Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:11

«Bizim efirin şah damarı qırılıb»


Qulu Məhərrəmli
Qulu Məhərrəmli
Noyabrın 21-i Ümumdünya Televiziya Günüdür. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, televiziya mütəxəssisi Qulu Məhərrəmli deyir ki, 80-ci illərin əvvəllərində Avropada cəmi 40 televiziya kanalı fəaliyyət göstərib, 90-cı illərdə telekanalların sayı təxminən 100-ə yaxın olub:

«Bu gün təkcə Avropa Şurası ölkələrini əhatə edən ölkələrdə 5000-ə yaxın televiziya kanalı fəaliyyət göstərir. Televiziya insanların həyatına, şüuruna, davranışına çox ciddi təsir göstərir. Ona görə də 1996-cı il dekabrın 17-də BMT-nin I Ümumdünya Televiziya Forumunda 21 noyabrın Ümumdünya Televiziya Günü kimi qeyd olunması təklifi irəli sürülüb. BMT müasir cəmiyyətdə, bəşəriyyət həyatında, ümumiyyətlə, ictimai kommunikasiyada televiziyanın artan rolunu nəzərə alaraq, belə bir addım atıb».

Qulu Məhərrəmli belə hesab edir ki, Azərbaycanın televiziya məkanının inkişafla bağlı uğurları var. Məsələn, ölkə çoxşəbəkəli televiziya sisteminə daxil olub.

«Amma pis olan odur ki, Azərbaycan telekanallarının hamısı bir-birinə oxşayır. Hərdən mənə elə gəlir ki, bizim efirin şah damarı qırılıb. Bir çox televiziyaların konsepsiyası yoxdur, o səbəbdən də verilişlərin strukturu pozulub, janr müxtəlifliyi yoxdur. Televiziya tamaşaçı düşüncəsinə heç nə vermir. Yalnız yüngül əyləncələrdən başqa».

Müsahibimiz Azərbaycanda televiziyalara dövlətin nəzarətini normal qəbul edir. Amma bundan sui-istifadə hallarını pisləyir:

«Söz, fikir və ifadə azadlığı məhdudlaşdırılır, yaradıcılıq məsələlərinə müdaxilə edilir. Təbii ki, bütün bunlar mənfi hallardır və dünyada məqbul qarşılanmır».

Qulu Məhərrəmli söhbət əsnasında AzTV-də «Amerikanın səsi» proqramlarının yayımının dayandırılacağına da münasibət bildirdi. Dedi ki, əslində, «Amerika bu gün» verilişinin bu telekanalda efirə çıxması Birləşmiş Ştatlara təhqirdir:

«Çünki bu veriliş redaktə olunur, senzuradan keçir. Bu verilişin mahiyyət etibarilə özəl kanallardan birində getməsi daha məqsədəuyğundur. İnanmıram ki, verilişin AzTV-də «Azadlıq» radiosu qədər auditoriyası olsun».

Telejurnalist «Azadlıq» radiosu ilə bağlı yaranan təşvişi də yersiz sayır. Belə hesab edir ki, «Azadlıq» radiosu bağlanmayacaq:

«Bunun üçün nikbinliyə əsas verən ciddi arqumentlər var. Əvvəla, «Teleradioyayımı haqqında qanun»un 14-cü maddəsinin 2-3-cü bölmələri heç də xarici yayımçıya Azərbaycanda yayım aparmağı qadağan etmir. Burada üsulu dəyişməkdən söhbət gedir. Hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələyə anlaşıqlı yanaşacaq. Çünki Azərbaycanda «Azadlıq» radiosunun fəaliyyəti söz və mətbuat azadlığının inkişafına çox ciddi töhfədir. Mövcud olduğu illərdən bəri bir çox ölkələrdə avtoritar rejimlərdən cəmiyyətin qurtulmasına kömək edib».
XS
SM
MD
LG