Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Kramer «müsbət ismarışlar» deyəndə nəyi nəzərdə tutub?


İlham Əliyev Devid Krameri qəbul edir, 18 noyabr 2008
İlham Əliyev Devid Krameri qəbul edir, 18 noyabr 2008
«ABŞ da hakimiyyətə yeni administrasiya gəldiyi dövrdə Azərbaycan hökumətinin öz tərəfindən müsbət ismarışlar göndərməsi çox vacib olardı».

Bunu ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kramer «Azadlıq» radiosuna müsahibəsində bildirib.

Bəs, görəsən, indiki vaxtda Azərbaycan hakimiyyətinin verə biləcəyi müsbət ismarışlar nələrdən ibarət ola bilər?

«Far» İqtisadi və Siyasi Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, bu, hazırda ilk növbədə xarici radiostansiyalara yaradıla biləcək məhdudiyyətlərə yol verməməkdir:

«Xarici radiostansiyalar Azərbaycanda demokratiyaya xidmət edir. Jurnalistlər azadlığa buraxılmalıdır. Siyasi partiyalara fəaliyyət üçün imkan yaradılmalı və seçki şikayətləri araşdırılmalıdır. Daha sonra sərbəst toplaşmaq və din azadlığına imkan verilməlidir. Xaricdəki demokrat mühacirlərə amnistiya elan olunmalıdır».

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıyeva isə deyir ki, rəsmi Bakı ABŞ-la həm enerji məsələlərində, həm də anti-terror kampaniyaları çərçivəsində uğurla əməkdaşlıq edir. Onun sözlərinə görə, gənc və yenicə demokratik islahatlara başlayan Azərbaycan həm Qərblə, həm də Birləşmiş Ştatlarla demokratik məsələlərlə də bağlı əməkdaşlıqda maraqlıdır. Xanım Hacıyeva deyir ki, respublikaçıların dönəmində olduğu kimi, indi də Azərbaycan Birləşmiş Ştatlarla demokratiya məsələlərində əməkdaşlığı davam etdirəcək. Hikmət Hacızadənin dilə gətirdiyi gözləntilərlə bağlı isə millət vəkili bunları bildirir:

«Qeyd edilən problemlərin həllini sırf Amerika-Azərbaycan əməkdaşlığının nəticəsi kimi yox, Azərbaycanda gedən demokratikləşmə prosesinin nəticəsi ikimi görürəm. Çünki bu, cəmiyyətin, inkişafın tələbləridir».

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov da deyir ki, indi Azərbaycan hakimiyyəti Barak Obama administrasiyasına görə yox, demokratiyanı inkişaf etdirmək xatirinə müsbət ismarışlar verməlidir:

«Yəni Azərbaycan hakimiyyəti demokratik sistem yaratmaq istiqamətində ciddi siyasi iradə ortalığa qoymalıdır. Bu iradə isə yoxdur. Çünki vəziyyət çox ağırdır. Yalnız görüntü xatirinə mesajlarla iş bitmir».

E.Namazovun sözlərinə görə, siyasi iradə o zaman özünü göstərər ki, partiyalara bərabər mübarizə imkanları yaradılsın. Azad və ədalətli seçkilərin keçirilməsi üçün həm qanunverici baza, həm də real şərait dəyişdirilsin. Bununla belə, Eldar Namazov da düşünür ki, bu islahatlara həbsdə olan jurnalistlərin azadlığa buraxılmasından başlamaq çox yaxşı olardı.
XS
SM
MD
LG