Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:51

«Hakimiyyət xalqla məsləhətləşməyə zərurət görmür»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 20-də müxalifət partiyalarının liderləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlara dair fikir mübadiləsi aparılıb. KİV-in bu barədə yaydığı məlumatlarda bildirilir ki, Sarkisyanın məqsədi Dağlıq Qarabağa dair qərarın verilməsində siyasi partiyaların rolunu artırmaq, eləcə də siyasi mühiti inkişaf etdirməkdir. Ermənistan prezidenti deyib ki, belə qarşılıqlı fikir mübadiləsi ölkə üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə vahid mövqenin formalaşması üçün əhəmiyyətlidir.

Konfliktoloq Arif Yunus hesab edir ki, Ermənistanda Azərbaycanla müqayisədə ictimai rəy, siyasi qüvvələrin münasibəti müəyyən qədər nəzərə alınır. Sarkisyanın keçirdiyi görüşlər bir tərəfdən daxili problemlərə, cəmiyyətdəki müəyyən qüvvələrə hesablanmış diplomatik manevrdir. Digər tərəfdən isə Qərbə bir siqnaldır ki, Ermənistan hansı güzəştlərə razı ola, nədən sonra ölkədə problem yarana bilər. Yəni Qərb anlayacaq ki, Ermənistanın mövqeyini yumşaltması üçün bir nəfərə yox, cəmiyyətə təzyiq göstərməlidir. Çünki Ermənistan Azərbaycanın sonda hansısa güzəştə imza atacağına inanmır və bundan narahatdır:

«Ermənistanda anlayırlar ki, «Madrid prinsipləri» əslində onların xeyrinədir. Amma Azərbaycanın sona qədər gedib sənədə imza atacağına inanmırlar. Bu, onları qorxudur. Ona görə də müzakirə aparırlar».

Arif Yunus deyir ki, ümumiyyətlə əgər hər hansı cəmiyyətdə ümummilli xarakter daşıyan məsələ müzakirəyə çıxarılmır və haqqında diskussiyalar açılmırsa, ya bu məsələ cəmiyyəti maraqlandırmır, ya da ölkədə avtoritar rejim hökm sürür. Üçüncü variant yoxdur.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Ermənistanda Qarabağ münaqişəsi ümummilli məsələ, Azərbaycanda isə hakim zümrənin daxili işi sayılır. Hakimiyyət xalqı, siyasi partiyaları, vətəndaş cəmiyyətini Qarabağ məsələsindən kənarlaşdırıb. Çünki bu problemin hesabına daxildə və xaricdə öz niyyətlərini həyata keçirə bilir. Ancaq indiki halda Ermənistandakı müzakirə də hakimiyyətin marağına hesablanıb:

«Sarkisyan istəyir ki, əgər hər hansı qərar qəbul edəcəksə, onu mümkün qədər geniş dairənin arasında paylasın. Azərbaycanda isə buna ehtiyac yoxdur. Çünki onsuz da xalq əzilib, qanunlar ayaq altındadır, parlament müti, partiyalar oyuncaqdır. Jurnalistlər həbsxanada, qəzetlər, televiziyalar satın alınıb. Hakimiyyət Azərbaycanı tam inhisara aldığı üçün istədiyi qərarı xalqa qəbul etdirəcək».

Zərdüşt Əlizadə hesab edir ki, prezident Heydər Əliyevin vaxtında Milli Məclisdə Dağlıq Qarabağ məsələsinin müzakirəsindən sonra Azərbaycan cəmiyyəti xeyli gücsüzləşib. Ona görə də indiki hakimiyyət xalqla məsləhətləşməyə zərurət görmür.

Serj Sarkisyan müzakirələr zamanı deyib ki, görüşlər qapalı, keçiriləcək. Bu format görüşə qatılanların sərbəst iştirakına və fikirlərini ifadə etməsinə şərait yaradacaq. İctimai fəaliyyətdə də görüşdə səslənən fikirlərə toxunmaq olar. Amma konkret ad çəkmədən. Azərbaycan parlamentində isə dəfələrlə buna oxşar, lakin daha sığortalanmış təkliflər səslənib. Yəni müzakirə edək, amma lazımdısa, heç kimə heç nə deməyək. Amma lüzum görülməyib.

Politoloq Vəfa Quluzadə də Dağlıq Qarabağ probleminin Azərbaycanda müzakirəsinə lüzum görmür. Deyir ki, Ermənistanın Qarabağ məsələsini müzakirə etməsi üçün səbəbi var. Çünki hazırda Rusiya Ermənistana təzyiq göstərir ki, Azərbaycanın 5 rayonunu boşaltsın və həmin rayonlara öz sülhməramlılarının yerləşdirilməsinə razılıq versin. Və iki ölkə bu təkliflə Azərbaycana müraciət etsinlər. Ona görə də bu məsələ orada müzakirə mövzusudur. Azərbaycan üçünsə hələ ki, müzakirəyə çıxarılası məsələ yoxdur. Azərbaycan müharibə etmək fikrində də deyil ki, bu məsələni parlamentin müzakirəsinə çıxarsın:

«Təkliflər Azərbaycanın xeyrinə deyil. Ona görə də bu təslimçi təklifləri hakimiyyət dairələri sözsüz ki, xalqın müzakirəsinə çıxara bilməzlər. Digər tərəfdən onlar özləri də bu təkliflərə razı deyillər. Əgər razı deyillərsə, bunun nəyini müzakirə etsinlər. Ona görə biz bunun müzakirəsini etmirik. Və etməyə də ehtiyac görmürəm ».

Vəfa Quluzadə əlavə edir ki, Sarkisyanın məsələni müzakirəyə çıxarıb manevr imkanlarını müəyyənləşdirməsi inandırıcı deyil. Çünki Ermənistan prezidentinə manevrləri Rusiya diktə edir. Digər tərəfdən, Serj Sarkisyan siyasi partiyaları yığıb demir ki, Qarabağı Azərbaycana veririk. Deyir Qarabağı alırıq, amma filan şərtlərlə. Və bunlar müzakirə ediləsi məsələlərdir.

Politoloqun sözlərinə görə, 1999-cu ildə İstanbul sammiti ərəfəsində ortada güzəştli bir sülh sazişi var idi. Ona görə də bu məsələ parlamentdə müzakirə olundu. Azərbaycana edilən indiki təkliflər isə ondan da pis təkliflərdir. Bax müzakirənin olmamasının da səbəbi bundan ibarətdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG