Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:52

Tarixin azadlığı, yoxsa azadlığın tarixi?


20 il bir insanın həyatı üçün böyük müddətdir, millətin tarixi baxımından isə bu, heç bir an da deyil
20 il bir insanın həyatı üçün böyük müddətdir, millətin tarixi baxımından isə bu, heç bir an da deyil

İlk baxışda bu sualın arxasında günümüzün acı həqiqəti dayanır. Bu gün nə tarix azad deyil, nə də əsl azadlığın tarixi olduğu kimi yazılmır. Dünyada akademik araşdırmalar azadlığı deyilən anlayış var. Bu, o deməkdir ki, tədqiqatçı azaddır, ancaq mənbəyə istinad edə bilər və tarixi həqiqəti olduğu kimi çatdırar. Bəs bizdə necədir? Əsl tarixi yazmaq mümkündürmü? Bununla bütün tarix elmini əhatə etmək fikrində deyilik. Söhbət son illərin, xüsusən də ən son illərin tarixindən gedir. Yox, bu tarixi olduğu kimi yazmaq mümkün deyil. Bunu peşəkar tarixçilər də etiraf edirlər. Milli azadlıq hərəkatının tarixi az qala YAP-ın tarixi kimi təqdim olunur.

Dirçəliş Günü oldu. Telekanallar ABŞ-da, İndoneziyada, Avstraliyada və başqa ölkələrdə daşqınlardan, sellərdən danışandan sonra bir az da bu məsələyə toxundular. Sadəcə, yada saldılar.
Amma bu Azadlığın tarixi idi axı! Hanı o vaxt səslənən şüarlar, söylənən fikirlər, dilə gətirilən arzular? Onların heç biri yoxdur! Bəli, Azərbaycan müstəqil dövlətdir! Məgər Özbəkistan və yaxud Türkmənistan müstəqil deyil? Axı söhbət təkcə dövlət müstəqilliyindən getmir! Qarabağ söhbəti vardı! Demokratiyadan danışırdılar! Azərbaycanın, nəhayət öz neftinə sahib çıxacağından söhbət gedirdi! Sahib oldu? Bəs nəticəsi? Adi bir misal. Bu gün hətta nefti olmayan keçmiş sovet ölkələrinin bir qismi sovet banklarında qalmış əmanətləri qaytarırlar. Bizdə isə bu haqda hələ söhbətlər gəzir. Gürcüstanla beş illik qaz müqaviləsi imzalanıb, amma Bakıdan 100 km aralıda yerləşən rayonlarda əsl qaz qıtlığı yaşanır. Bütün dövrlərdə sualların cavabı olur.
Əvvəllər deyirdilər ki, Azərbaycanın sərvətlərini Rusiya mənimsəyir! Bəs indi? Bəs indi kim mənimsəyir? Niyə bu sərvət millətə çatmır?
YAP insanları inandıra bilmir. İnsanlar şübhələrlə, tərəddüdlərlə yaşayırlar. Düzdür, əl çalırlar, alqışlayır. Amma bütün bunlar həm tanış sindromdur, həm də müvəqqətidir...
İndi məlum olur ki, xoşbəxt olmaq üçün təkcə milli sərvətlərə malik olmaq və formal müstəqillik çox azdır. Başqa daha nəsə lazımdır. Nədir o? Azadlıq! Azadlıq olanda ədalətli bölgü də olur, millətə cavabdeh hökumət də. İndi bunların heç biri yoxdur.
Bu gün azadlığı, tarixi yaradanlar da, yazanlar da eyni yükün altındadırlar, hamısı təqib olunur. Partiyalara psevdo-yardım planlaşdırırlar. Mətbuat üçün büdcədən pul ayırmaq fikrindədirlər. Eyni zamanda da jurnalistlər həbsdə yatmaqda davam edirlər. Partiyaların çoxunun mənzil- qərargahı yoxdur!
Təzad deyilmi bu? Hətta Konstitusiya da hakimiyyət məsələsinə görə diskussiya predmetinə çevrilib! Biri deyir dəyişək, o birisi isə buyurur ki, hələ bir az gözləyək!
Telekanalların birinin keçirdiyi sorğuya görə respondentlərin 37 faizi özünü bu ölkədə azad hiss etmir. Təbii ki, bu, insanların bir qismini, yəni həmin verilişə baxan tamaşaçıların bir hissəsini əhatə edir. Üstəlik, insanların özləri də son vaxtlar açıq fikir söyləməkdən, rəylərini azad şəkildə ifadə etməkdən ehtiyat edirlər. Total qorxu sindromu ildən – ilə güclənir. Qorxu, xof getdikcə azadlıq hissini sıxışdırır.
Jurnalistlərdən biri maraqlı fikir demişdi: «Mərhum Elmar Hüseynovun qətlindən sonra hər bir jurnalistin ürəyində böyük bir senzor oturub!» Bu sözlərdə böyük həqiqət var. Azərbaycana gəlib jurnalistləri öyrətməyə çalışan əcnəbi ekspertlər isə bu boyda həqiqəti görməkdənsə, «etik jurnalistika» haqqında mühazirələr oxumaqdan yorulub usanmırlar. İndi daha bir termin meydana çıxıb – «tənqidçi jurnalistika!» Bəs əslində əsl jurnalistika necə olmalıdır? Çində, Türkmənistanda, Belarusda da qəzetlər çıxır! Demək olarmı ki, bu ölkələrdə söz azadlığı var?!
Azərbaycanda azadlıq hələ öz tarixini yazmayıb. Bəlkə baş verənlər heç təsadüf də deyil. 20 il bir insanın həyatı üçün böyük müddətdir, millətin tarixi baxımından isə bu, heç bir an da deyil. İnamsızlıq, tərəddüd böyük psixoloji faktordur. YAP insanları inandıra bilmir. İnsanlar şübhələrlə, tərəddüdlərlə yaşayırlar. Düzdür, əl çalırlar, alqışlayır. Amma bütün bunlar həm tanış sindromdur, həm də müvəqqətidir. Elə bu səbəbdən də bütün alternativ informasiya mənbələrini məhdudlaşdırmaq istəyirlər. Fikir verin, telekanalların, demək olar ki, hamısı eyni şeyi göstərir, eyni şey haqqında danışırlar.
Burada adam mərhum yazıçı Çingiz Aytmatovun məşhur əsərini xatırlamaq istəyir. Amma əbəs cəhddir. Milyon il bundan əvvəlki tarixi də izləmək olar. İllər, əsrlər boyu azadlıq genişlənməkdə davam edib. Totalitar utopiyalar uzağı bir neçə il çəkir. Düzdür, çətin olur. Azadlığın tarixini yaratmaq və yazmaq hələ də Azərbaycanın qarşısında duran məsələdir. Amma başqa yol da yoxdur. İnsanın bir qisməti var – o da azad olmaqdır!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG