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi mümkün deyil». O, bununla yanaşı iddia edir ki, «münaqişənin açarlarının yüz faiz Rusiyanın əlində olmasını demək çətindir».

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan gəncliyi Rüstəm İbrahimbəyovu tanımır». Qəzet iddia edir ki, Milli Kitabxananın oxucuları arasında sorğu keçirib və sual verdiyi oxuculardan demək olar ki, heç biri Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovu tanımayıb.

«Yeni Müsavat» yazır ki, Müsavat deputat qrupu büdcənin əleyhinə səs verib. Pənah Hüseyn deyir ki «Büdcədə real sektora yardım məsələsi birbaşa öz əksini tapmayıb». Arzu Səmədbəyli isə bildirir ki, müzakirələr zamanı onların heç bir prinsipial təklifi qəbul olunmayıb.

«525»ə müsahibəsində YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda prezidentlik müddətinin artırılması ilə bağlı təklifi belə əsaslandırıb: «Mənim fikrimcə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın aradan qaldırılması daha demokratikdir. Məncə seçimin qarşısının alınması daha atindemokratikdir. Milli Məclisin deputatı istənilən qədərə seçilə bilirsə, niyə bu, prezidentə şamil edilməsin?»

«Azərbaycan» Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun «Modernləşmə və demokratikləşmə iqtisadi tərəqqinin vəhdətinə əsaslanır» sərlövhəli məqaləsini çap edib. Qəzetin bütövlükdə dördüncü səhifəsini tutan məqalə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin «Modernləşmə xətti yenə də gündəlikdədir» əsərinə həsr edilib. Rektor iddia edir ki, bu əsər «ölkənin gələcək inkişaf perspektivlərinə əsaslı elmi baxışdır».
XS
SM
MD
LG