Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

«Xarici radiolara qadağa qoyan Avropa standartı yoxdur»


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
«Xarici radiolara qadağa qoyan Avropa standartı yoxdur». Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibəsində belə deyib.

Cənab Semnebiyə ilk sualımız onun Azərbaycandakı son prezident seçkisinə münasibətiylə bağlı oldu. Seçki dövründə o da Azərbaycana səfər etmişdi.

- Mənim şəxsi müşahidələrim Naxçıvan bölgəsinin kiçik bir hissəsində keçirilən seçkilərə əsaslanır. Həmin dövrdə mediaya verdiyim açıqlamada bildirdiyim kimi, seçki yaxşı təşkil edilmişdi və sakit keçdi. Mənim bəzi müşahidələrim sonradan ATƏT-in müşahidə missiyasının hesabatında əksini tapdı. Əlbəttə, seçkidə bəzi texniki və başqa problemlər oldu ki, onlar qabardılmalı və həll edilməlidir ki, növbəti seçkilərdə təkrarlanmasın. Təəssüf ki, bu, elə bir seçki idi ki, namizədlərdən biri - fəaliyyətdə olan prezident xeyli dərəcədə dominant idi. Azərbaycandakı seçkidə Ermənistan və Gürcüstandakı seçkilər qədər rəqabət olmadı.

- Siz özünüz İsveçdənsiniz. Bir anlıq təsəvvür edək ki, belə bir seçki İsveçdə keçirilib. Belə bir şeyi təsəvvür edə bilərsinizmi, yoxsa bu, qüsurlu müqayisədir?


- Bunlar bir-birindən fərqli kontekstlərdir.

- Amma İsveç xalqı belə bir nəticəni qəbul edərdimi?

- Mən düşünmürəm ki, bu, anologiya məhsuldar ola bilər. Burada tarixi və mədəni kontekstlər fərqlidir. Azərbaycan 100 illik demokratik seçki tarixinə malik ölkə deyil.

- Azərbaycan Avropa Birliyi ilə yeni qonşuluq sazişi imzalayıb. Sazişdə əsas məqamlardan biri də Azərbaycanın demokratikləşmə sahəsində islahat aparması, azad və ədalətli seçkilərin keçirilməsidir. Sizcə, Azərbaycanın davranışı bu standartlara uyğundurmu?

- Bir yandan həllini gözləyən xeyli məsələlər var və ATƏT-in seçki ilə bağlı hesabatında həmin məsələlər qabardılıb. Digər tərəfdən onu da deməliyəm ki, hökumət həmin çatışmazlıqların aradan qaldırılması, meyarlara uyğun davranılması, seçkilərin demokratik cəmiyyətdə xalqın iradəsinin ifadəsi olmasının mühümlüyünü anlayır.

- Avropa Birliyinin Azərbaycanla dialoqunun bir hissəsi də söz azadlığı ilə bağlıdır. Yəqin bilirsiniz ki, Azərbaycanda Milli Televiziya və Radio Şurasının xarici radiostansiyalarla bağlı bir planı var. Həmin plan faktiki olaraq BBC, «Amerikanin səsi» və «Azadlıq» radiolarını yerli tezliklərdən məhrum etməyə yönəlib. Şura bu planı beynəlxalq təcrübə ilə əsaslandırır. Avropada belə bir təcrübə varmı?

- Belə bir Avropa standartı yoxdur ki, əcnəbinin radiostansiya açmasına və tezlik əldə etməsinə mane olsun. Bizim mövqeyimiz budur ki, media sahəsində plüralizmin olması vacibdir. Bu, azad mətbuat tarixi qısa olan ölkələrdə daha mühümdür. Belə bir vəziyyətdə medianın fəaliyyətini məhdudlaşdıran qərarın qəbul edilməsinin mənfi nəticəsi ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG