Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:31

«Keçmiş əsirlərin bir çoxunun həyatı təhlükədədir»


Araşdırma zamanı vəziyyəti öyrənilən 250 nəfərin 42-i dünyasını dəyişib
Araşdırma zamanı vəziyyəti öyrənilən 250 nəfərin 42-i dünyasını dəyişib
«Qardaşımın oğlu olsa, ona mənim adımı qoyarsız». Əsirlikdə olan Azərbaycan əsgəri Rafiq Həsənov ailəsinə ünvanladığı birinci məktubunda belə yazıb. Bu haqda əsirin atası Rəhman Həsənov danışır:

«Vəziyyəti ağır imiş deyə, başına bir iş gələcəyini düşünüb və ona görə məktubu belə yazıb. Yazır ki, vəziyyəti yaxşıdır, amma mən inanmıram vəziyyətinin yaxşı olduğuna. Ola bilər məcburi yazdırırlar».

Rəsmi məlumata görə, əsir Rafiq Həsənovu oktyabrın 8-də girov götürüblər. Qırmızı Xaç Komitəsinin məlumatına görə, indiyə kimi əsir əsgərin 2 məktubu ailəsinə çatdırılıb. Ailəsinin ona yazdığı məktub isə əsirə növbəti görüş zamanı çatdırılacaq.

«Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova da bildirir ki, məktubları Rafiq Həsənovun yazdığına inanmır:

«Məktublar rusca yazılır və mənə elə gəlir ki, Rafiq bir kəlmə də olsun rusca bilmir».

Rafiq Həsənovun rusca bilmədiyini ailəsi də təsdiq edir.

Qırmızı Xaç Komitəsinin nümayəndəsi Gülnaz Quliyeva isə məsələyə münasibətini belə bildirir:

«Komitə nümayəndələrindən biri Azərbaycan dilini bilirdi, onu göndəriblər ki, azərbaycanlı hərbçi ilə görüşüb söhbət aparsın. Söhbət zamanı Rafiq Həsənov ailəsinə məktub yazmaq istəyini bildirib. Nümayəndə ona köməklik göstərib».

E.Orucovanın sözlərinə görə, Ermənistan rəsmiləri əsirlikdə olanlara işgəncələr verilməsi ilə bağlı faktları inkar edir:

«Beynəlxalq təşkilatlar da erməni qarşısında susduğu üçün belə bir məsələ ortaya çıxıb ki, biz bu insanları ona görə qaytarmırıq ki, Azərbaycan tərəfi onları həbs edəcək».

Qırımızı Xaç Komitəsinin nümayəndəsi Gülnaz Quliyevanın sözlərinə görə, əsirlərin saxlanması və səhhəti ilə bağlı monitorinqlər aparılsa da, bu, gizli saxlanılır və dövlət orqanları ilə konfidensial dialoqlar zamanı müzakirə edilir:

«Əgər nöqsanlar olarsa, biz normativlərə uyğunlaşdırılması üçün müraciətlər edirik. Axırıncı dəfə nə vaxt olduğunu isə məlumatlar gizli olduğu üçün deyə bilmərəm».

Esmira Orucova qeyd edir ki, Azərbaycana qaytarılan 1396 əsirdən cəmi 26-sı həbs olunub. Onun sözlərinə görə, keçmiş əsirlərin ən böyük problemi onların sosial və psixoloji reabilitasiyası ilə bağlıdır:

«Heç birinin reablitasiyası aparılmır. Bunu dövlət etməlidir. Mənim ictimai birlik kimi buna imkanım, vəsaitim çatmır. Bununla bağlı sənədləri hazır edirik ki, dövlət orqanlarına göndərək».

«Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, vəziyyəti öyrənilən 250 nəfərdən 12-si ruhi xəstə, 37 nəfəri əlildir. Orucova deyir ki, keçmiş əsirlərin demək olar ki, hamısı əsəb sistemi ilə bağlı hansısa xəstəlikdən əziyyət çəkir.

Araşdırma zamanı vəziyyəti öyrənilən 250 nəfərin 42-i dünyasını dəyişib.

Esmira Orucova deyir ki, nə dövlət, nə də cəmiyyətdən qayğı görməyən keçmiş əsirlərin bir çoxunun həyatı təhlükədədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məsələ ilə bağlı heç bir məlumat ala bilmədik.
XS
SM
MD
LG