Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Yanacağın qiyməti yenidən artırılsa…


«Yanacağın qiyməti qalxsa, hər şeyin qiyməti artacaq»
«Yanacağın qiyməti qalxsa, hər şeyin qiyməti artacaq»
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin yanacağın qiymətinə yenidən baxıla biləcəyi haqda fikirləri ölkədə bu strateji məhsulun qiymətinin artırılacağı barədə ehtimalları gücləndirib. Cənab Abdullayev bu ehtimalı Azərbaycanda dünyanın bir sıra ölkələri ilə müqayisədə yanacağın qiymətinin aşağı olması fikri ilə əsaslandırıb. Bu fikrin nə dərəcədə düz olub-olmadığına keçməzdən əvvəl yanacağın qiymətinin yenidən qaldırılacağı haqda ehtimallara sadə vətəndaşların rəylərini təqdim edək:

- Çox pis baxırıq. Bu, «yıxıl öl» deməkdir. Gözləri doymaq bilmir.
- Yanacağın qiyməti qalxsa, hər şeyin qiyməti artacaq.
- Əgər maaşları artırsalar, ciddi problem olmaz.
- Dünyada yanacağın qiyməti ucuzlaşır, biz isə artırmaq istəyirik.

Müstəqil iqtisadçı Azər Mehtiyev isə deyir ki, Azərbaycanda yanacağın qiyməti neft hasil edən ölkələrin əksəriyyətindən yüksəkdir. O, inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə ölkədə yanacağın qiymətinin aşağı olmasına toxunaraq deyir ki, həmin ölkələrdə əhalinin əməkhaqqı çox yüksəkdir. A.Mehtiyev rəsmilərin yanacağın qiymətinin artırılması istiqamətində arqumentlərini absurd sayır:

- Burda məntiq axtarmaq lazım deyil. Onlar neftin qiymətinin aşağı düşməsindən yaranan itkilərin yerini əhalinin hesabına doldurmaq istəyirlər.

Azər Mehtiyev deyir ki, hökumətin qiymət islahatı haqda proqnozları da özünü doğrultmur. İqtisadçının sözlərinə görə, iki il əvvəl yanacağın qiyməti artırılarkən hökumət rəsmiləri bəyan etmişdilər ki, bu, ümumilikdə qiymət artımı ilə müşahidə edilməyəcək. Ancaq onun fikrincə, nəticədə ümumilikdə qiymətlər birdən-birə 25-30 faiz yüksəldi. A.Mehtiyev deyir ki, indi yanacağın qiyməti artırılsa, bu, ölkə iqtisadiyyatını tamamilə böhrana salar və inflyasiyanın qarşısını almaq mümkün olmaz. İqtisadçının sözlərinə görə, həmin qiymət artımı vaxtı beynəlxalq təşkilatlar ARDNŞ-in şəffaflığı artırıb, islahatlara gedəcəyini düşünürdü. Onun fikrincə, hələ ki, gözlənilən islahatlar da həyata keçirilməyib.

Parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov da indiki halda yanacağın qiymətinin artırılmasına ehtiyac görmür:

- Bütün dünyada neftin qiyməti ucuzlaşır. Neftin qiyməti ucuzlaşanda, neft məhsullarının qiymətləri də düşür. Mən bu arqumenti qəbul etmirəm.

V.Əhmədov bütün bu söz-söhbətlərə baxmayaraq, Azərbaycanda yaxın vaxtlarda yanacağın qiymətinin artırılacağına inanmadığını deyir. Onun fikrincə, nə dünyada, nə də Azərbaycanda gedən proseslər bunu zəruri edir.

Azərbaycanda qiymət islahatı əsasən yeni ilin başlanğıcında həyata keçirilir. Yeni ilə isə cəmi bir ay qalıb. Hər halda bu məsələ ilə bağlı nəyin necə olacağı yaxın vaxtlarda üzə çıxacaq.
XS
SM
MD
LG