Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

İrihəcmli layihələr dayana bilər


Neft gəlirləri azalarsa, yeni bina arzusu arxa plana keçə bilər
Neft gəlirləri azalarsa, yeni bina arzusu arxa plana keçə bilər
Moskvada tikilən dünyanın ən hündür binasının inşası dayandırılıb. İnşaatçılar işi yarımçıq qoymalarının səbəbini dünya maliyyə böhranı ilə əlaqələndiriblər.

Azərbaycan rəsmiləri isə ölkənin dünyaya iqtisadi tellərlə bağlanmadığını, maliyyə böhranının burdan yan keçəcəyini söyləyirlər. Ancaq Azərbaycan dünyaya qiymətli kağızlarla və ya fond birjalarıyla bağlı olmasa da, neft və kreditlər ölkəni dünya maliyyə məkanından təcrid olmağa qoymur. Elə neft gəlirlərindən maliyyələşən böyük tikinti layihələri də gündən-günə ucuzlaşan neft gəlirinə göz dikib.

Ekspertlərin fikrincə, neftin ucuzlaşmasından ziyan çəkən iri həcmli infrastruktur layihələri olacaq. «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Vaqif Hacıyev deyir ki, ötən il nəqliyyat sektoruna dövlət büdcəsindən ayrılan 500 milyon manatdan çox vəsait xərclənib. Amma yəqin ki, yarımçıq qalan işlər üçün əlavələr olacaq. Bəs neftin qiymətinin düşməsi bu layihələrə təsir edə bilərmi?

Vaqif Hacıyev: «Bu il elə bir təhlükəsini hiss etmədik. Amma gələn ili deyə bilmərəm. Gələn il biz Rusiya sərhəddinə qədər yol çəkmək istəyirik. Füzuli-Horadiz yolu, Astara yolu…Arzular çoxdur. 60-cı illərdən qalan körpüləri təmir etdirmək istəyirik. Amma gələn il Allah eləməsin…Neftin qiyməti 140 dollara qalxanda elə bilirdik ki, çox işləyəcəyik. Əgər vəsait olmasa, deməli, bir çox layihə sual atında qalacaq. Elə gücümüzü verəcəyik ki, yarımçıq işləri tamamlayaq».

Amma Vaqif Hacıyev ümid edir ki, ölkənin neftdən əldə etdiyi gəlirlər azalsa belə, ölkə rəhbərliyi məhz infrastruktur layihələrini maliyyələşdirəcək.

Heydər Əliyev Mərkəzinin layihəsi
Bir müddət öncə dəyəri milyonlarla dolları ötən layihələr ictimaiyyətə təqdim edildi. Məsələn, artıq üç hissəli muzeydən, yeddi mərtəbəli kitabxanadan, 1200 nəfərlik konfrans zalından ibarət olacaq Heydər Əliyev Mərkəzinin təməl daşı qoyulub. Azərbaycan Dövlət Neft Şirkəti də 35 mərtəbəli ofis binası tikmək niyyətindədir. Şirkətdən «Azadlıq» radiosuna verilən məlumata görə, bina üçün yer ayrılıb və orda bəzi işlər aparılıb. Amma hələlik binanın layihəsi hazırlanmayıb. Şirkətdən deyirlər ki, neft gəlirləri azalarsa, yeni bina arzusu arxa plana keçə bilər.

Yeni metro stansiyalarının tikilməsiylə bağlı işlər isə dayanmayacaq. Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov belə deyir:

«Hökumət pul ayırıb. Heç bir təhlükə yoxdur. Tender elan etmişik. İşlərimiz tam sürətlə gedir».

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl isə hesab edir ki, hökumət infrastruktur layihələrini dayandırmamalıdır:

«Belə halda inzibati binaların tikintisi və təmiri dayandırılmalıdır. Nəinki infrastruktur layihələri. Çünki köhnəsi dağılıb, yenisi də qurulmayıb. Ələt-Astara, Bakı-Quba magistralının çəkilməsi dayanarsa, Azərbaycan iflic vəziyyətinə düşər. Məktəblərlə bağlı layihələr var. Onları da dayandırmaq olmaz. Amma hələlik yenisini başlamaq məsləhət deyil».

Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov da hesab edir ki, neftin qiyməti yenə də ucuzlaşarsa, ölkədə bir çox layihələrin taleyi sual altına düşə bilər. Amma onun sözlərinə görə, infrastruktur layihələri - yol, körpü tikintisi, Bakı-Oğuz su kəmərinin çəkilməsi və s. başa çatdırılmalıdır. Operativlik tələb etməyən layihələr isə hələlik gözləyə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG