Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:03

Ucuz maşın dalınca Almaniyaya, yoxsa Amerikaya?


Üç şirkətin rəhbərləri Nümayəndələr Palatasından kömək istəyəcəklər
Üç şirkətin rəhbərləri Nümayəndələr Palatasından kömək istəyəcəklər
Amerika deyəndə, bəziləri kompyuter başa düşür, bəziləri də demokratiya. Ancaq çoxunun nəzərində Birləşmiş Ştatlar maşın ölkəsidir.

İndi həmin Amerikada maşın şirkətləri istehsal etdiyi maşını sata bilmir, satış bu il 40 faiz azalıb. «General Motors», «Ford» və «Chrysler» kimi avtomobil nəhənglərinin düşdüyü ziyan üst-üstə 75 milyard dollardır. Hətta onların iflas ola biləcəyindən söhbət gedir.

Soruşa bilərlər ki, Amerikada maşın istehsalçılarının iflas ola bilməsi doğrudanmı qlobal problemdir?

Vaşinqton Universitetində marketinq və reklam üzrə professor Linda Maddoks deyir ki, hə. O sual edir ki, «General Motors»a dəyən külli miqdarda ziyanla məsələn, media arasında nə əlaqə ola bilər? Ancaq cavab verir ki, əlaqə var. Amerikada, bəlkə də dünyada mediada reklama ən çox pul verən «General Motors»dur.

Maddoks deyir ki, avtomobil düzəldənlərin iflası domino effektinin başlanğıcı ola bilər. Əgər bir və ya bir neçə avtomobil istehsalçısı iflas olsa, təkcə maşın düzəldən on minlərlə adam iş yerini itirməyəcək, əlaqədar bizneslər domino daşları kimi yıxılacaq.

«Chrysler»in rəhbəri Robert Nardelli vəziyyəti belə izah edir ki, maliyyə böhranı ilə kredit bazarı donub, işləyən orta amerikalı maşın üçün kredit ala bilmir, ona görə satış azalır. «Chrysler»in təkcə bir aylıq maaş, pensiya, səhiyyə və s. xərcləri və yardımçı şirkətlərə ödənişləri isə 5 milyard dollardır.

İndi bu böyük üçlük hökumətdən 25 milyard dollar yardım istəyir ki, iqtisadi fəlakətdən qurtara bilsin.

Üç şirkətin rəhbərləri Nümayəndələr Palatasından kömək istəyəcəklər. Noyabrın 18-də isə Senatın Bank Komissiyasında onlar bildiriblər ki, hökumət avtomobil sənayesini məhv olmağa qoysa, bunun ölkə üçün çox ciddi nəticələri olacaq. Amerika boyu dəyəcək zərəri milyonlarla iş yerinin itiriləcəyi kimi proqnozlaşdıranlar da var.

Ancaq Vaşinqtondakı «Heritage Foundation»da sənaye təhlilçisi Ceyms Qattuzo bununla razı deyil:

«Mən dağıntını minimallaşdırmaq istəmirəm, ancaq 5 milyon iş yerinin itiriləcəyi proqnozu ilə də razı deyiləm. Ziyanı şişirdirlər».

Ceyms Qattuzo deyir ki, Amerikada maşın düzəldənlərin hökumətdən kömək istəməsi qeyri-adi görünür, ancaq bu, Birləşmiş Ştatlarda belədir. Yaponiyanın və Avropanın avtomobil istehsalçıları öz hökumətlərindən həmişə yardım alırlar. Amerikada niyə belə olmasın?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG