Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:57

Məktəbdə döyüş


YouTube.com-dakı videoçarxdan görüntü
YouTube.com-dakı videoçarxdan görüntü
Atlantik okeanı bilsəydi ki, Göyçay məktəblisinin döyülməsinə səbəb olacaq, gəlib Şimal Buzlu okeanın yanında dayanardı. Göyçaydakı məktəblərdən birində coğrafiya dərsində okeanların yerini səhv salan şagirdin müəllim tərəfindən döyülməsini YouTube.com dan izləyə bilərsiniz. Bir az da axtarsanız, başqa bir məktəbdə müəllimlə şagirdin əlbəyaxa döyüş səhnələrinə də rast gələ bilərsiz.

«14-24»ün qonağı Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu video-roliklərə baxıb deyir ki, heç inzibati-amirlik dövründə də belə müəllim-şagird davaları sinifdə baş verməyib. Onun dediyinə görə, lövhə qarşısında dayanıb dərsi bilməyən 15 yaşlı şagirdin şapalaqlanması onu göstərir ki, bu müəllim öz yerində deyil. M.Mürşüdlü keçid yaş dövründə öz hərəkətlərini hələ nizamlaya bilməyən şagirdlə müqayisədə müəllimi qınayır.

Psixoloq Azad İsazadə də bu fikri paylaşır. Deyir ki, yeniyetməlik dövründə xüsusən oğlanlar maksimalist və daha nadinc olurlar:

«Onların hərəkətlərində aqressiya ola bilər, amma bu, o demək deyil ki, buna görə onlar döyülməlidir. Heç kim müəllimə belə bir hüquq verməyib».

Bakı məktəblərindən birində oxuyan Səid Ağayev deyir ki, dərsdən qaçanda şagirdi tutub gətirirlər və sinifin küncündə ayaqüstə saxlamaqla cəzalandırırlar:

«Mən də döyülmüşəm. Amma düşünürəm ki, müəllimin başqa çıxış yolu olmadığından belə edib. Əvvəlcə məni çağırıb başa salırdı, sonra görürdü ki, düzəlmirəm, çarəsiz qalıb döyürdü».

Səid deyir ki, şagirdlə müəllimlərin münasibətləri pozulandan sonra dərsə də həvəs qalmır:

«Məsələn, dərs vaxtı müəllim üzünü o tərəfə çevirəndə uşaqlar ona kağız atırlar. Hətta müəllimi söyənlər də olub dərsdə. Müəllim də onun cavabını söyüşlə qaytarıb, xətkeş də tullayıb üstünə».

Müəllimlə münasibətlərin davaya gəlib çıxmasından sonra psixoloji müalicə alan şagirdlər də var. Psixoloq Azad İsazadə deyir ki, belə şagirdlərdə həddən artıq qorxu yaranır:

«Müalicə alan uşaqlardan birində göz qırmaq, titrəmə meydana çıxıb. Məktəbə getməkdən qorxur, təzyiqə məruz qaldığı müəllimin dərsinə isə ümumiyyətlə gedə bilmir. Elələri də var ki, daha da aqressiv və döyülməyinin əvəzini çıxmağa çalışacaq qədər kinli olurlar».

Təhsil Nazirliyinin rəsmisi Bayram Hüseynzadə şagirdin məktəbdə döyülməsini qanunazidd hesab edir. Deyir ki, belə hallara çox az-az rast gəlmək olar:

- Dediyiniz formada video-rolikə bir dəfə baxmışam. Amma o hadisənin Azərbaycan məktəbində, yoxsa xaricdə baş verdiyini müəyyənləşdirmək olmazdı. Çünki orda nə bir ad yazılır, nə də başqa əlamətlər var».

- Həmin görüntülərdə səslər var. Bəzilərində müəllimlərin adları çəkilir. Üstəlik, məktəblərdən birinin Göyçayda olduğu bəllidir.

- Göyçayda 50 məktəb varsa, demək olmaz hansı məktəbdədir və hansı müəllimdir. Cəmiyyət belə halda aktiv olmalıdır. Döyülən şagirdin özü, valideyni aktiv olmalıdır. Əgər qanun pozuntusu varsa, müvafiq təşkilat qarşısında qaldırmalıdır. Təhsil Nazirliyi araşdırmamalıdır ki, hansı məktəbdə müəllim uşağı döyür. Əgər ünvan yoxdursa, burda heç bir hüquqi məsuliyyətdən söhbət gedə bilməz. Ünvan yoxdursa, biz hardan bilək bu, Azərbaycan məktəbidir? Bəlkə kimsə bizə ləkə yaxmaq istəyir?







XS
SM
MD
LG