Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

«Azadlıq» radiosunun böyük tərəfdarı və dinləyicisiyəm»


Devid Kramerin «Azadlıq» radiosuna müsahibəsi
Devid Kramerin «Azadlıq» radiosuna müsahibəsi
Noyabrın 18-də ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kramerin Azərbaycana səfəri başlayıb. Səfər ərəfəsində belə fikirlər səslənib ki, Amerika və Avropa Azərbaycanın balanslaşdırılmış siyasətinin nəyə hesablandığını dəqiqləşdirmək istəyir. Artıq cənab Kramer Bakıda siyasi partiyaların təmsilçiləri ilə görüşüb.

Devid Kramer «Azadlıq» radiosuna müsahibəsində deyib ki, onlar müəyyən məsələlərlə bağlı narahat imiş. Xüsusilə də bu narahatlıq mətbuat azadlığı, ilk olaraq da həbsdə olan jurnalistlərlə bağlıdır:

«Həmçinin MTRŞ tərəfindən dekabrda xarici radiostansiyaların yayımının dayandırılması ilə əlaqədar eşitdiklərimiz də bizi narahat edirdi. Mən «Azadlıq» radiosunun böyük tərəfdarı və dinləyicisiyəm. Onu da deyim ki, bu radio nəinki Azərbaycanda, dünya üzrə böyük iş görür. Artıq prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmişəm. O cümlədən də cənab Ramiz Mehdiyevlə görüşmüşəm. Xarici radiostansiyaların yayımı ilə bağlı onu deyə bilərəm ki, biz öz tərəfimizdən bu yayımın davam etdirilməsinin tərəfdarıyıq. Və biz Azərbaycan hökuməti ilə bu yayımın hansı üsullarla davam etdirilməsinə dair müzakirələr, məsləhətləşmələr aparacağıq. Sözsüz ki, həll yolu da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə olacaq».

Görüş iştirakçılarının dediyinə görə, qonaq ABŞ-ın Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda üç məsələdə - enerji təhlükəsizliyi, sabitlik və demokratiya sahəsində maraqlı olduğunu xüsusi vurğulayıb. O deyib ki, bu üç ayaqlı masaya bənzəyir. Ayaqlardan biri o birilərdən geri qalarsa, masanın dayanıqlığı təmin edilə bilməz.

«Ümid» Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyir ki, cənab Kramerin dediklərindən də bəlli olur ki, enerji təhlükəsizliyi və sabitlik məsələsi ilə müqayisədə demokratiya və insan haqları sütunu zəifdir:

Devid Kramerin yerli media nümayəndələri ilə görüşü
«Bu problem var və ABŞ tərəfi bunun fərqindədir. Bunu həm bizim çıxışlarımızda, həm də özlərinin yanaşmasında hiss etdirirdilər».

İ.Ağazadənin sözlərinə görə, Devid Kramerin Azərbaycana bu səfəri keçirdiyi görüşün formatına görə əvvəlkilərdən fərqlənir. Çünki bu dəfə o, daha çox siyasi partiya təmsilçiləri ilə görüşüb və hamının fikri dinlənilib. Görüşdə Azərbaycanda prezident seçkisindən sonra siyasi partiyaların vəziyyətinə, Cənubi Qafqazdakı proseslərə, Dağlıq Qarabağ problemi və digər məsələlərə də önəm verilib.

YAP icra katibinin müavini Mübariz Qurbanlının sözlərinə görə isə, amerikalı qonaq bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanla sıx əməkdaşlıq edir, ölkəsinin Azərbaycan hakimiyyəti ilə münasibətləri normal məcrada inkişaf edir:

«Görüşdə müxalifət nümayəndələri Amerikanın guya öz maraqları naminə Azərbaycanda demokratiyanın inkişafına az diqqət yetirməsini iddia edirdilər. Amma əslində Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin hansı vəziyyətdə olması ölkədə demokratik inkişafın səviyyəsini həll etmir. Azərbaycanda demokratiya başqalarına xoş gəlmək üçün inkişaf etdirilmir. Bu, Azərbaycan dövlətinin seçimidir».

Mübariz Qurbanlı deyir ki, Azərbaycan öz xarici siyasətində milli maraqlarına uyğun balanslı siyasətə üstünlük verir. Və bu, Corc Buş adminstrasiyası üçün məlum məsələ idi. Ona görə də Azərbaycanın hansısa ölkənin yanında olması termini mahiyyət etibarı ilə düz deyil. O ki qaldı Azərbaycanı avtoritar ölkə adlandıran müxalifət təmsilçilərinin dediklərinə, avtoritar ölkələrdə müxalifətin bu qədər mediası və bu mediada hakimiyyət barədə istədiyini deməsi mümkün olmazdı.

Devid Kramerin «Azadlıq» radiosuna müsahibəsi
«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirir ki, ABŞ artıq yeni prezidentini seçib. Yeni adminstrasiya mühüm postlara öz nümayəndələrini təyin etmək ərəfəsindədir. Ona görə də ola bilsin ki, Dövlət Departamenti tərəfdaş ölkələrlə münasibətləri nəzərdən keçirir. Bu məqsədlə də yəqin ki, təmsilçilərini bölgə ölkələrinə səfərə göndərir. Bu baxımdan cənab Kramerin Azərbaycana səfəri çox əhəmiyyətlidir. Çünki ölkədə demokratiya və insan haqları sahəsində problemlər hələ də qalmaqdadır.

Elxan Şahinoğlu hesab edir ki, əgər Birləşmiş Ştatlar Azərbaycanda demokratik prinsiplərə önəm verdiyini təsdiqləmək və buna cəmiyyəti inandırmaq istəyirsə, ilk növbədə ölkədə fəaliyyət göstərən xarici radiostansiyaların FM tezliyindən məhrum edilməməsi üçün cəsarətli addım atmalıdır. Ola bilsin ki, Devid Kramerin Bakı səfərində bu məsələ də əsas yer tutur.

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Devid Kramerin Azərbaycana səfəri noyabrın 19-da başa çatır.
XS
SM
MD
LG