Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

«Bakıdakı beşmərtəbəli binalar üç ilə söküləcək»


«Moskvada istismar müddəti başa başa çatmış belə binalar artıq yenisi ilə əvəzlənib»
«Moskvada istismar müddəti başa başa çatmış belə binalar artıq yenisi ilə əvəzlənib»
«Yeni Müsavat» qəzeti yazır ki, Bakıdakı beşmərtəbəli binalar üç ilə söküləcək. Nəşrin məlumatına görə, Bakının Baş Planı ilə bağlı verilən açıqlamalarda dövlət rəsmiləri 1950-1960-cı illərdə istifadəyə verilmiş köhnə beşmərtəbəli binaların 2011-ci ilədək söküləcəyini bildiriblər:
Ekspertlər bunu belə əsaslandırırlar ki, artıq həmin binaların istismar müddəti çoxdan başa çatıb. Memarlıq və İnşaat Universitetinin professoru, memarlıq doktoru Nəriman Əliyev də mətbuata açıqlamasında sözügedən binaların sökülüb yenisi ilə əvəzlənməsini qaçılmaz sayıb. Öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sektor müdiri Feyzulla Quliyev beşmərtəbələrin 25 ilə nəzərdə tutulduğunu deyib. Moskvada belə binaların artıq söküldüyünü diqqətə çatdıran qurum əməkdaşı Azərbaycanda da artıq bu işin vaxtının çatdığını söyləyib:
«Moskvada istismar müddəti başa başa çatmış belə binalar artıq yenisi ilə əvəzlənib. Düşünürəm ki, beşmərtəbəli evləri alıb yerində göydələnlər ucaldan şirkətlər bunda maraqlı olacaqlar».
Mütəxəssisin fikrincə, Bakıda beşmərtəbələr mərhələ-mərhələ sökülməlidir. Müstəqil Memarlıq Assosiasiyasının prezidenti Zemfira Verdiyeva da istismar müddəti başa çatmış binaların sökülməsini vacib sayır. Onun fikrincə, «xruşşovka»lar heç bir standartlara cavab vermir. Memarın sözlərinə görə, paytaxtda məskunlaşmış əhalinin yarısı beşmərtəbələrdə yaşayır. Z.Verdiyeva sakinlərin yeni mənzillərlə təmin olunandan sonra köhnə binaların müasir tipli göydələnlərə əvəz olunmasının tərəfdarı olduğunu deyib.
«Azadlıq» qəzetində Xaliq Bahadır «Tut arağından Qarabağ probleminədək» başlıqlı məqaləsində Qarabağ münaqişəsinə toxunur. Yazır ki, uzun illərdir ATƏT-in Minsk Qrupu gəlir-gedir:
«Bu gəlib-getmələrdən bizə boş-boş sözlər, yalançı ümidlər, ermənilərsə işğal etdikləri torpaqlar, Qarabağ adında gözəllik, var-dövlət qalır. Deyəsən, hələ uzun illər belə olacaq, Minsk Qrupu, bu qrupun arxasında duran dövlətlər bizi hələ çox aldadacaq. Fransalı Fasye gəliş-gedişlərinin ən önəmli yönünü açıqladı, demək olar, belə: «Biz Qarabağa yalnız kabab yeməyə, tut arağı içməyə gəlmirik».
Çoxillik faktiki görsənişlər Fasyenin dediyini artıqlamasıyla doğruldur: Minsk Qrupu başqanlarının Qarabağ problemi ilə bağlı yolçuluğu araq içmək, kabab yemək üzərində qurulub. Sözsüz ki, ortada başqa nəsnələr də var, onlardan danışmırıq.
«Yeni Azərbaycan» qəzeti yazır ki, «Təhsil haqqında» qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyev:
«Mən «Təhsil haqqında» qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılmasında heç bir problem görmürəm. Müzakirələrin gecikməsini kiminsə adına yazmaq düzgün deyil. Milli Məclisin qanun layihəsini müzakirəyə çıxarmağa gücü çatmadığı isə boş söhbətdir. Sadəcə, dövlət büdcəsinin müzakirəsi getdiyi üçün belə vəziyyət yaranıb».
Komissiya sədri bildirib ki, 2009-cu ilin dövlət büdcəsi qəbul edildikdən az sonra parlament «Təhsil haqqında» qanun layihəsini müzakirəyə çıxaracaq:
«Uzağı büdcə qəbul ediləndən iki iclas sonra sənəd parlamentdə müzakirəyə çıxarılacaq».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG