Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:16

«Hazırlıqsız sülh müharibəyə səbəb ola bilər»


Riçard Kirakosyan
Riçard Kirakosyan
Amerikadakı Qlobal Təhlükəsizlik üçün Analizlər İnstitutunun araşdırmaçısı Riçard Kirakosyan «Azadlıq» radiosuna müsahibəsində bildirir ki, nə Ermənistan, nə də Azərbaycan cəmiyyətləri sülhə yetərincə hazırlanıb.

- Ermənistanda nə düşünürlər, Qarabağ probleminin həlli yaxınlaşırmı? Yerevanda ab-hava necədir?

- Bu məsələdə Yerevanda ab-havanın necə olduğunu anlamaq üçün iki mühüm məqama diqqət yetirmək lazımdır. Bunlardan biri odur ki, Azərbaycan və Ermənistan nə sülhə yaxındılar, nə də müharibəyə. Bu, müəyyən mənada Rusiyanın Qarabağ məsələsində status-kvonu qoruyub-saxlamaqla bağlı maraqlarına uyğundur. Digər məqam bu yaxınlarda baş verən iki hadisəylə bağlıdır. Türkiyə prezidenti Abdullah Gül Yerevana səfər etdi. İki ölkə arasındakı münasibətlərdə baş verən bu yenilik Ermənistan cəmiyyətində daha çox müsbət qarşılanıb. Türkiyə ilə münasibətlərin yaxşılaşmasını və iki ölkə arasında sərhədlərin açılmasını istəyən çoxdur. Legitimliyə ehtiyacı olan və diqqəti ölkədaxili problemlərdən yayındırmaq istəyən Ermənistan hakimiyyəti də Türkiyə ilə münasibətlərin qaydaya düşməsi, sərhədlərin açılmasının potensialını görür və düşünür ki, bu məsələ onun xalq arasında populyarlığına xidmət edəcək. Bununla təzad təşkil edən məqam isə odur ki, Ermənistan hakimiyyəti indi Qarabağ danışıqlarında - istər ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə keçirilən görüşlərdə, istərsə də, Rusiyanın təşəbbüsü ilə təşkil edilən müzakirələrdə daha güzəştsiz mövqedən çıxış etmir. Bu, Ermənistan cəmiyyətində və siyasi dairələrdə kəskin reaksiya ilə qarşılanır. Belə bir şişirdilmiş və əsassız qorxu var ki, Ermənistan hakimiyyəti işğal olunmuş əraziləri qaytarmağa hazırdır və kompromis üçün hər şeyə gedəcək. Bu, qeyri-təbii olsa da, həm də maraqlı bir məqamdır. Yəni bir tərəfdən belə bir təsəvvür var ki, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərdə uğur qazana bilər, o biri tərəfdən belə bir qorxu var ki, Ermənistan Azərbaycanla münasibətlərdə geri düşəcək. Məsələnin ən maraqlı tərəfi isə odur ki, Ermənistan hakimiyyəti yetərincə legitim olmadığı üçün öz fəaliyyətində ictimai rəyi ancaq məhdud səviyyədə nəzərə alır. Ona görə də indi ortada olan nəticə bütün bu görüşlərə, səfərlərə baxmayaraq qorunan status-kvodur.

- Sizcə, indi Rusiyanın niyyəti nədir: Moskva Qarabağ danışıqlarını monopoliyaya almaq istəyir, yoxsa sadəcə göstərmək istəyir ki, o, bölgədə təkcə müharibə mənbəyi yox, həm də sülh mənbəyidir?

- Məncə, bunların hər ikisi mümkündür. Düzdür, avqustdakı Cənubi Osetiya münaqişəsi siyasi müstəvini dəyişdi. Amma əgər biz daha sonra Rusiyanın Dağlıq Qarabağla bağlı addımlarını analiz etsək, bir tendensiya müşahidə edə bilərik. Özü də həmin tendensiyanın əsası Cənubi Osetiya münaqişəsindən əvvəl qoyulub - Rusiya prezidenti Dmitri Medvedevin iyulda Bakıya səfəri zamanı. Biz Rusiya və Azərbaycan arasında münasibətlərin istiləşməsini müşahidə etdik. Eyni zamanda, Rusiya amerikalılara demək istəyir ki, bizim birgə işləyə biləcəyimiz sahələr var. Məhz buna görə Rusiya da, Amerika da Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsində maraqlıdırlar. Amma bununla yanaşı Rusiya özünün vacibliyini, Amerikanın onunla hesablaşmasının mühümlüyünü nümayiş etdirməyə çalışır, Azərbaycan və Ermənistan prezidentlərini görüşdürür. Əgər biz Cənubi Osetiya münaqişəsinə diqqət yetirsək, görərik ki, Rusiya Gürcüstana qarşı iki rıçaqdan istifadə etdi. Bu rıçaqlar Cənubi Osetiyanın Rusiya vətəndaşlığı alan sakinləri və bölgədəki rus sülhməramlılarıdır. Qarabağ məsələsində Rusiya belə rıçaqlara malik deyil. İndi Qarabağda öz sülhməramlılarını yerləşdirmək təklifi ilə çıxış etməsi Rusiyanın Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ üzərində belə bir rıçaqın yaradılmasına yönəlib. Məhz bu səbəbdən həmin təklif potensial təhlükə kimi anlaşılmalıdır. Amma hətta sülhməramlı yerləşdirmək təklifi də hələ o demək deyil ki, Rusiya münaqişənin həllini istəyir. Onların məqsədi status-kvonu qorumaq və özlərinə yer etməkdir.

- Bir müddət əvvələcən Rusiyanın Ermənistanla Türkiyənin yaxınlaşmasına imkan yaradacağını düşünmək ağlagəlməz olardı. Sizcə, Moskva niyə indi buna imkan verir?


- Çox maraqlı məqamdır. Mən «imkan verir» yox, «təbliğ edir» deyərdim. Müəyyən mənada Ermənistan prezidentinin türkiyəli həmkarına dəvət göndərməsi əslində Rusiyada aparılan danışıqların nəticəsi idi. Bu, daha çox Rusiyanın maraqlarına uyğundur. Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından ilk dövrlərdə ən çox Ermənistan yox, Rusiya bəhrələnə bilər. Rusiya Ermənistanın dəmiryol, enerji və telekommunikasiya sektorlarına nəzarət edir. Rusiya sərhədlərin açılması ilə Gürcüstanın daha da təcrid edilməsinə nail ola bilər. Bundan başqa, Rusiyada düşünürlər ki, əgər gələcəkdə Türkiyəylə Ermənistanın münasibətləri təbii şəkildə normallaşacaqsa, bu, Rusiyanın nəzarəti altında olacaq. Bu mühüm məqamdır. Buna görə mən nikbinəm. Çünki indi bunun real nəticəsi ola bilər. Onilliklərdi ki, ilk dəfə olaraq Türkiyə və Ermənistanın münasibətlərinin normallaşması Rusiyanın marağına uyğundur.

- Əgər Qarabağ münaqişəsi həll edilərsə, Gürcüstan bunun qurbanı ola bilərmi?

- Əlbəttə. Gürcüstan artıq qismən qurban sayıla bilər. Hətta Azərbaycanın da avqust hadisələrinə reaksiyası mürəkkəb oldu. Həm Gürcüstan, həm də Türkiyə Gürcüstandan çox asılı olmağın onları zəif göstərdiyini anladılar. Azərbaycan Gürcüstanın güc tətbiq etməsindən yox, kifayət qədər qüvvətlənməmiş bir vəziyyətdə güc tətbiq etməsindən məyus oldu. Bu münaqişədən sonra Gürcüstan bölgədə Amerikanın ağırlıq mərkəzi olmaq rolunu itirdi. Ola bilər ki, indi ağırlıq mərkəzi Azərbaycana keçirilib. Amma mənim fikrimcə, belə bir maraqlı geosiyasi müstəviyə baxmayaraq, regionun gələcək sabitliyinin əsasını geosiyasi amil təşkil etmir. Ən vacib amil yerli rejimlərin mahiyyəti, demokratiyanın boğulması, yerli iqtisadiyyat və siyasətlə bağlıdır. Həm Ermənistanda, həm də Azərbaycanda hakim rejimlərin legitimlik çatışmazlığı problemi var. Mən ehtiyat edirəm ki, hətta tərəflər sülhə razı olsalar da, saziş imzalasalar da, hakim rejimlər həmin sülhü qoruya bilməyəcəklər. Çünki nə Ermənistanda, nə də Azərbaycanda əhalini sülhə hazırlamaq üçün kifayət qədər iş görülüb.

- Legitimlik çatışmazlığı regiondakı hadisələrə nə dərəcədə mənfi təsir göstərə bilər?

- Məsələn, Gülün Yerevana səfərindən sonra məni İstanbula dəvət etdilər. Orada rəsmi və qeyri-rəsmi olaraq Türkiyə rəsmiləriylə görüşdüm. Mən gördüm ki, Türkiyədə Ermənistan rəhbərliyinin legitimlik səviyyəsi ilə bağlı böyük narahatlıqları var. Qarabağ məsələsində də bu belədir. Cəmiyyətlər sülhə hazırlanmayıb, ictimai fikrə yetərincə əhəmiyyət verilmir və belə bir vəziyyətdə güclü, amma kiçik yerli hakim elitalara etibar edilir. Bu, çox təhlükəlidir və hər iki ölkədə millətçi əhval-ruhiyyədən doğan etirazlara səbəb ola bilər. Yəni sülhə doğru addım yeni müharibənin başlanmasına gətirib çıxara bilər. Əgər biz İrlandiya və Fələstin məsələlərinə baxsaq, məncə, Qarabağ məsələsində də danışıqlara Dağlıq Qarabağ təmsilçilərinin dəvət edilməsi çox vacibdir. Mənim Azərbaycan rəsmilərinə məsləhətim o olardı ki, Balkan modelinə əsaslanın, Dağlıq Qarabağ təmsilçilərini danışıqlara dəvət edin, çünki Ermənistan danışıqları inhisarda saxlamağa layiq deyil. Bakı üçün Dağlıq Qarabağ təmsilçiləri ilə birbaşa danışıqlara getmək və «parçala, hökm sür» siyasəti yürütmək daha yaxşı olardı.

- Bəs sizcə, Dağlıq Qarabağ rəhbərliyi nə dərəcədə müstəqildir, Ermənistan hakimiyyətindən asılı deyil?

- Bu, doğrudan da böyük problemdir. Başqa bir sual da yarana bilər ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ rəhbərliyindən nə dərəcədə ayrı bir təsisatdır. Hamı bilir ki, Ermənistanı Qarabağ klanı idarə edir. Və buradakı problemlərdən biri də odur ki, Azərbaycan hətta istəsə də, Xankəndində danışıq aparmağa tərəf müqabili tapa bilməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG