Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

«Siyasi partiyaların əhəmiyyətini YAP müəyyənləşdirə bilməz»


«Hakimiyyət bütün məsələlərdə olduğu kimi, bu məsələdə də dar çərçivədən, Əliyevlərin maraqlarından çıxış etməyə çalışır»
«Hakimiyyət bütün məsələlərdə olduğu kimi, bu məsələdə də dar çərçivədən, Əliyevlərin maraqlarından çıxış etməyə çalışır»
«Bəzi partiyalar ayrı-ayrı səfirliklərin, beynəlxalq təşkilatların qapısını kəsib onlardan maliyyə alırlar. Ona görə də onlara işləmək məcburiyyətində qalırlar. Siyasi partiyalar xarici səfirliklərin qapısını kəsdirməkdənsə, Maliyyə Nazirliyinin qapısını kəsdirsə daha yaxşı olar…»
Yeni Azərbaycan Partiyasından millət vəkili Səyavuş Novruzov belə deyir. Onun siyasi partiyaların maliyyələşməsi məsələsinə toxunması təsadüfi deyil. Elə parlamentin sədr müavini Bahar Muradova da bildirib ki, siyasi partiyalar haqqında yeni qanuna ehtiyac var. Xüsusilə də orada siyasi partiyaları dövlətin maliyyələşdirməsi məsələsi öz əksini tapmalıdır. Ancaq xanım Muradova deyib ki, bu zaman ciddi şərtlər müəyyən edilməlidir. Onun sözlərinə görə, dövlət cəmiyyətə xeyri dəyməyən partiyaları maliyyələşdirə bilməz.
Bahar Muradovanın fikrincə, bu zaman seçkilərin nəticələri nəzərə alınmalıdır. Vitse-spiker deyib ki, son prezident seçkisində uduzduqlanını etiraf edənlər konstruktiv, həqiqətin gözünə dik baxan partiyalardır. Bu, onların məsələlərə real münasibətindən xəbər verir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, Azərbaycanda son 15 ildə azad və ədalətli seçkilər keçirilmədiyindən partiyaların maliyyələşməsində seçkilərin nəticələrinin əsas götürülməsi ədalətli bölgü deyil. Üstəlik, o, hesab edir ki, siyasi partiyaların cəmiyyət üçün əhəmiyyətini YAP funksionerləri müəyyənləşdirə bilməz:

«Bu ideya beynəlxalq təşkilatlardan gəlir. Ancaq indi hakimiyyət bütün məsələlərdə olduğu kimi, bu məsələdə də dar çərçivədən, Əliyevlərin maraqlarından çıxış etməyə çalışır. Ona görə də vurnuxma davam edir və ortaya hələ ki, konkret layihə qoyulmayıb».
İsa Qəmbər hesab edir ki, partiyaların maliyyələşməsində tək seçkilərin nəticələri yox, həm də onların real gücü, yerlərdəki təmsilçilik imkanları nəzərə alınmalıdır.
Siyasi partiyaların maliyyələşməsi variantları ilə bağlı bəzi müstəqil hüquqşünasların rəyləri isə həm hakimiyyət rəsmilərinin, həm də müxalifət partiyalarının mövqelərindən xeyli fərqlənir. Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun sözlərinə görə, indi hakimiyyət rəsmilərinin mediada əks edilən fikirlərindən bu nəticəyə gəlmək olur ki, onlar siyasi partiyalara fərqlər qoymaq niyyətindədirlər. Bu da hakimiyyətə yaxınlığı ilə seçilən partiyaların süni şəkildə gücləndirilməsinə gətirib çıxara bilər. H.Həsənov deyir ki, bütün bunların baş verməməsi üçün ilkin olaraq hər bir siyasi partiya üçün start vəziyyət müəyyən edilməlidir:

«Yalnız bundan sonra siyasi partiyaların gücünə, onların ədalətli seçkilərdə yığdıqları səslərə keçmək olar. Bu, ciddi araşdırılası və öyrəniləsi məsələdir».

Hafiz Həsənov deyir ki, məsələyə bu şəkildə yanaşmadan yalnız dövlət və siyasi partiyaların özləri yox, elə cəmiyyət də qazanar. Əks halda isə bundan hakimiyyət və onun yedəyində olan siyasi qüvvələr bəhrələnəcəklər.
XS
SM
MD
LG